Həmin gecə iblislərin əsəri idi. Zaman keçdikcə o gecənin yeddi qat qıfıl altındakı indiyədək bilmədiyimiz hansısa sirləri də açılacaq, böyük məkrin xeyli naməlum ayrıntıları da üzə çıxacaq. Biz o gecənin içindən keçib gəlmişik. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, onun ardınca yaşanan həyəcan dolu günlər yalnız o hadisələrin şahidlərinin ömrünün anları deyil ki! O günlər lap çoxdan bütöv millət tarixinin ibrətli səhifələrinə çevrilib.
Dönə-dönə qayıdılmalı, dərslər alınmalı, hər anı müdam anılmalı, heç vəchlə unudulmamalı kədərli və şərəfli tarix.
Yıxılabilməz, çökdürülməz hesab edilən Sovet İttifaqının beli o gecə sındı. Əslində SSRİ-nin dağılması da, bizim və 70 il sovet pəncəsində yaşamağa məhkum qalmış digər respublikaların müstəqilliyinin səhəri də o gecədən açıldı. İstiqlal salnamələri heç vaxt yalnız mürəkkəblə, qələmlə, ya indinin digər çevik vasitələriylə - rəqəmsal söz qeydəalma ilə yazılmaz. Millətlərin yaddaşına və ürəyinə həkk olunan istiqlal tarixçələrinin hansını açsan, orda şəhid qanlarından, qəhrəman ruhlardan nişanə taparsan.
Hər gecə müstəqil Azərbaycanda, rahat evinizdə, hətta lap narahat bir komada, amma sahibinin özünüz olduğunuz müstəqil bir yurdun içərisində yuxuya dalmazdan öncə canını bu istiqlal naminə qurban verərək əbədi uyğuya dalmış tanıdığınız və tanımadığınız bütün Vətən övladlarını sayğıyla xatırlayın. O gecəki yuxunuz və bütöv həyatınız halalınız olsun deyə onları anmağı unutmayın.
Müdam yad edilməlilərin şərəfli qatarında 1990-cı il 20 yanvar gecəsi qurbanlarının da əziz surətləri var.
Hər millətin var olduğu müddətcə çata biləcəyi ən ali səadət, qazana biləcəyi ən əziz nemət onun istiqlalı, dövlət müstəqilliyidir. Bir çiçək boy atsın, bir ağac dikəlsin deyə ona su gərəkdir. Bu, təbiətin qanunudur. Ancaq insanlıq tarixində başqa bir yazılmamış kədərli qanunauyğunluğu da var: azadlıq ağacları, istiqlal çiçəkləri qanla sulanmadan nə bəhrə verər, nə ucalar. Tarixi vərəq-vərəq çevirdikcə çeşidli dövrlərdə və ən müxtəlif xalqlarda istiqlala gedən yolun həmişə enişli-yoxuşlu olduğuna şahid kəsiləcəksiniz. Bu yol heç vaxt qurbansız olmayıb. Böyük istiqlalı öz qələbəsi hesab edənlər, onu öz adına yazmaq istəyənlər həmişə tapılıb. Ancaq bu da tarixin isbat etdiyi başqa həqiqətdir ki, istiqlalın əsl müəllifi həmişə xalq olur. Çünki onun yolunda qanı tökülən də, onun uğrunda qurban gedən də həmişə xalqdır. Azərbaycan nə xoşbəxtdir ki, dünyanın və öz tarixinin ən təlatümlü, ən hadisələrlə dolu parçasını - XX yüzili suveren dövlət kimi başa vurdu və XXI əsrin ilk onillərini müstəqillik içərisində, istiqlal qoynunda yaşamaqda davam edir.
İstiqlal neməti Azərbaycana XX yüzildə üç dəfə nəsib olub. 1918-ci ilin 28 mayında Azərbaycan müstəqillik bayrağını ucaltdı. 1945-ci ilin 21 azərində (12 dekabrında) Cənubi Azərbaycanda azadlıq bayrağı qaldırıldı. 1991-ci ildə Azərbaycan yenə 1920-ci ilin aprelində itirdiyi, 70 il həsrətini çəkdiyi istiqlalına yenidən qovuşdu və 34 il əvvəlin oktyabrından başlayan müstəqillik yolumuz bu günədək davam edir, ən böyük arzumuz, ümidimiz və inamımız da həmin bəxtiyarlığın sonsuza qədər baş almasıdır.
Ancaq millət təqviminin müstəqillik, istiqlal tarixçələrini izlədikcə onu da görürük ki, bu yol pozulmaz, itibgetməz qan ləkələri ilə doludur.
1918-ci ilin 28 mayında o istiqlala qanlardan keçərək, saysız qurbanlar verərək gəldik. 1918-ci ilin mart günlərində Bakı al qana bürünmüşdü. Ermənilər və bolşeviklər əlbir olaraq Azərbaycan xalqına qarşı ən qəddar soyqırımını törətmişdilər. Bunun səbəbi yalnız o deyildi ki, ermənilər azərbaycanlıların qanına susamışdılar. Dərində gizlənən və başlıca səbəb Azərbaycanın istiqlal astanasında olmağı idi. Azərbaycanın müstəqilliyə əlçatacaq qədər yaxınlaşması aşkar idi və bolşevizm erməniçiliyin əli ilə o istiqlalın qarşısını almaq, başında bu sevda olan xalqa bəri başdan göz dağı vermək, onun ruhunu sındırmaqçün həmin soyqırımını törətmişdi.
1920-ci ilin aprelində Milli Cümhuriyyətimiz süqut etdi, Azərbaycanda bolşeviklər hakimiyyətə gəldi. Ancaq istiqlal sevər, millət bu acı gerçəkliklə barışmaq istəmirdi. 1920-ci il mayın son həftəsində Gəncədə xalq üsyana qalxdı. Cahangir bəy Kazımbəylinin, Sarı Ələkbərin, Qaçaq Qəmbərin rəhbərlik etdiyi xalq qüvvələri Gəncədə sovet hakimiyyətini devirdi, yenidən istiqlalın bayrağını qaldırdı, Gəncə Azərbaycanın yeganə guşəsi oldu ki, burada mayın 28-də Cümhuriyyətimizin ikinci ildönümü qeyd edildi. Bolşevizm istiqlalın bu qayıdışını qəddarcasına boğdu, bütün Gəncəni al qana boyadı, minlərlə şəhidlər verdik. İndinin indisinəcən bolşevik ordusunun o vaxt açdığı atəşlərin çapıqları Gəncənin köhnə binalarının divarlarında qalmaqdadır.
1945-ci ilin 21 azərində - dekabrın 12-də Güney Azərbaycan xoşbəxt idi, Ərdəbil, Marağa, Xoy, Zəncan səadətlə çağlayırdı, Seyid Cəfər Pişəvəri və onun mərd fədailəri Təbrizdə müstəqillik bayrağını qaldırmışdılar, istiqlal elan etmişdilər. Ancaq Quzeydə qazanılmış müstəqilliyin ömrü 23 ay çəkmişdisə, Güneydəki istiqlal daha gödək oldu, vur-tut bir il çəkdi. Düz 12-ci ayın tamamında, yenə Azər ayının 21-də 1946-cı ildə Amerikanın dayaq durduğu şahlıq Zöhhak amansızlığı ilə Təbrizdə qanı su yerinə axıtdı, Güney Azərbaycanda Milli Hökumət devrildi, istiqlalı beşikdəcə boğuldu və Cənubdakı müstəqilliyimizə, bu millət dikbaşlığına əzazilcəsinə cəza verildi. Minlərlə insan gülləyə tutuldu, dar ağaclarından asıldı, on minlərlə insan sürgünlərə göndərildi, nə qədər ailələr pərən-pərən oldu, bir neçə nəslin ömrü uzunluqlu mühacirlik başlandı.
Zaman öz gedişində idi. Məşəqqətlər, ölümlər, zindanlar, sürgünlər, mühacirətlər Azərbaycan insanının könlündəki istiqlal alovunu söndürəcək gücdə deyildi - Güneydə də, Quzeydə də.
Sovetin ən mənəm-mənəm çağlarında, qılıncının sağa-sola kəsdiyi ən bulanıq zamanlarda da azadlıq eşqi bu millətin içərisində daim diri idi. Həm də yalnız vətəndən uzaqlarda, mühacirətdə yox, elə Sovet Azərbaycanının içərisində də. Vətən eşqli, azadlıq sevdalı dəliqanlı cavanlar gizli antisovet təşkilatlar düzəldirdilər, Lenin abidələrinin və Sovet bayrağının SSRİ-nin dörd bucağında, o sıradan, Azərbaycanın hər yerində ucaldığı çağlarda yurdumuzun mərd balaları, 1957-ci ilin 28 mayında Qız qalasının üzərində Azərbaycanın üçrəngli bayrağını da ucaltmışdılar.
Və 70 il həsrətdən sonra Azərbaycan yenə müstəqilliyinə çatdısa, yenə istiqlalına qovuşdusa, heç kəs deməsin ki, elə bu tarixin gedişi ilə öz-özünə baş verdi. İstiqlalımız yenidən qayıtdısa, müstəqilliyimizə təzədən qovuşduqsa, bunun əsas səbəbi Sovetin qılıncının başımız üstündə asılı qaldığı 70 il boyunca bir an belə sönmədən ürəklərdə şölələnməkdə davam edən azadlıq ocağı idi.
1980-ci illərin sonlarında Bakıda Azadlıq meydanı adı almış məkanda insan dənizi çağlayırdı, millət yenə istiqlal diləyirdi, xalq müstəqillik arzusuyla ayağa qalxmışdı. "Azadlıq!", "Müstəqillik!" çağırışlarının zirvəsi 1989-cu ilin 31 dekabrında gəlib çatdı. Həmin gün Araz çayının tikanlı məftillərlə çəpərlənmiş o tayında və bu tayında qardaşlar üz-üzə dayanmışdılar. Həmin gün, qəlbi azadlıq eşqi ilə çırpınan otaylı və butaylı azərbaycanlıların, ayrılıq rəmzinə çevrilmiş Araz çayı üzərindəki zəfər anı idi. Yalın əllərlə tikanlı məftilləri qırdılar, sərhəd dirəklərini aşırdılar. Ürəklərdəki od elə güclü, həsrət səbirsizliyi elə həddə idi ki, qışın qış günündə Araz çayına atıldılar, burdan o taya, o taydan bu üzə üzməyə başladılar. O gün sovet dövlətinin nəzərincə ən toxunulmaz olanın - Şura hökumətinin iradəsinin rəmzi sayılan sərhəddin mənəm-mənəmliklə dağıdılan, Azərbaycan insanının imperiyaya meydan oxuyan günü idi. Bütün bunları gendən çox diqqətlə izləyən Kreml yaxşı dərk edirdi ki, bu addımdan müstəqilliyə doğru məsafə həddən artıq qısadır. Ona görə də bunu heç vəchlə cəzasız qoya bilməzdi. 1989-cu ilin son gecəsinin əks-sədası 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə idi. O şənbə gecəsində Bakıda sovet ordusunun törətdikləri müstəqilliyə, artıq nəfəsi lap yaxından duyulan istiqlala verilən cəza idi. Sovet silahlı qüvvələri Bakıya ona görə yeridilmişdi ki, insanların gözünün odunu alsınlar, iradəsini sındırsınlar, onların içərisindəki müstəqillik, istiqlal atəşini birdəfəlik söndürsünlər. Mərkəz Bakıya yeritdiyi və dəhşət yaratmaq əmri verdiyi qoşununun törətdikləri ilə, zirehli maşınların, tankların qorxunc gurultusu, selləmə yağış kimi açılan atəşlərin vahiməli vıyıltısı ilə azərbaycanlılara bu dərsi vermək istəyirdi ki, hamınızı ucdantutma beləcə "uf" demədən qıra bilərik. Ancaq vulkan kimi kükrəyən bir xalqı atəşlərlə susdurmaqmı olardı?! Əslində həmin gün Azərbaycanın nütləq gələcək və qayıdışsız olacaq istiqlalının müqəddiməsi, Azərbaycanın müstəqilliyə qovuşmasının həlledici təkan anı idi. Həmin gün şər imperiyasının - Sovetlər İttifaqının tar-mar olmasının, onun təməl kərpiclərinin yerindən qoparıldığı gün idi. Millətimizin əleyhinə bu fitnəni təşkil edən, Azərbaycanı öz qanına boyamağa qalxan, millətin müstəqillik ehtirasını biryolluq susdurmaq istəyən Kreml - artıq dişləri laxlayan imperiya əlbəttə ki, öz nöqteyi-nəzərindən düz hesablamışdı ki, artıq bu xalqın qarşısını sadəcə sözlə, təbliğatla, hədə ilə almaq mümkün deyil, bu millət müstəqilliyin lap ərəfəsindədir, onu yolundan döndərməyin tək çarəsi qırıb-çatmaqdır.
Lakin bu xalqı yaxşı tanımırlarmış. Zənn etdiklərinin tam əksi oldu. Azərbaycan xalqı susmaq, sınmaq, qorxmaq, kirimək əvəzinə daha hiddətlə baş qaldırtdı və lap azacıq sonra - 1991-ci ilin oktyabrında Azərbaycan artıq müstəqilliyini yenidən bərpa etmişdi.
Qurbanlar verdi, acılar yaşadı, azadlıq ağacını növbəti dəfə qanı ilə suvardı, ancaq millət ali məqsədinə çatdı.
Fəqət imperiya çökmüşdüsə də, hələ canı tamam çıxmamışdı. İmperiyaçı qüvvələrin başında hələ köhnə havalar qalmaqdaydı. 1992-ci ilin 26 fevralında Xocalıda törədilənlər də artıq 4 ay öncə elan edilmiş müstəqilliyə, təzədən qayıtmış istiqlala verilən növbəti cəza idi.
1918-ci ilin martında bolşevizm, 1990-cı ilin yanvarında və 1992-ci ilin fevralında neobolşevizm Azərbaycana qarşı bu qəsdləri yerinə yetirəndə erməniləri qabağa buraxmışdı. Hətta 1990-cı ilin yanvarında Bakıya hücum çəkəndə zahirən hər şeyi edən sovet ordusu idisə də, SSRİ-nin müxtəlif yerlərindən ehtiyatda olan erməni hərbçiləri əməliyyata cəlb etmişdilər, KQB xətti ilə məqsədli olaraq bu soraqları da yaymışdılar ki, qırğını icra edən silahlıların əksəri mənşəcə erməni olan əsgər və zabitlərdir.
Lakin gerçəkləri qondarma millətçi pərdəçəkmələrlə ört-basdır etmək mümkünsüzdür. İstiqlal çarışmalarımıza qarşı şimal ayısının amansız qalxışlarının hamısında erməniçilik sadəcə vasitələrdən biri olub.
Azərbaycan təqvimində yanvarın 20-si ümummilli hüzn günüdür. Kədərli olmağa, qüssəyə qapılmağa əsasımız da var. Çünki o günün əzabları millətin bağrının başında həmişə qövr edəcək, daim ürək göynədəcək. Qurbanlarımızı, yaralarımızı əsla unutmayaq. Kədərə də dalaq, kövrələk də, qəhərlənək də, itkilərimizi hər zaman can yanğısıyla anaq da.
Lakin bizim təqvimimizdə Zəfər günü var! Qalib ınxalqa, yüksələn, ucalan millətin təqviminə matəm, yas günü yaraşmır. Əslində mahiyyəti ilə o tarix - 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə hünər, yenilməzlik, milli müqavimət günü, millət iradəsinin təntənəsi günüdür. Yanvarın 20-si yalnız millətimizin əllərdə qırmızı qərənfillərlə küçələrə çıxaraq şəhid məzarlarına doğru yönəldiyi qəm günü kimi qala bilməz! Bu gün millət qətiyyətinin tüğyanı, ümumxalq şərəf günüdür. Bu gün başımız üzərində üçrəngli bayrağımızın daha vüqarla dalğalanmalı olduğu gündür.
1990-cı ilin başlanğıcından bu günə qədər Bakıda, Azərbaycanın paytaxtında və yurdun dörd bucağında bu günü qeyd edirik. Gələcəklər boyu da həmişə bu günü əziz, uca tutaq, ancaq hüzn günündən daha əvvəl və daha artıq MİLLİ TƏPƏR günü kimi əziz tutub ağırlayaq!
Millət tarixində həmişəlik qalacaq o faciənin ən dəqiq qiymətini vermək səlahiyyəti ən adil münsifin - Tarixin ixtiyarındadır. Amma başverənlərin isti-isti ən doğru dəyərləndirən, etiraz səsini ilkin qaldıranlar da gərək həmişə ehtiramla anıla. Çünki o qiymətvermə faciənin törədilməsinin ertəsi günü, hələ yaraların açıq olduğu elə anlarda baş verirdi ki, o vaxt hər belə cızığındançıxma gözlərini qan örtmüş şər imperiyasının həmin şəxsi aradan götürməsi ilə nəticələnə bilərdi.
1990-cı ilin yanvarında unudulmaz Heydər Əliyev ailə üzvləri ilə bərabər, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Özünün, oğlu İlham Əliyevin həyatını ən labüd təhlükə qarşısında qoyaraq gəldi. Artıq əlləri onsuz da qana bulaşmış rejim elə həmin gün onlara gözünü qırpmadan qəsd təşkil edə bilərdi. Heydər Əliyev də bu dövlətin hər üzünə və cikinə-bikinə bələd, zəngin təcrübəli insan kimi bu həqiqətdən yaxşı agah idi. Ancaq can hayına qalmaq məqamı deyildi. Xalqın müqəddəratı hədəfdə idi, susmaqmı olardı?!
Azərbaycanın dünyaya çıxa biləcək səsinin hər tərəfdən qapadıldığı o məşum tarix parçasında Heydər Əliyevin məğrur səsi imperiyanın mərkəzindən ucaldı və dərhal bütün dünyaya çatdı. Heydər Əliyev o sınaqlı günlərdə xalqın kürəyinə, ən etibarlı dayağına, ən məhrəm təsəlli ünvanına çevrildi.
Heydər Əliyev böyük dövlət və siyasət adamı idi, sözünü siyasətin dili ilə deyirdi. Şairinsə gücü qələminə çatırdı, mətləbini millətinə və dünyaya söz silahına sarılaraq yetirir, Vətənin ağır və ağrılı günlərində xalqa şimşək kimi çaxan misraları ilə arxa dururdu.
O gözüyaşlı günlərdə şair Qabil 20 yanvar şəhidlərinə qan ağlayan mərsiyəsini həsr etdi:
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Şair Məmməd Aslan o şanlı və qanlı günlərin rəmzinə çevrilmiş qərənfillərin hər birini sadəcə çiçək saymırdı, "şəhid qanının gülə dönmüş damlaları" deyə mənalandırırdı:
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!
Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!
Sovet İttifaqı rəhbərinin birbaşa əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələrinin Bakıda, Azərbaycanın bir neçə rayonunda törətdikləri bu mənhus dövlətinin bütün tarixindəki ən qaniçən əməliyyatlardan oldu. Azərbaycan insanının istiqlal eşqini və müstəqillik canatmalarını ürəyində və düşüncəsindəcə məhv etməkçün Bakıda kütləvi qətllər törədən Sovet ordu hissələri müstəqillik niyyətlərini belə amansızlıqla məhv etməyə cəhdin məşqlərini hələ 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada keçmişdi...
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, onun ardınca yaşanan həyəcan dolu günlər yalnız o hadisələrin şahidlərinin ömrünün anları deyil ki! O günlər lap çoxdan bütöv millət tarxinin ibrətli səhifələrinə çevrilib. Dönə-dönə qayıdılmalı, dərslər alınmalı, hər anı müdam anılmalı, qətiyyən unudulmamalı məhzun və məğrur tarix səhifələrinə!
Sovet dövründə "ölkəm" deyəndə SSRİ, "Vətənim" söyləyəndə Sovet İttifaqı nəzərdə tutulurdu. 15 respublikada hər kəsə uşaq bağçasından, ilk məktəb dərsliklərindən başlayaraq bu düşüncə aşılanırdı. Çoxdan gorbagor olsa da, soveti həmişə məzardan çıxararaq ittiham və ifşa edəcək edəcək bir dəlil də bu olacaq ki, yaxşı, insanlara bu imperiyanı "Vətən" deyə təlqin edir, onların hamısını bərabərhüquqlu vətəndaş sayırdınsa, bəs onun üstündən tankla keçmək qədər cəlladdanbetər xislət nə idi?! Sovet ordusunun Bakıda yağdırdığı güllələr də adi güllə deyildi, öldürücülüyü mütləq olan, bədənə girəndən sonra da fırlanaraq bütün vücudu dağıdan iblisanə güllələrdi. Azərbaycan paytaxtında və bölgələrdə Moskvadan dövlət başçısı tərəfindən sanksiyalaşdırılmış qətllər gedişində 131-imiz öldürüldü, 744-ümüz yaralandı, təcavüz əsnasında 841-imiz həbs edildi, bunlardan 112-si SSRİ-nin ayrı-ayrı şəhərlərindəki həbsxanalara göndərildi.
1990-cı ilin 20 noyabrında artıq Vətəndə - Naxçıvanda olan Heydər Əliyev Ali Məclisin kürsüsündən dünyaya car çəkirdi: "Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da Sovet ordusu edib. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ-nin müdafiə naziri, SSRİ daxili işlər naziri hadisələrdən qabaq gəlib. Burada oturublar, bu əməliyyatlara rəhbərlik ediblər. 1941-45-ci illərdə - müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi. Ancaq görün Bakıdakı hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir".
O dərdli və dirənişli günlərdə şair Zəlimxan Yaqub belə hayqırırdı:
Alçaqların başında qiyamətlər qoparan,
Vətənin dar günündə dəniz kimi qabaran,
Zaman-zaman bu xalqı haqqa doğru aparan
Yoldu, izdi, naxışdı, cığırdı şəhid qanı!
Əzizim keçər gedər,
Gələnlər köçər gedər,
Hər kəs öz əkdiyini
Axırda biçər gedər.
O gecə həmişə bizimlə qalacaq, o gecə daim millətin həm dərin ələm, həm də böyük əməl gecəsi kimi anılacaq. Biz bugünümüzə o gecədən keçib gəldik. Müstəqillik səhərinin yolu o gecədən açıldı.
...Tarixin izahsız cazibəsi, qaçılmaz məntiqi var.
On doqquzuncu əsrin son çərəyindən etibarən Çəmbərəkəndin xalq arasında Pirvənzərə deyilən dağlıq hissəsi qəbiristanlığa çevrilmişdi. 1918-ci mart qırğınlarında qətlə yetirilən minlərlə insan da, həmin ilin sentyabrında Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olan Qafqaz İslam Ordusunun əsgərləri də orda torpağa tapşırılmışdılar və həmin qəmli məkan bir şəhid məzarlığına çevrilmişdi. Ancaq sovet kommunist liderlərindən olmuş və bir ara Azərbaycana da rəhbərlik etmiş Sergey Mironoviç Kirovun xatirəsinə 1930-cu illərin əvvəllərində qurulması və şəhərin də hər nöqtəsindən görünəcək abidəsinin ucaldılması nəzərdə tutulan Dağüstü park yaratmaq niyyəti qətiləşəndə ordan qəbiristanlığı köçürmək göstərişi verilmişdi. Hansı qəbirin sahibçıxanı vardısa, aparıb ölüsünün qalıqlarını başqa yerdə basdırmışdı, yüzlərlə, minlərlə yiyəsiz məzar şumlanıb torpağa qarışmışdı. Sonra yarım əsrdən artıq bir müddətdə Dağüstü park bakılıların ən sevimli istirahət guşələrindən biri oldu. Sahil bağını gəzən insanlar funikulyorla Dağüstü parka qalxar, gəzib-dolanar, əylənərdi, bura onillərcə ailələrin, dostların, sevənlərin, simsarların istəkli təmas yeri idi. Çox da uzaqda olmayan tarix sanki unudulmuşdu.
Ancaq o məskənin yenidən şəhid məzarlığına çevrilmək qisməti də varmış. 1918-ci ilin mart və sentyabrının istiqlal qurbanlarının buradan köçürülmüş, bir qismi də torpağa qarışıb itmiş məzarlarının yerində 1990-cı ilin yanvarında yeni şəhid məzarları qazıldı.
Söyləyirdilər ki, 1990-cı ilin yanvarında təzə qurbanlar və şəhidlər üçün məzarlar qazılanda neçə yerdən 1918-ci il qurbanları və şəhidlərinin sümükləri də çıxırmış. Tarix mükəddər yazısı ilə o qurbanlarla bu qurbanları, o şəhidlərlə bu şəhidləri belə görüşdürürdü, istiqlal yolumuzun dünəni ilə bugünü belə culaşırdı.
Beləcə, bu məkan ən müqəddəs and yerlərimizdən biri olan "Şəhidlər xiyabanı"na döndü.
O şəhidlərlə ayrılığın, millətin onlara minnətdarlıqla daşan vida dəqiqələrinin riqqətli mənzərələri heç vaxt yaddaşlardan silinməyəcək.
O günlərdə Məhməd Akif Ərsoyun şəhidlərə həsr olunmuş misraları dillərdə dua kimi səslənirdi:
Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər,
Göydən əcdad enərək öpsə o pak alnı dəyər!
Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın
"Göməlim gər tarixə səni" - desəm sığmazsın.
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər
Sənə ağuşunu açmış da durub Peyğəmbər.
Məhmət Akif belə söyləmişdi və həmin günlərin içərisində, elə bu gün də və bütün gələcəkdə də bütün millət o yavrularına qucağını açaraq irəliləməkdədir.
Qurbanlarımızla nisgilli ayrılıq günlərdə böyük şairimiz Bəxtiyar Vahabzadə 20 yanvarın fəlsəfəsi ilə əslində Azərbaycan xalqının istiqlal uğrunda, müstəqillik naminə mübarizəsinin meydanı olduğunu hərarətli misraları ilə dolğunluğu ilə dilə gətirmişdi:
O şənbə gecəsi, o qətl günü,
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
...Bəzən insan bir sərvətin əsl dəyərini yalnız onu itirəndən sonra dərk edir. 1990-cı ilin 20 Yanvar faciəsinin bir ibrəti də ondan ibarət oldu ki, Azərbaycan insanı Milli radionun, Milli televiziyanın onun üçün nə qədər böyük nemət olduğunu çılpaqlığı ilə anladı. Azərbaycan efirinin əsl doğum günü 1919-cu ilin noyabrından - Əlimərdan bəy Topçubaşının ovaxtlar Avropa radiostansiyasının yerləşdiyi Eyfel qülləsindən Gəncə radiostansiyasına göndərdiyi teleqramdan başlanır. Lakin 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun daimi yayımları başlandı, 1956-cı ildə isə Azərbaycan Televiziyası ilk dəfə ekranlarını insanlarımızın üzünə açdı.
Və radio da, televiziya da tədricən bu millət üçün ən möhtəşəm universitetə çevrildi. Nəsil-nəsil insanların zövqlü yetişməsində, ruhən zənginləşməsində, biliklərinin artmasında radio da, televiziya da müstəsna rol oynadı. İnsanlarımız bu danılmaz həqiqəti bütövlüyü ilə 1990-cı ilin yanvar günlərində bütün əyaniliyi ilə dərk etdilər. Azərbaycan insanının müstəqillik çırpıntılarını qəlbindəcə çürütməyi qəsd edən imperiya başqa məkrli tədbir də tökmüşdü: Azərbaycanın ağzını bağlamaq, onun dünyaya çatan səsini kəsmək. 1990-cı il yanvar ayının 19-da saat 19.26 dəqiqədə Azərbaycan Radio Televiziyasının enerji bloku partladıldı. Bu, həmin şənbə günü - yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan insanına açılan atəşlərin elə başlanğıcı demək idi. Həmin dəqiqədən Azərbaycan radiosu da susdu. Azərbaycan televiziyasının ekranlarının da işığı itdi. Düz yanvar ayının 28-cən Azərbaycan insanı radio-televiziyasız qaldı. Arada qondarma bir kanal düzəltmişdilər - faktik olaraq idarəçiliyi ələ almış və azərbaycanlılara etibar etməyən hərbçilərin nümayəndəsi kələ-kötür Azərbaycan dilində kobud ləhcəylə ara-sıra komendantlığın mətnlərini oxuyurdu.
Şər imperiyası, Azərbaycan insanının müdhiş istibdada və haqsızlığa qarşı nifrətinin, respublikaya silahlı təcavüz əleyhinə etirazlarının dünyaya çıxa biləcək dalğasının qarşısını almaqda israrlı idi. O günlərdə həyatlarını təhlükə altında qoyaraq yanvar qırğınının görüntülərini lentə alan fotoçularımızın hər biri əsl qəhrəman idi. 1919-cu ildə Paris Konfransına yola düşən Əlimərdan bəy Topçubaşı və onun başçılıq etdiyi nümayəndə heyəti özü ilə 1918-ci ilin martında Bakı qırğınları əsnasında çəkilmiş yüzdən artıq fotoşəkili götürmüşdü. O aşkar sübutları aparmışdılar ki, azərbaycanlılara qarşı hansı müsibətlər törədildiyini dünyaya nümayiş etdirsinlər. Həmin fotolar Azərbaycan üçün hansı tarixi dəyərə malikdirsə, 1990-cı ilin yanvarında cəsur Azərbaycan fotoçularının - Fərman Bağırovun, Cahangir İbadovun, Rasim Sadığovun, Ağəli Məmmədovun, Yaşar Xəlilovun, Rafiq Nağıyevin... çəkdiyi şəkillər də eyni qiymətdədir. Bunlar əslində Azərbaycanın istiqlal uğrunda çarpışmaları salnaməsinin ən vacib fəsillərindən birinin anlarıdır.
Həmin həyəcanlı yanvar günlərində, Azərbaycan radiosunun da, televiziyasının da, susduğu çağlarda mən "Amerikanın səsi"nin müxbiri idim. Bakıda baş verən narahat hadisələr, törədilən cinayətlər haqda reportajları, ayrı-ayrı müsahibələri hər gün "Amerikanın səsi"nin Azərbaycan, rus, ingilis, türk, fars redaksiyalarına ötürürdüm. Səsimizin dünyaya çatacaq bütün yollarının qapadılmağa cəhd edildiyi həmin günlərdə rabitəçilərimiz də bizə bir dayaq idi. Fədakarlıqla çalışırdılar, onlar hər an ən sərt şəkildə cəzalandıra bilərdilər - həbsə atardılar, işdən çıxardardılar. Necə ki, həmin dövrdə bir çoxları oxşar tənbehlərə məruz qaldı. Lakin həmin günlərin son dərəcə əhəmiyyətli bir dərsi vardı: millət yumruğa çevrilmişdi. Milləti bunca vəhdətdə edən böyük dərd və həmin kədərdən də qat-qat yüksəkdə dayanan azadlıq eşqi idi. Millətin ruhunu sındırmaq istəyən imperiyanın "qazandığı" bu oldu ki, ona qarşı ümumxalq hiddəti zirvəyə çatdı, bu qəzəb yatmışları, biganələri də diksindirib oyatdı. Bu, mübaliğə deyil, bütün keçmişimiz vərəq-vərəq kitablarda, sənədlərdədir: Azərbaycan bütün tarixi boyu o yanvar günlərindəki qədər yekdil olmamışdı. Ona görə də 20 yanvarın millət təqvimindəki bir ayrı adı da Milli Birlik günüdür!
...20 yanvar faciəsi milyonlarla azərbaycanlının tanıyıb dəyər verdiyi gözlənilməz qəhrəmanlar da yaratdı ki, onlardan biri Mirzə Xəzər idi. Haçandır ki, dünyasını dəyişmiş, müstəqilliyimizin ilk illərində 1990-cı illərin yanvar-fevral günlərindəkindən fərqli olaraq respublikamıza münasibətdə siyasi baxımdan çaş mövqe tutmuş Mirzə Xəzər, hər halda bu dünyadakı ömrü ərzində ən azı 2 savab iş gördü. Birincisi - Allaha xidmət edib "İncil"i Azərbaycan türkcəsinə çevirdi, ikincisi də, 1990-cı ilin sarsıntılı yanvar günlərində öz içərisində qıvrılan millətimizin boğulan səsini dünyaya çatdırdı. Mirzə Xəzər kimi tanıdığımız bu insan sovet dövrünün sadə azərbaycancasıyla - göyçaylı Mirzə Mikayılov idi. Radio-televiziyamızın, mətbuatımızın dilinin qapadıldığı günlərdə, məruz qaldığımız zülmün sorağını xalqımıza və dünyaya çatdırmaq imkanımız əlimizdən alınanda
Mirzə Xəzərin sərhədlərin o tayından gələn məhrəm və ötkəm səsi bizə hayan idi.
O, sovetin düşməni olan radionun əməkdaşı idi. Təbiidir ki, soveti ifşa edən hər imkandan yararlanmalı idi və məvacibi də buna görə alırdı. Lakin Mirzə Xəzər o günlərdəki hər efir çıxışında həm də azərbaycanlı idi axı! Onun həmin üzüntülü günlərdə millətimizin dərdinin dünyaya carçısı olduğunu unutmaq, bu haqqı itirmək olmaz. Şeyxülislam Allahşükür Paşazadənin baş verənlərlə bağlı dünyaya müraciətini Mirzənin rus dilində hansı həssaslıqla, hansı yanğıyla səsləndirməsi qulaq yaddaşımızda indi də dalğalanmaqdadır. O günlərdə Mirzənin səsi və səsləndirməsi həmin mətnin özündən də təsirli idi! Çünki hər sözün içində onun yanan ürəyi vardı. Bu, elə məqamdır ki, orda aldatmaq, rola girmək mümkünsüz olur.
Ya özünsən, ya da sünisən. O anlarda Mirzə Xəzər ABŞ-nin maliyyələşdirdiyi və kəşfiyyat təyinatlı radionun, maaş aldığı idarənin əməkdaşı deyil, ilk növbədə izahsız bir torpaq cazibəsinin hökmü ilə hərəkət edən vətənpərvər azərbaycanlı idi!
Duyğulu səsində mənim kitablarımdan o dövrdə parçalar oxuduğunu da hörmətlə xatırlayıram. Zəng də vurmuşdu, Qərb adətincə icazə də almışdı ki, olarmı oxuyum?
Mən də o günlərdə "Amerikanın səsi" çərçivəsində gücüm çatanı edirdim. Ancaq eyni qaynaqdan maliyyələşdirilsə də, düyməsi eyni yerdən baslsa da, "Amerikanın səsi" ilə "Azadlıq" radiosunun sərbəstlik imkanları həmişə fərqli olub. Mirzə Xəzər "VOA"də məndən əvvəl işləmişdi, yayın siyasətindəki fərtqlərdən xəbərdar idi. Ona görə də həmin yanvar günlərində mənə ayrıca bunu da demişdi ki, nəyi orda səsləndirə bilməsən, mənə ötür.
Təəssüflər ki, axıracan bizimki ola bilmədi. Sonrakı illərdə xəttini dəyişəsi oldu.
Neyləməli, bu da vaxtla istedadlı insanın qəliz rəftarlarındandır ki, hətta qabil oyunçular da bu qəliz şahmat partiyalarından heç də həmişə sonacan düzgün baş çıxara bilmir. Ancaq istənilən halda, Mirzə Xəzərin çətin tarix dolanbaclarında millətimizə həmdərd, həmnəfəs olduğu 1990-cı ilin radioya yapışdığımız o günləri, dar macalda göstərdiyi xidmət də yadımızdan çıxmaz.
...1990-cı ilin unudulmaz və unudulmamalı yanvar günlərində Bakı küçələri gül-çiçək içərisində idi, hər yan qırmızı qərənfillərlə döşənmiş xalıya bənzəyirdi. İnsanlar məhəbbətlərini və nifrətlərini çiçəklərə çevirərək küçələrə səpmiş, xiyabanlar boyu düzmüşdülər. Şəhərdə cinayətlərin törədildiyi hər qarışı, qurbanlarımızın qan damlaların izi qalan hər nöqtəni çiçəklər sığallayırdı. Başqa vaxtlarda nə qədər dil töksən də, satdığı gülün qiymətini cüzi endirməklə də razılaşmayan gül alverçiləri milyonlarla qərənfili Bakı küçələrinə təklif gözləmədən, bircə qəpik ummadan maşın-maşın daşımışdılar.
O günlər idi ki, hamı bir ata-ananın övladı olduğu kimi bir millətin balası olmasına izah etmədən, öyüd eşitmədən elə sözq-təbii yəqin kəsilmişdi. Hamı can atırdı ki, hər kəsin və hamının olan millət mərasiminə öz töhfəsini verə bilsin.
Və həmin günlərin içərisində bir möcüzə də baş verdi. Azərbaycan mətbuat tarixinin heç vaxt olmamış, yəqin ki, bundan sonra da təkrarlanmayacaq bir hadisəsinə şahid olduq. Azərbaycan qəzetçiliyinin 1875-ci ildən - Həsən bəy Zərdabidən başlanıb bugünə çatan tarixi boyunca saysız qəzetlərimiz nəşr edilib, nəşr edilir, şübhə yox, gələcəkdə yeniləri də olacaq. Ancaq həmin yanvar günlərində nəşr edilən "Səhər" qəzetinin tirajı yəqin ki, bir də heç vaxt rast gəlinməz. "Səhər" o yanvar günlərində 2 milyon sayda çıxdı. Səsimizin kəsildiyi, sözümüzün dünyaya çıxmasının qarşısının alındığı günlərdə "Səhər" qəzeti Azərbaycan insanının təsəllisi, toxtaq yeri idi. "Səhər" o vaxtlar Azərbaycanın bir saylı qəzeti "Kommunist"in əlavəsi kimi nəşr olunurdu. Azərbaycanın patiya rəhbəri Əbdürrəhman Vəzirov vəzifədən kənarlaşandan sonra onun yaxın adamı sayılan Cəmil Əlibəyov da "Kommunist"in redaktoru vəzifəsindən getmişdi. Qəzetə rəhbərliyi redaktor müavini Rəfail Nağıyev edirdi. "Səhər" möcüzəsini onun və ətrafındakı cavan jurnalistlərin fədakar şücaəti doğurdu. 1990-cı ilin yanvarında elə Bakının əhalisi də 2 milyon civarında idi. Rəfail müəllim mənə "Səhər"in o sayının necə üzə çıxa bilməsinin macəralı tarixçəsini nağıl edib. Söyləyirdi ki, hazır materialları götürüb hərbi senzor Boris Aleksandrovun yanına getdim. 12 səhifə buraxmağı düşündüyümüz qəzetdəki hər yazı, hər foto ilə bağlı senzorla dəqiqələrlə deyil, saatlarla çənə-boğaz etməli oldum.
"Səhər"in redaktoru Məzahir Süleymanzadə isə mənə çoxlarının bilmədiyi başqa bir tarixi hekayəti danışdı.
Azərbaycan xalqının o nigaran günlərində türk dünyasının böyük oğlu Oljas Süleymenov Bakıda idi. Sonralar özü söyləyirdi ki, yanvarın 20-də bərk soyuqlayıbmış, qızdırmam 39-u keçib 40-a çatmışdı, ancaq dayanmaq məqamı deyildi, xəbəri eşidən kimi bilet alıb elə qızdırmadan yana-yana təyyarəyə mindim, Bakıya uçdum. Çünki gəlməsəydim, vicdanım rahat olmayacaqdı, digər tərəfdən də nə illah etsəm də, heç kəsi inandıra bilməyəcəkdim ki, o günlərdə doğrudan da bərk xəstə olmuşam.
Və Oljasın, həyatını da, karyerasını da ciddi təhlükələr altında qoyaraq Bakıya gəlməsinin, təkləndiyimiz o günlərdə Azərbaycanla olmasının mənəvi dayaq durmaqdan savayı, başqa bir faydasını bilin. Oljasın uzaqgörən nəcib tövsiyyəsi olmasaymış, "Səhər"in yanvarın 22-də işıq üzü görən o buraxılışı da nəşr edilməzmiş. Məzahir yada salırdı ki, Bakı şəhərinin o vaxtkı hərbi komendantı, general V.Dubinyak şərt qoymuşdu ki, qəzetin çıxmasına o halda icazə verirəm ki, komendantlığın bir əmri də orda dərc edilsin. Redaksiya işçiləri isə hamılıqla bunun əleyhinə imiş, millətin ağrısını daşıyan, ana dilində çıxan bir qəzetin içərisində hərbi komendantlığın əmrinin, özü də onların öz dilində yer almasını təhqir sayırmışlar. Məzahir söyləyirdi ki, bu vəziyyət haqqında Oljasa dedim və soruşdum ki, nə məsləhət görürsünüz, neynəyək?
Oljas da suala sualla cavab verir ki, təsəvvür edin, hərbi komendantlıq ümumən heç bir qəzetin çıxmasına icazə vermir, özləri lazımi xəbərlərini və əmrlərini dərc etdikləri 2, ya 4 səhifəlik rusca qəzet buraxır, sizə də orda balaca yer ayırıraq hadisələrlə əlaqədar kiçik məqalənizi, ya bir-iki fotonu yerləşdirməyə icazə verir. Səsinizin xalqa çatması üçün bu imkandan istifadə edərdiniz, ya yox?
Məzahir etiraf edirdi ki, gördüm Oljas haqlıdır. Əlimizin hər yerdən üzüldüyü, qəzetlərin çıxmadığı, radio-televiziyanın dayandığı məqamda, doğrudan da bir qəzetin balaca bir hissəsində kiçicik bir yazımızın dərc edilməsi də o günlərdə bizim üçün qənimət olardı, indi isə ixtiyarımızda 12 səhifə vardı. Ona görə də Bakı şəhərinin hərbi komendantının o qəzetin içərisində əmrinin yer almasına razılığımızı verdik.
Ancaq başqa bir maneə qalırmış. O günlərdə bütün mətbəə işçiləri tətil elan edibmiş. Tətilçilərsə yalnız xalq hərəkatının fəallarından, jurnalist Nəcəf Nəcəfovun sözünə qulaq asırmış. O isə axtarışdaymış, komendantlıq onun həbs edilməsi haqqında qərar veribmiş. Bunu da zamanında mənə Rafael Nağıyev danışırdı ki, Nəcəfin şəhərdən kənarda, Əhmədlidə hansı evdə gizləndiyindən xəbərimiz vardı. Komendantlıqdan icazə aldım, general Aleksandrovdan ad çəkmədən xahiş etdim ki, "Kommunist"in digər redaktor müavini uzaqda yaşayır, bu gecə mənə lazımdır ki, qəzetin buraxılmasına kömək etsin, mümkünsə maşınınızı verin, ardınca göndərək, onu gətirsin. Şəhərdəki istənilən maşını qırğının o ilk günlərində hökmən saxlayır, sənədləri yoxlayırdılar. Başqa sözlə, axtarışda olsan Nəcəfin redaksiyaya, mətbəəyə gəlişi heç cürə alınmazdı. Şəhərdə sərbəst hərəkət imkanı olan general avtomobilini isə yoxlayan olmayacaqdı.
Nəcəf gəlir, bütün gecəni o vaxtkı "Kommunist", indiki "Azərbaycan" nəşriyyatında mətbəçilərlə birgə keçirir, yanvarın 22-də, dan yeri qızaranda bütün tiraj hazır olur.
Bəs necə olmuşdu ki, "Səhər" qəzetini belə fantastik tirajla nəşr edə bilmişdilər? Bunu da mənə Rəfail Nağıyev danışırdı ki, "Kommunist" o vaxt 600000 tirajla çıxırdı. Ancaq bir neçə gün idi ki, nəşr edilmirdi. Üst-üstə yığılaraq "Səhər"i 2 milyon sayda buraxa biləcək qədər kağız ehtiyatımız vardı, bu fürsəti də əldən qaçırmadıq.
Bu minvalla, 20 yanvar qurbanlarının dəfni günü, ayın 22-də "Səhər" bütün Bakıya və Azərbaycana yayıldı, bir-birindən təsirli məqalələri, şeirləri, fotoları ilə 20 yanvarın göynəkli mənzərəsini hamıya göstərən aynaya, millət ağrısının məlhəminə döndü, ürəklərdən tikan çıxardı.
...Xalqımızın bütün mübarizələr tarixinin in ali Zəfərinin Memarı, Fateh Prezidentimiz İlham Əliyevin tariximizin 1990-cı il 20 yanvar səhifəsi haqqında yekun qənaəti və qiymətləndirməsi olub-keçənlərin cövhərini nişan verir və çox sərrastdır: "20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi... 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".
Tariximizə və taleyimizə 31 mart və 26 fevral kimi soyqırımı günləri də düşüb, Millət Təqvimimizdə 20 yanvar kimi ümumxalq matəmi də möhürlənib, Vətənin yaddaşında yurdun ayrı-ayrı parçalarının işğal günlərini də illərcə millətin itki və nisgil tarixçələri kimi qeyd etməyimizin dərd şırımları qalır. Bu, qədərdir - Vaxtın bu cür möhnətli aşırımlarından və girdablarından adlaya-adlaya xalq xalq olur, millət millət olur, Vətən Vətən olur! Yaddaşsız nə torpaq Vətənə çevrilər, nə də kütlələr millətə dönər!
Ancaq bütün ələmli günlərimizin müqabilində, milyonlarla soydaşımızın əsəblərini və heysiyyətini gəmirən zəbt günlərinin əvəzində bir-birinin ardınca milləti məsud edən fəth günləri də gəldi axı! Axı biz təqvimində baqyramların ən əzizi ZƏFƏR GÜNÜ olan xalqıq!
Qalib dövlətə, Müzəffər millətə qürur yaraşır. Biz Zəfərə dərin hüznləri arxada qoyaraq çatmışıq. O səbəbdən də hər 20 yanvarda can yanğısı ilə bütün itirdiklərimizi anaq, onların mübariz ruhları qarşısında sayğı duruşuna sıralanaq, amma daha artıq həmin günün Ümumxalq Hüzn Günündən qabaq Ümummilli Hünər Günü olması həqiqətini tapınaq.
Bunu dövlətimizin başçısı da deyir, tarixin dəmir məntiqi də təsdiqləyir!
... "Şəhidlər xiyabanı"nın lap girəcəyində "Əbədi məşəl" şölələnir, bayrağımız dalğalanır.
O dalğalanan bayraq, o yanan məşəl Bakının hündür bir nöqtəsindədir. Azərbaycanın xəritəsində bundan qat-qat yüksək dağlar da var, zirvələr də. Ancaq bu millətin mənəviyyat dünyasında o bayrağın indi dalğalandığı nöqtədən, o məşəlin indi yandığı ucalıqdan daha yüksək bir yer yurdun heç harasında yoxdur.
O bayraq istiqlalımızın, müstəqilliyimizin rəmzidir. O alovlanan məşəl 1990-cı ilin yanvarında və bütün tariximiz boyu istiqlalımız və müstəqilliyimiz yolunda mübarizələrə qatılmış, can fəda etmiş insanların qəlbidir ki, alovlanır.
Və nə qədər ki, ürəyi bu yurda, bu millətə məhəbbətlə çırpınan vətən yavruları var, o məşəl yanmaqda davam edəcək, o bayraq ən ucalarda dalğalanacaq!
9 yanvar 2025
Rafael HÜSEYNOV, akademik