AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədovun 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə politikaakademisi.org saytında ingilis dilində yayımlanıb.
“The January 20 Tragedy in Azerbaijan” (“Azərbaycanda 20 Yanvar faciəsi”) adlı məqalədə 20 Yanvarın Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış qanlı faciənin tarixi olduğu qeyd edilir və həmin gecə baş vermiş faciəvi hadisələr barədə məlumat verilir.
Məhz 1990-cı ilin həmin günü keçmiş sovet imperiyasının, SSRİ adlanan imperiyanın qoşunlarının Azərbaycan ərazisinə daxil olaraq, Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törətdiyini qeyd edən müəllif, Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarının fəallaşaraq həmin bölgənin Ermənistan tərəfindən işğalı üçün fəaliyyətə başlamasına etiraz bildirən xalqımıza qarşı SSRİ rəhbərliyinin 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada tətbiq etdiyi üsuldan istifadə edərək Bakıya qoşun yeritdiyini və silahsız mülki əhaliyə qarşı qanlı əməliyyat həyata keçirdiyini vurğulayıb.
Faciənin ağır nəticələri, insan itkiləri barədə ətraflı məlumat verən N.Məmmədov bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixində dərin iz qoymuş qanlı faciə olsa da, həm də bütün azərbaycanlıların yaddaşında qəhrəmanlıq səhifəsi kimi qalıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.