Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

30.01.2025 11:24
  • A-
  • A
  • A+

Azərbaycan xalqına qarşı törədilən cinayətlər (1813, 1828, 1918, 1920-1929-cu illər)

Azərbaycan xalqına qarşı törədilən cinayətlər (1813, 1828, 1918, 1920-1929-cu illər)

“Azərbaycan ərazilərinin çar Rusiyası və Qacarlar dövləti arasında 12 oktyabr 1813-cü il Gülüstan və 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqavilələrinə əsasən bölüşdürülməsi xalqımızın legitimlik hüququnun pozulması ilə nəticələndi. Yəni Azərbaycan xalqının ərazi bütövlüyü pozuldu. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən Qacarlar dövləti və Osmanlı Türkiyəsi ərazilərindən Rusiya imperiyası tərəfindən işğal olunmuş Şimali Azərbaycan ərazilərinə ermənilərin kütləvi şəkildə köçürülməsinə başlanıldı. 1826-1828-ci illərdə II çar Rusiyası-Qacarlar dövləti müharibəsi gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə 8 min 249 erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza Qacarlar dövləti ərazindən 40.000, Osmanlı Türkiyəsi ərazilərindən isə 85.000 nəfər erməni köçürüldü və onlar Yelizavetpol (1868) (1804-cü ilin yanvarınadək keçmiş Gəncə və Qarabağ xanlıqlarının əraziləri) və İrəvan (1849) quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildilər, onlara 200.000 desyatindən çox xəzinə torpağı ayrıldı. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində yenə Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq ermənilər üçün qondarma "erməni vilayəti" yaradıldı. Bu addım çar Rusiyası tərəfindən Azərbaycan xalqının legitimlik hüququnun növbəti dəfə pozulması idi.

XIX əsrin 30-cu illərindən başlayaraq Rusiya imperiyası tərəfindən xristian etiqadlı xalqların bu ərazilərə köçürülməsi ardıcıl xarakter almış, məqsədyönlü siyasətə çevrilmişdi. XIX əsrin axırlarında isə çar hökuməti köçürmə üzrə qanunvericilik aktlarının hazırlanmasına başlamışdı. 1899-cu il aprelin 15-də II Nikolay tərəfindən "Cənubi Qafqazda köçürməyə icazə" haqqında qanun imzalanmışdı. 1900-cü il dekabrın 22-də elan olunmuş yeni qanunda isə Qafqazda mülki işlər üzrə baş rəisə icazə verilmişdi ki, "rus mənşəli və pravoslav dininə mənsub kəndlərin" vəsatətlərini yalnız ilkin qaydada müzakirə etməklə, onları xəzinə torpaqlarında yerləşdirsin. Yerli hakimiyyət orqanları çarın bu sərəncamını həyata keçirərək 1901-ci ilin martında köçürmə sahələrini müəyyənləşdirməyə başladılar. 1904-cü ilin iyulunda çar Rusiyası hökuməti tərəfindən daha bir qanun verilmişdi. "Kənd əhlinin və əkinçi meşşanların könüllü surətdə köçürülməsi haqqında müvəqqəti qaydalar" qanununa görə yalnız rus mənşəli, pravoslav dininə mənsub yerli adamların və ya üç idarənin - Daxili İşlər Nazirliyinin, Hərbi İdarənin və Qafqazda Mülki İşlər üzrə Baş rəisin mülahizəsi ilə bölücü dini sektantlara mənsub şəxslərin imperiyanın müsəlman ucqarlarına, o cümlədən Cənubi Qafqaz diyarına köçürülməsinə icazə verilmişdi. Çar hökuməti tərəfindən aparılan məqsədyönlü siyasət XIX əsr ərzində davam etmişdi. Çar məmuru və publisist N.Şavrov 1911-ci ildə yazırdı: "...hazırda Cənubi Qafqazda yaşayan 1 mln. 300 min erməninin 1 mln. nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən buraya köçürülənlərdir". XX əsrin əvvəlində onların Cənubi Qafqazda ən başlıca himayədarı olan Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov 1912-ci il oktyabrın 12-də çar II Nikolaya məktubla müraciət etmişdi: "Həmişə bizə böyük xidmətlər göstərmiş ermənilərə himayədarlıq etməklə biz etibarlı müttəfiq qazanmışıq". I Dövlət Dumasının Yelizavetpol (Gəncə) quberniyasından seçilmiş deputatı İsmayıl xan Ziyadxanov 12 iyun 1906-cı ildə keçirilən I çağırış I sessiyanın 25-ci iclasında 1906-cı il mayın 27-də İrəvanda tatarlarla (azərbaycanlılarla) ermənilər arasında baş vermiş toqquşmalar, əhalinin təhlükəsizliyinin təmin olunması barədə tədbirləri Nazirlər Şurası sədrinə verilən sorğuya dair müzakirələrdə çıxışı zamanı belə qiymətləndirirdi: "Biz-müsəlmanlara onlar deyirdilər ki, siz iqtisadi cəhətdən erməniləri kölə vəziyyətinə salmısınız, onlar öz çarlığını yaratmaq istəyərək güclü silahlanırlar, bir gün görəcəksiniz ki, siz artıq yoxsunuz. Ermənilərə isə deyirdilər ki, panislamizm ideyası müsəlman cəmiyyətinin bütün təbəqələrinə dərin kök salmışdır və bir gün müsəlmanlar sizi tikə-tikə doğrayacaqlar. Fitnəkarlıq bu yolla gedirdi". İ.Ziyadxanovun Dövlət Dumasında etdiyi bu çıxışdan 115 il keçməsinə baxmayaraq, 1988-ci ildən bu günə qədər keçən dövrün hadisələrini analiz etdikdə İ.Ziyadxanovun nə qədər uzaqgörən və müdrik bir insan olduğunu görürük.

1917-ci il oktyabrın 26-da Rusiyada ABŞ və Avropa maliyyə maqnatlarının yardımı ilə hərbi çevrilişi nəticəsində Petroqradda hakimiyyət bolşeviklərin əlinə keçdi. Sovet Rusiyası XKS-nin sədri V.İ.Leninin imzaladığı sənədlərə əsasən Polşa, Finlandiya və Pribaltika ölkələrinin dövlət müstəqilliyi tanınsa da, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi tanınmadı. Bunun əsas səbəbi isə Bakı neftini əldən verməmək idi. Buna görə də hakimiyyəti silahla ələ alan bolşeviklər çarizmin Şimali Azərbaycana qarşı yürütdüyü siyasətə daha sərt xarakter verərək daşnak-kommunist ermənilərdən istifadə etdilər. 1917-ci il dekabrın 16-da RSFSR XKS-nin sədri V.İ.Leninin sərəncamı ilə S.G.Şaumyan Qafqazın Fövqəladə və səlahiyyətli Komissarı təyin edildi və ona burada öz fəaliyyətini təşkil etmək üçün 500.000 rubl qızıl pul ayrıldı. Cənubi Qafqaza gələn S.G.Şaumyan Bakıda anti-Azərbaycan siyasi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirdi. Bolşevik-daşnak hakimiyyətini möhkəmləndirmək üçün 1918-ci il fevralın 13-də RSFSR XKS yeni qərar qəbul etdi. Bu qərara əsasən S.G.Şaumyanın sərəncamına 31,8 mln. rubl qızıl pul, 5 min tüfəng, 2 mln. patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın və döyüşçü dəstələri, o cümlədən Moskva Hərbi Dairəsinin 4-cü səyyar inqilabi dəstəsi göndərildi. 1918-ci ildə Bakı şəhəri və onun ətrafında yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayəti törədilərək ən azı 12 mindən artıq azərbaycanlı məhv edildi. 1918-ci ilin martından 1921-ci il avqustun 1-dək bütün Şimali və Cənubi Azərbaycan ərazilərində 700.000-dən çox azərbaycanlı soyqırımı cinayətlərinin qurbanı oldu. Bu cinayətlərin hansı səbəbdən törədildiyini S.G.Şaumyan RSFSR XKS-nin sədri V.İ.Leninə 13 aprel 1918-ci il tarixində ünvanladığı məktubunda yazırdı: "Əgər onlar qəbula gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan edilər və bütün qeyri-müsəlman ünsürlər tərk-silah və məhv edilərdi".

S.G.Şaumyanın I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı vuruşan və 1917-ci il 5 oktyabr Ərzincan müqaviləsinə görə Qafqaz Cəbhəsindən geri qayıdan daşnaklardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətməsi və ən başlıcası, Bakı şəhərində hakimiyyəti ələ keçirməsi V.İ.Lenin tərəfindən çox böyük razılıqla qarşılanmışdı. S.G.Şaumyanın Bakı Neft Komitəsinin sədri təyin etdiyi Saak Ter-Qabrielyan neftlə doldurulmuş 7 gəmi ilə əvvəlcə Həştərxana, sonra isə Moskvaya gələrək V.İ.Leninlə görüşmüşdü. Görüş zamanı V.İ.Lenin S.G.Şaumyanın törətdiyi cinayətlərin miqyasından heyran qaldığını söyləyərək: "…Bakı "proletariatına" həm mənəvi, həm də maddi kömək göstərməyə hazır olduğunu" bildirmişdi.

I Dünya müharibəsində iqtisadi baxımdan çökmüş ölkəni dirçəltmək üçün Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı neftinin ələ keçirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. RSFSR XKS-nin 1918-ci il 22 may tarixli qərarı bu baxımdan diqqəti cəlb edir. Qəbul olunmuş qərarda deyilirdi ki, "…ən çox miqdarda neftin yola salınması birinci növbədə və sözsüz təmin edilməlidir". 1918-ci il iyunun 5-də V.İ.Lenin Saak Ter-Qabrielyana vurduğu teleqramda S.G.Şaumyanın sərəncamına əlavə olaraq 50 milyon pul ayırdığını və "nefti birinci yerə qoymaq" tapşırığı verdiyini bildirirdi. Lakin 1918-ci il iyunun əvvəlində bolşevik-daşnak hakimiyyətinin məhv olacağını görən V.İ.Lenin Bakı Sovetinə vurduğu teleqramda yazırdı: "Əgər hücum baş tutarsa, mümkündürsə siz Terə (yəni Ter-Qabrielyana - C.B.) xəbər verəsiniz ki, o Bakını tam yandırmaq üçün tədbirlər görsün və bu barədə Bakı mətbuatında elan versin". Sonralar bolşeviklərin başçısının bu göstərişi ilə əlaqədar prof. E.Razin yazırdı: "...Bakının mədənlərini yandırmaq əmrini yalnız və yalnız insanlıq hissini itirmiş cinayətkar verə bilərdi". 1918-ci il mayın 26-da Gürcüstan Cənubi Qafqaz Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra həmin ayın 28-də Şimali Azərbaycan quberniyalarından seçilən deputatlar Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər. Onlar Azərbaycan Milli Şurasına müraciətlərində Aleksandropolun (Gümrünün) Osmanlı Türkiyəsi Ordusu tərəfindən tutulduğunu qeyd edir və siyasi mərkəz kimi ermənilərə güzəştə gediləcək ərazilərin müzakirəsini təklif edirdilər. Bu baxımdan Fətəli xan Xoyskinin Ermənistan hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı AXC-nin xarici işlər naziri M.H.Hacinskiyə 1918-ci il mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəli xan Xoyski məktubunda yazırdı: "biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərlə güzəştə getdik". Lakin bu məsələyə aid arxiv sənədlərinin son dərəcə dəqiqliklə öyrənilməsi və elmi təhlili qəbul edilən taleyüklü qərarın bütün beynəlxalq hüquq prinsiplərinin pozulması və Azərbaycan xalqının rəyi soruşulmadan qəbul edildiyi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. Bu məsələyə aid arxiv sənədlərinin zənginliyi ilə seçilən əsərlərdən biri t.e.d. dos. V.V.Qafarovun 2011-ci ildə "Azərnəşr" nəşriyyatında çap olunmuş "Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1920)" adlı monoqrafiyasıdır ki, bu əsərin V fəslində bütün Azərbaycan xalqını maraqlandıran ən ağır suallardan birinə - İrəvan şəhərinin ermənilərə necə verilməsi məsələsinə t.ü.f.d. V.V.Qafarov tərəfindən Türkiyə Cümhuriyyəti BBA-də aşkar edilmiş sənədlərdə aydınlıq gətirilmişdir. Bu fakt da məlumdur ki, o zaman Bakı şəhəri Sovet Rusiyasının əlində idi. Bütün bunlarla yanaşı, Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Zəngəzur bölgələrində erməni quldur dəstələrinin yerli azərbaycanlı əhaliyə qarşı hücumları davam edirdi. Çıxılmaz vəziyyətə düşən Azərbaycan əhalisi öz nicat yolunu Osmanlı dövlətinə müraciət etməkdə görürdü və bunu nəzərə alan Seymdə təmsil olunan azərbaycanlı deputatlar da belə bir fikrin tərəfdarı idilər.

(davamı növbəti saylarımızda)

Cəbi BƏHRAMOV, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.ü.f.d., dosent.

“Respublika” qəzeti

  • Paylaş: