Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dramaturgiyamız komizm işığında” kitabı işıq üzü görüb
28.01.2025 15:02
  • A-
  • A
  • A+

“Dramaturgiyamız komizm işığında” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uzun illər fəaliyyət göstərmiş, filologiya elmləri doktoru, professor Arif Səfiyevin (1934-2024) “Dramaturgiyamız komizm işığında” adlı kitabı çap edilib. Alimin 90 illik yubileyi münasibətilə hazırlanan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib.

Kitabı filologiya üzrə fəlsəfə doktoru, dosent Safurə Quliyeva tərtib edərək çapa hazırlayıb. Elmi redaktoru mərhum alim professor Şirindil Alışanlıdır. Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hicran Nəsibova və Tahir Məsimovdur.

Alimin 70 illiyi münasibətilə filologiya elmləri doktoru Şamil Salmanovun yazdığı “Janra sədaqət” və 75 illiyində filologiya elmləri doktoru Zaman Əsgərlinin yazdığı “Komik gülüşün sərrafı” məqalələri “Ön söz” əvəzinə verilib. Həmçinin tərtibçi Safurə Quliyevanın “İşıqlı alim, əməlisaleh insan” məqaləsi də kitaba daxil edilib.

Kitaba ədəbiyyatşünas alim Arif Səfiyevin müxtəlif qəzet və jurnallarda 1964-2007-ci illərdə çap edilmiş məqalələri və Ədəbiyyat İnstitutu tərəfindən 1976-1984-cü illərdə hazırlanmış “Ədəbi proses” kitablarında müəllifi olduğu “Dramaturgiya” oçerkləri daxil edilib. Toplunun sonunda Arif Səfiyevin arxivindəki gənclik illərində yazıb heç yerdə çap etdirmədiyi lirik şeirləri və bir sıra şəkilləri də təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: