Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2025 09:30
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan Gəncləri Günüdür

Bu gün Azərbaycan Gəncləri Günüdür

Gənclik sabah, millətin gələcəyi deməkdir. Azərbaycanın gənclər siyasəti onların düzgün istiqamətləndirilməsinə, intellektual, mənəvi və sosial inkişafına hədəflənib. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasət ölkəmizin gələcəkdə də dayanıqlı inkişafını təmin edəcək gənc nəslin formalaşmasına xidmət edir.

Gəncliyə qayğı – etibarlı gələcəyin əsas təminatı

Hər il fevralın 2-də ölkəmizdə Azərbaycan Respublikası Gəncləri Günü təntənə ilə qeyd edilir. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilən bu günün qeyd edilməsi təkcə gəncliyin inkişafına diqqət çəkmək üçün deyil, eyni zamanda, gələcək nəsillərə dövlətin göstərdiyi qayğını ifadə etmək məqsədi daşıyır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətin vətəndaşları Azərbaycan Gəncləri Gününü xüsusi ruh yüksəkliyi ilə qeyd edirlər. Gəncliyin inkişafına dövlət səviyyəsində göstərilən qayğı ölkəmizin gələcəyinə yatırılan ən dəyərli sərmayədir. Gənclər təkcə ölkədaxili uğurlarla deyil, beynəlxalq miqyasda da Azərbaycan dövlətinin maraqlarını layiqincə təmsil edir və qoruyurlar.

Ulu Öndərin bünövrəsini qoyduğu gənclər siyasəti

Ölkəmizdə dövlət gənclər siyasəti xalqımızın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan Gənclərinin Birinci Forumu təşkil edilib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətənpərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürüb. Onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb. Həmin dövrdə ictimai-siyasi həyatda gənclərin fəal iştirakı, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli və gənclər təşkilatlarının inkişafı sahəsində irəliyə doğru uğurlu addımlar atılıb.

Gənclər siyasətinin yeni səviyyəsi - yüksək təhsil, yaradıcılıq və peşəkarlıq

Son illər ölkəmizdə aparılan ardıcıl siyasət nəticəsində Azərbaycan gəncliyi inkişafın aparıcı qüvvəsinə çevrilib. 2007-ci ildən bəri icra olunan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət proqramları çərçivəsində minlərlə gənc dünyanın müxtəlif universitetlərində yüksək ali təhsil alıb. Həmin proqramın həyata keçirilməsi nəticəsində yüksəkixtisaslı kadr potensialı formalaşıb, öz sahəsində hərtərəfli biliyə yiyələnən çoxlu gənc xaricdə təhsil alandan sonra doğma Vətənə qayıdıb. Gənclərin məşğulluğunun artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə mühüm layihələr həyata vəsiqə alıb. Həmin proqramlar gənclərin yaradıcılıq və peşəkar inkişafına hərtərəfli imkanlar yaradır.

Azərbaycan gəncləri “Böyük Qayıdış” proqramında əsas aparıcı qüvvədir

2020-ci ilin payızında xalqımızın Böyük Zəfəri ilə başa çatan Vətən müharibəsi gənclərin Vətənə bağlılıq və fədakarlıq ruhunun parlaq nümunəsinə çevrilib. 44 gün davam edən haqq savaşı günlərində gənclər həm ön, həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstəriblər. Həmin günlərdə onların nümayiş etdirdiyi birlik, həmrəylik igidlik və rəşadət zaman-zaman xatırlanacaq. Gənc nəsil həmin sınaq günlərində çox böyük örnək qoydu.

İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi prosesində də gənclərin rolu əvəzedilməzdir. Onlar ölkəmizdə həyata keçirilən böyük quruculuq və abadlıq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında fəal iştirak edirlər. Eyni zamanda, gənclər bölgələrdə sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsində də fəallıq göstərirlər. Ötən ilin noyabrında Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransında da gənclər, o cümlədən könüllü gənclər böyük rol oynayıb. Gənclərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin imzası ilə onlara təşəkkürnamələr təqdim edilib. Həmin tədbirlər gənclərin liderlik qabiliyyətlərini inkişaf etdirməyə imkan verir. Həmçinin həmin təşəbbüslər gənclərin dövlətə və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə şərait yaradır.

Şəhər və rayonlarından birinin Gənclər Paytaxtı elan edilməsi ənənədir

2012-ci ildən başlayaraq hər il Azərbaycanın müxtəlif şəhər və rayonlarından birinin Gənclər Paytaxtı elan edilməsi ənənə halını alıb və həmin təşəbbüs bölgələrdə gənclər hərəkatının inkişafında əhəmiyyətli rol oynayır. Bu il Qəbələ şəhərinin Gənclər Paytaxtı elan edilməsi bölgədə gənclər üçün yeni imkanların yaradılması məqsədi daşıyır. Xatırladaq ki, 2024-cü ildə Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı statusunu daşıyıb. Bu çərçivədə bir sıra beynəlxalq tədbirlər təşkil olunub və Azərbaycan gəncləri dünya miqyasında öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.

Gənclik böyük perspektivlər vəd edir

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti milli maraqların qorunması, gənclərin innovativ potensialının üzə çıxarılması və onların ölkənin hərtərəfli inkişafında fəal iştirakının təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin bu il yanvarın 31-də imzaladığı Sərəncamla müxtəlif sahələrdə fərqlənən gənclərə Prezident mükafatı verilib. Bu, gənclərə göstərilən qayğının parlaq ifadəsidir.

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları müsbət qiymətləndirib. Dövlətimizin başçısı Azərbaycan idmançılarının 1700-ə yaxın medal qazandığını və bunun idmanın inkişafında, eləcə də yeni nəsil idmançıların yetişməsində böyük əhəmiyyətini qeyd edib, Yay Olimpiya Oyunlarında Azərbaycanın komanda hesabında 30-cu yerdə qərarlaşmasını ən yüksək nəticə kimi dəyərləndirib. Prezident öz çıxışında 2025-ci ildə Azərbaycanın növbəti böyük idman yarışına - MDB Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Həmin yarışların keçirilməsi üçün 14 şəhər seçilib və Gəncə şəhəri həmin Oyunların mərkəzi olacaq.

Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün ölkəmizdə geniş şərait yaradılıb. Onlar dövlətin etimadını doğruldaraq ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edir, öz bilik və bacarıqları ilə dövlətimizin strateji məqsədlərinə xidmət edirlər. Gənclik - sabah, gənclik - gələcək deməkdir və onların yaxından iştirakı ilə gündən-günə çiçəklənən ölkəmizin gələcəyi daha böyük perspektivlər vəd edir.

AzərTac

  • Paylaş: