Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2025 14:08
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “2 Fevral – Gənclər Günü” qeyd olunub

Əlyazmalar İnstitutunda “2 Fevral – Gənclər Günü” qeyd olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli öncə gəncləri təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev gənc yaşlarından başlayaraq indiyədək uğurla davam etdirir. Gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını, onlara elmi və ictimai fəaliyyətlərində dəstək olduğunu vurğulayan alim çıxışında gənc nəslin təlim-tərbiyəsi, onlara düzgün yol göstərilməsi məsələlərinə xüsusi həssaslıq və ehtiyatla yanaşmanın tərəfdarı olduğunu söyləyib. Daha sonra çıxış üçün sözü Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayevaya verib.

Səadət Mustafayeva çıxışında bu əlamətdar günün Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncama əsasən ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. İnstitut rəhbərliyinin gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edən sədr gənclərin də hər zaman bu etimadı doğrultduğunu, işlədiyi müəssisənin gənc kadrları ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu vurğulayıb.

Tədbirdə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının katibi, Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Nərgiz Mustafazadənin “Əlyazmalar İnstitutu və müasir gənclik”, Biblioqrafiya şöbəsinin baş mütəxəssisi Gülnarə Ağayevanın “Müasir gəncliyin məsuliyyəti: Keçmişin dəyərlərini qoruyaraq gələcəyi qurmaq”, Əlyazmaların elektron resurslar şöbəsinin mütəxəssisi Səbinə Paşayevanın “Azərbaycan gənclərinin təhsil və karyera problemi” və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş mütəxəssisi Arzu Abdulzadənin “Gənclər günü – Gələcəyin işığı” adlı məruzələri dinlənilib.

Tədbirin sonunda akademik Teymur Kərimli gənc əməkdaşlarımızı bir daha “2 Fevral – Gənclər Günü” münasibətilə təbrik edib, onlara həyatda və elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: