Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycanda sosial və humanitar elmlərin perspektivləri
28.01.2025 12:45
  • A-
  • A
  • A+

Azərbaycanda sosial və humanitar elmlərin perspektivləri

AMEA-nın 2024-cü il fəaliyyəti kontekstində

I məqalə

Elmi yeniləşmə fəlsəfəsi

Azərbaycan KİV-də zaman-zaman Azərbaycan Milli Elmlər Akademiyasının yeniləşmə kursu ilə bağlı müxtəlif aspektlərdə təhlillər verilir. Bunun iki başlıca səbəbi mövcuddur.

Birincisi, AMEA hələ də yeganə elmi təşkilatdır ki, 2022-ci ilin payızından sistemli və davamlı şəkildə mühüm dövlət qurumu kimi özünün yeniləşməsinin elmi əsaslı konsepsiyasını hazırlamış və onu inklüziv reallaşdırmaqdadır. Bu təşəbbüs AMEA-nın prezidentindən gəlmişdir və akademik İsa Həbibbəyli şəxsi nümunəsi ilə qarşıya qoyulan vəzifələrin öhdəsindən hansı fəallıq, məsuliyyət, möhkəm elmi əsaslı üsulla gəlməyin zəruriliyini bütün kollektivə göstərməkdədir. Yəni yeniləşmə adi hadisə deyildir – Azərbaycan dövlətçiliyi üçün çox əhəmiyyətli olan bir dönəmdə AMEA rəhbərliyinin bir dövlətçi və elmi mövqe seçimidir. Təşkilatın kollektivi bu seçimə böyük önəm verməkdədir. 

İkincisi, XXI əsrin üçüncü onilliyində ölkənin baş elmi təşkilatının təşəbbüskar olaraq dövlətçiliyi öndə tutmaqla özünü yeniləşdirməyə sistemli və əsaslı yanaşması bir tərəfdən, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursuna AMEA-nın tam sadiqliyinin təsdiqidir, digər tərəfdən isə bu “sadiqlik” emosional bağlılıqla məhdudlaşmır – daha çox alim fəaliyyətini fədakarcasına həmişə dövlətçiliyə xidmət istiqamətinə yönəltməyin rəmzidir. AMEA-nın bu seçimini akademik İsa Həbibbəyli yığcam tezislə belə ifadə etmişdir: “Biz seçdiyimiz yoldan heç zaman dönməyəcəyik”!

Vurğuladığımız tezislərin fonunda AMEA-nın 2024-cü ildəki fəaliyyətinin hesabatlılığı və qarşıdakı vəzifələrin yerinə yetirilməsi əzmini təhlil etmək aktual görünür. O cümlədən, “Azərbaycanda sosial və humanitar elmlərin perspektivləri necə görünür?” sualına təşkilatın fəaliyyətinin konkret istiqamətləri kontekstində cavab axtarışları idarəetmə, siyasi, elmi və təhsil dairələri üçün maraqlı ola bilər.  

Lakin burada, ümumiyyətlə, elmin mahiyyəti (təbiəti) ilə bağlı bir mühüm özəllik vardır. Geniş anlamda elmdən danışanda mütləq problemə geniş baxış lazımdır, çünki heç zaman təcrid olunmuş elmi yanaşma və ya qiymətləndirmə olmur. Ölkə miqyasında belə aparılan təhlillər və gəlinən qənaətlərin dünya səviyyəsi ilə müqayisəsi vacibdir. Biz məsələyə bu aspektdə yanaşırıq. Həmin səbəbdən AMEA-nın yeniləşmə kursunun bir sıra mühüm məqamları üzərində bir daha qısa dayanmağa ehtiyac görürük. 

7 prioritetin ortaq fəlsəfəsi

2024-cü il fevralın 29-da Rəyasət Heyətinin ümumi yığıncağında AMEA prezidentinin elan etdiyi 7 prioritet istiqamət aşağıdakıları əhatə edir: 1) azərbaycançılıq; 2) türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsi; 3) rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik; 4) geniş mənada dünya elminə inteqrasiya; 5) “Gənc Akademiya” layihəsinin həyata keçirilməsi; 6) Azərbaycan elmində, o cümlədən, akademiyada doktorantura təhsili; 7) AMEA-da mövcud idarəetmə strukturlarının yeniləşdirilməsi.

Bu istiqamətlər yeni tarixi mərhələnin əsas özəlliklərini nəzərə almaqla 4 fəaliyyət aspektini ehtiva edir. 

Birincisi, tədqiqat istiqamətləri. Bu, konkret prioritet istiqamət olaraq tədqiqata üç aspektin vəhdətində yeniləşmə ruhunda yanaşmağa imkan verir. Onlar elmi yaradıcılıq və vətəndaş mövqeyinin qarşılıqlı münasibətlərini (azərbaycançılıq), yaradıcılıqda kollektiv yaradıcı komandanın yaradılması əsasında ən yeni aktual elmi mövzuların tədqiqini (rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik) və elmi fəaliyyətin təşkilatda struktur-funksional islahatların aparılması fonunda yeniləşməsini (AMEA-da mövcud idarəetmə strukturlarının yeniləşdirilməsi) əhatə edirlər.

İkincisi, son məqsədi bütövlükdə dünya elminə inteqrasiyaya nail olmaqla ayrıca türk dünyasının elmi mühiti ilə əlaqələri maksimum inkişaf etdirmək. Bu yolun seçilməsi ciddi tarixi, mənəvi, mədəni, elmi və dövlət quruculuğu kontekstinə malikdir. Onun tədqiqi ayrıca aparılmalıdır. 

Üçüncüsü, elmi fəaliyyət enerjisini yeniləşmək və onu daha potensiallı və müasir mahiyyətli müstəviyə dinamik gətirmək üçün gənclərin elmə cəlb edilməsinə yeni stimul vermək. Bunun üçün AMEA rəhbərliyi “Gənc Akademiya” layihəsini müəyyən etmişdir. 

Dördüncüsü, elmlə təhsilin inteqrasiyasına müasir uğurlu doktorantura modellərinin Azərbaycan şəraitinə uyğunlaşdırılması əsasında nail olmaq. Yeri gəlmişkən, bu strateji xarakterli mühüm istiqamətlə bağlı artıq AMEA Rəyasət Heyəti Aparatının “Elm və təhsil” şöbəsi çox ciddi təşəbbüslər göstərir, maraqlı araşdırmalar aparır, dünya üzrə nümunələrə baxır və diqqətə layiq təkliflər verir. 

İndi vurğuladığımız məqamlara AMEA-nın ictimai bölməsinin illik hesabatında yer almış faktların işığında baxaq. 

Hesabatlılıq məsuliyyəti

AMEA Rəyasət Heyətinin 25 yanvar 2025-ci ildə keçirilmiş iclasında AMEA-nın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri akademik Gövhər Baxşəliyevanın bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatından hər şeydən öncə hesabatlılıq məsuliyyəti aydın hiss olunurdu. Bölmə rəhbərliyi və hər bir elmi-tədqiqat institutunun qarşıya qoyulan vəzifələrə xüsusi məsuliyyət və diqqətlə yanaşdıqları aydın görünürdü. Bunu əldə edilən illik nailiyyətlərin sayı və keyfiyyəti aydın göstərirdi. Nümunə kimi Fəlsəfə və Sosiologiya İnsitutunda illik nailiyyət kimi təqdim edilən əsərlərin mövzuları və onların işlənmə dərəcəsini göstərə bilərik. Eyni qənaəti Şərqşünaslıq, Tarix və Etnoqrafiya, Arexologiya institutları haqqında deyə bilərik. 

İctimai elmlər bölməsində elmi tədqiqatlara yanaşmaqda və onun yerinə yetirilməsində prioritet mövzuların düzgün müəyyən edilməsində bu cür pozitiv dəyişiklik səbəbsiz deyildir. Əslində onun başlıca xüsusiyyətlərini AMEA prezidenti hesabat iclasında ifadə etdiyi ümumi tezislərdə açmışdır. Onların sırasında mənim təsəvvürümdə çox əhəmiyyəti olan iki məqam üzərində dayanmaq istərdim.

Birincisi, AMEA prezidenti təşkilatın yaradıcı kollektivinin son illərdə apardıqları elmi tədqiqatların fundamental monoqrafik əsərlərdə daha çox əks olunduğunu vurğulamaqla yanaşı, onların “əhatə dairəsinin daha da genişləndirilməsinə ehtiyac yarandığı” fikrini söyləmişdir. Bu tezisin yuxarıda xatırladılan 7 prioritet istiqamətin mahiyyəti və ümumi ruhu ilə sıx bağlılığı vardır. Yəni “niyə həm monoqrafik təqdimatın sayının artırılmasına, həm də onların mövzu baxımından əhatə dairəsinin genişləndirilməsinə ehtiyac yaranmışdır”, nə gəlişi gözəl fikirdir, nə özünüreklamdır, nə də ritorik deyildir. Bu tezis yeniləşmənin məntiqi tərkib hissəsi, sistemli fəaliyyətin davamlılığına vurğu və məsuliyyətlə yola davam etmək üçün elmi dəvətdir, səslənişdir. 

Onun konkret arqumentlərini akademik İsa Həbibbəyli sonrakı fikirlərində aydın ifadə etmişdir. Fakt kimi akademikin aşağıdakı fikirlərini gətiririk: 
“...AMEA-da alimlərimizin milli düşüncəsinin, təfəkkürünün məhsulu olan Nizamiyə, Nəsimiyə, Füzuliyə həsr olunmuş kollektiv monoqrafiyalar ərsəyə gətirilib, lakin Atabəy Şəmsəddin, Şah İsmayıl Xətai, Nadir şah kimi görkəmli tarixi şəxsiyyətlərimiz hələ də tərcümə materialları əsasında öyrənilir. AMEA prezidenti bildirib ki, 2024-cü ildə akademiyada ədəbi-tarixi şəxsiyyətlərin yenidən öyrənilməsi konsepsiyası istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə ilkin nəticələr əldə olunub. Vurğulayıb ki, bu gün Azərbaycanın tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyətlərin öyrənilməsi ictimai və humanitar elmlərin qarşısında mühüm vəzifə kimi dayanır. Qeyd edib ki, Azərbaycan aliminin azərbaycançılıq düşüncəsi ilə ərsəyə gətirdiyi əsərlər yeni nəsillərin milli vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayacaq və bu, akademiyanın, Azərbaycan elminin, alimlərinin mənəvi borcudur (bax: https://science.gov.az/az/news/open/31382).

Bunları üç aspekt üzrə qruplaşdıra bilərik. Birincisi, “AMEA Azərbaycan aliminin azərbaycançılıq düşüncəsi”nə sahib olmasında həm çalışqandır, həm israrlıdır, həm də onun praktiki ifadəsi xəttindən dönməyəcəkdir! İctimai bölmənin hesabatında gətirilən faktların hər birinin bu yanaşmaya uyğun olduğu aydın görünürdü. Bu baxımdan təşkilatın müxtəlif elmi-tədqiqat institutlarında türkologiyanın, türk xalqlarının müasirlik kontekstində fəlsəfəsinin tədqiqinin önəmi üzərində bir daha düşünmək olar. O cümlədən, Fəlsəfə və Sosiologiya İnstitutunda türk xalqlarının fəlsəfəsini məhz müasirlik kontekstində tədqiq etməyə başlayan şöbənin fəaliyyəti ilə Tarix, Şərqşünalıq, Folklor, Ədəbiyyat institutlarının türkologiya ilə bağlı apardıqları tədqiqatlar arasında fənlərarası bağlantı qurmaq olduqca əhəmiyyətli görünür. Çünki burada söhbət heç də və qətiyyən etnik kimlikdən getmir – əsas məqsəd, AMEA rəhbərliyinin məsələni qoyduğu kimi, Azərbaycan alimində azərbaycançılıq düşüncəsini maksimum faydalılıqla necə inkişaf etdirməyin əsaslı elmi nümunələrini tapmaqdan ibarətdir! Məncə, dövləti və elmi əhəmiyyəti möhtəşəm olan və strateji mahiyyəti şübhə doğurmayan vacib yanaşmadır! 

İkincisi, AMEA rəhbərliyi azərbaycançılıq düşüncəsinin real inkişaf etdirilməsi üçün iki mühüm istiqaməti də həmin tədbirdə ifadə etmişdir. Onlardan biri bütövlükdə “Azərbaycanın tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyətlərin öyrənilməsi”dir! Elmi baxımdan əsrlərdir ki, yad təsirlər nəticəsində axsadığımız və məncə, ən yaralı yerimiz olan problemdir. Əgər bir cəmiyyətin ziyalısı ölkənin tarixində böyük xidmətləri olanların ideyalarını tam, obyektiv və dövlətçilik kontekstində milli mövqedən sona qədər dərk edə bilmirsə, o, əsl azərbaycançı, çətin ki, olsun (bir az sərt ifadədirsə, iliyinə qədər azərbaycançı olan hər kəsdən üzr istəyirəm!)! Lakin həqiqətdir: indiki mərhələdə məsələnin bu cür qoyuluşunu alimlər və təhsil sahəsində çalışanlar prinsipial mövqe kimi qəbul etməlidirlər! 

Üçüncüsü, AMEA prezidenti hesabat iclasında açıq və aydın ifadə etmişdir: “AMEA-da alimlərimizin milli düşüncəsinin, təfəkkürünün məhsulu olan Nizamiyə, Nəsimiyə, Füzuliyə həsr olunmuş kollektiv monoqrafiyalar ərsəyə gətirilib, lakin Atabəy Şəmsəddin, Şah İsmayıl Xətai, Nadir şah kimi görkəmli tarixi şəxsiyyətlərimiz hələ də tərcümə materialları əsasında öyrənilir”. 

Bu fikirlər vurğuladığımız ikinci qrup fikirlərin konkret obyektlərini göstərir. Yəni Nizami, Nəsimi, Füzuli və başqa mütəfəkkirlərin tədqiqi nə qədər önəmlidirsə, Atabəy Şəmsəddin, Şah İsmayıl Xətai, Nadir şah və digər görkəmli dövlət adamlarının tədqiqi də bir o qədər önəmlidir. Burada AMEA prezidenti elmi-bədii, sənət yaradıcılığı ilə dövlətçilikdə azərbaycançılıq məfkurəsinin vəhdəti kontekstində çox güclü və mühüm məntiqi keçidi aktuallaşdırır. Onun üzərində geniş dayanmaq gərəkdir.

Füzuli Qurbanov, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: