Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın musiqi qalası Şuşa” kitabı Türkiyədə nəşr olunub
31.01.2025 14:52
  • A-
  • A
  • A+

“Azərbaycanın musiqi qalası Şuşa” kitabı Türkiyədə nəşr olunub

Azərbaycanın tanınmış musiqişünas alimi, akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası Şuşa” kitabı Türkiyədə Türk Ədəbiyyatı Vəqfi yayımları tərəfindən çap olunub.

Türk musiqisinin təbliği baxımından əhəmiyyətli mənbə sayılan bu kitab həm Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin, həm musiqişünasların, həm də klassik ədəbiyyat mütəxəssislərinin marağına səbəb olub.

Mədəniyyət və Turizm Nazirliyi bu kitabın Türkiyədəki ən böyük kitabxanalarda yer alması ilə bağlı qərar qəbul edərək, 200 ədəd kitabı Türk Ədəbiyyatı Vəqfindən alaraq kitabxanalara göndərib. Türkiyəli musiqişünasların fikrinə görə, bu kitab “Türk dünyasının musiqi terminləri” lüğətini hazırlayan elm adamları üçün də əvəzsiz mənbə olacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının qərarıyla fəlsəfə, sosiologiya, ədəbiyyat, musiqi, eləcə də digər elm sahələrini əhatə edən “Türk dünyası terminləri” lüğətinin hazırlanmasına başlanıb.

“Azərbaycanın musiqi qalası Şuşa” kitabının nəşrinə böyük dəstək verən Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin rəhbəri Sərhad Kabaklı Kərkükdən Harputa qədər geniş bir coğrafiyanı əhatə edən Türk musiqisinin tarixən zəngin ənənə və örnəklərə malik olduğunu vurğulayıb: “Zemfira xanım bu kitabıyla zəngin musiqi ənənələrinə malik qədim Türk şəhəri olan Şuşanı və Şuşada formalaşan musiqi mədəniyyətini, musiqi mühitini bizlərə tanıtdı. Zemfira xanım bizə dilimiz, adət-ənənəmiz qədər musiqimizin də bir-birinə çox bənzədiyini bir daha sübut etdi. Bu kitabı oxuduqdan sonra mən Harput musiqisinin köklərinin Şuşadan qaynaqladığı qənaətinə gəldim”.

Kitabın tərcüməçisi İmdat Avşar isə “Azərbaycanın musiqi qalası Şuşa” kitabındakı dərin elmi təhlillərlə yanaşı, Mir Möhsün Nəvvabın toplunun sonuna əlavə olunmuş “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin də türkiyəli musiqişünasların və klassik ədəbiyyatçıların diqqətini cəlb etdiyini bildirib: “Bundan əlavə, türkiyəli oxucular bu kitab sayəsində Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu başda olmaqla Şuşanın ədəbiyyat və musiqi mühitində yetişən neçə-neçə musiqiçini, bəstəkar  və xanəndəni tanıya biləcəklər”.

“525-ci qəzet”

  • Paylaş: