Çoxəsrlik zəngin ənənələrə malik olan Azərbaycan elmi XX əsrdə özünün təşkilatlanma dövrünə qədəm qoymuşdur. Əsas dövlət ali elmi təşkilatı olan Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsi üçün XX əsrin əvvəllərində yaradılmış elmi qurumların fəaliyyəti mühüm hazırılıq mərhələləri olmuşdur. Bu mənada 2 noyabr 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə Azərbaycan Milli Elmlər Akademiyasının ilkin təməli atılmışdır. Bundan sonra ölkəmizdə elmi tədqiqat işlərinin təşkili 1929-cu ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu vasitəsilə həyata keçirilmişdir. Az sonra, 29 dekabr 1932-ci il tarixdə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin təsis edilməsi ilə Azərbaycanda akademik statusda ilk elmi təşkilatın əsası qoyulmuşdur. Qısa müddət ərzində ölkəmizdə bu elmi qurumun tərkibində ayrı-ayrı istiqamətlər üzrə ilk elmi müəssisələr və sektorlar yaradılmışdır. SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 25 oktyabr 1935-ci il tarixli qərarı ilə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsi 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilmiş, bununla müstəqil Akademiyanın yaradılmasına doğru mühüm addım atılmışdır. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə akademik Frans Yuliyeviç Levenson - Lessinq, Ruhulla Axundov, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına isə 1937-1939-cu illərdə akademik İvan Mixayloviç Qubkin, sonra akademik S.S.Namyotkin, ən sonda isə professor Əhəd Yaqubov rəhbərlik etmişlər. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının fəaliyyət göstərdiyi 1932-1945-ci illərdə respublikamızda elmi-tədqiqat müəssisələrinin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilmiş, yüksək ixtisaslı elmi dərəcəli kadr potensialı formalaşdırılmış, beləliklə, Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi üçün zəruri hazırlıq işləri aparılmışdır.
Nəhayət, Azərbaycan SSR Nazirlər Sovetinin 27 mart 1945-ci il tarixli qərarı ilə Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuş və Akademiyanın aşağıdakı tərkibdən ibarət ilk təsisçiləri müəyyən edilmişdir: Mir Əsədulla Mir Ələkbər oğlu Mirqasımov, Şamil Əbdülrəhim oğlu Əzizbəyov, Heydər Nəcəf oğlu Hüseynov, Yusif Heydər oğlu Məmmədəliyev, Mirəli Seyidəli oğlu Qaşqay, Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov, Səməd Vurğun Yusif oğlu Vəkilov, Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə, Mustafa bəy Ağabəyoğlu Topçubaşov, Mikayıl Ələsgər oğlu Useynov, Qrosseym Aleksandr Alfonsoviç, Yesman İosif Qavriloviç, Mirzə Əjdər oğlu İbrahimov, Şirokoqorov İvan İvanoviç, Sadıq Ələkbər oğlu Dadaşov.
Elmlər Akademiyasının ilk təsisçilərinin iştirakı ilə 31 mart 1945-ci il tarixdə keçirilmiş Azərbaycan SSR Elmlər Akademiyasının Ümumi Yığıncağında akademik Mir Əsədulla Mirqasımov AEA-nın prezidenti, akademik Şamil Əzizbəyov və akademik Heydər Hüseynov vitse-prezidentlər, akademik Mirəli Qaşqay akademik katib seçilmişlər. Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin 5 nəfərdən formalaşdırılmış ilk tərkibi Akademiyanın rəhbər vəzifələrinə seçilmiş alimlərdən və akademik Yusif Məmmədəliyevdən ibarət təşkil olunmuşdur. Ümumi Yığıncaq eyni zamanda 31 mart 1945-ci il tarixdə Elmlər Akademiyasının elmi bölmələrini yaratmış və onların rəhbərlərini seçmiş və tərkibini müəyyən etmişdir. Bundan başqa, AEA-nın təsis Ümumi Yığıncağında Azərbaycan Elmlər Akademiyasının ilk Nizamnaməsi qəbul olunmuşdur.
Azərbaycan Elmlər Akademiyası ölkəmizdə təşkilatlanmış ən mötəbər dövlət ali elmi qurumudur. Qısa müddət ərzində Azərbaycan Elmlər Akademiyasında ölkəmizdə elmi tədqiqatların inkişaf etdirilməsi, akademik təşkilatın tərkibində elmi-tədqiqat institutlarının formalaşdırılması, onların maddi-texniki bazasının yaradılması, yüksək ixstisaslı elmi kadrların hazırlanması sahəsində genişmiqyaslı böyük işlər aparmışdır. Azərbaycan elminin akademik korpusunun qurulması, elmi məktəblərin meydana çıxması, yeni elmi nəsillərin cəmiyyətin aparıcı qüvvələrinə çevrilməsi Azərbaycan Elmlər Akademiyasının xalqımız və ölkəmiz qarşısındakı mühüm xidmətləridir. Ölkəmizin sosial-iqtisadi inkişafında, cəmiyyət həyatının müxtəlif sahələrinin yenidən qurulmasında və inkişafında Azərbaycan Elmlər Akademiyasında hazırlanmış elm tutumlu proqramların, irəli sürülmüş təşəbbüslərin və ideyaların özünəməxsus yeri və rolu olmuşdur. Eyni zamanda, Azərbaycan elminin xarici əlaqələrinin təşkili və ölkə elminin görkəmli simalarının dünyada tanıdılması və mühüm elmi nailiyyətlərimizin beynəlxalq səviyyədə təqdim olunması da Azərbaycan Elmlər Akademiyasının xidmətləri sırasında mühüm yer tutur.
Ölkəmizdə azərbaycançılıq idellarının formalaşdırılması və inkişaf etdirilməsində, Azərbaycan dilinin yaşadılması və zənginləşdirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması və möhkəmləndirilməsində Azərbaycan Elmlər Akademiyası üzərinə düşən məsul vəzifələri yüksək məsuliyyətlə həyata keçirmişdir. İkinci Dünya müharibəsində qələbənin təmin edilməsində həlledici əhəmiyyətə malik olan yüksək oktanlı soyuğadavamlı yanacaq növü Azərbaycan Elmlər Akademiyasının alimləri tərəfindən kəşf edilmişdir. Dənizdən neft çıxarılması ideyasının meydana çıxması və Azərbaycan neftinin əfsanəsi olan Neft Daşlarının salınması Elmlər Akademiyasının adı və fəaliyyəti ilə üzvü surətdə bağlıdır. Akademiyanın alimləri səmada yeni ulduzlar kəşf edib, onlara Azərbaycan alimlərinin, yazıçıları və şairlərinin adlarını vermişlər. Azərbaycan alimlərinin tədqiqatları əsasında ölkəmiz dünyada yarımkeçiricilər fizikası və selenin öyrənilməsi üzrə əsas elmi mərkəz kimi qəbul edilmişdir. Naftalan neftinin aşkara çıxarılması və bu əsasda ölkəmizdə beynəlxalq statusa malik müalicə-sağlamlıq kompleksinin qurulması da Akademiya elminin nailiyyətlərindəndir. Qobustan və Gəmiqaya qayaüstü rəsmlərinin aşkara çıxarılması və tədqiq edilərək xalqımıza və dünyaya təqdim olunması da Azərbaycan Elmlər Akademiyasının xidmətidir. Ölkəmizdə enerji, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi üzrə tədqiqatların aparılması, şoranlaşma və quraqlıqla mübarizənin elmi əsaslarının yaradılması Elmlər Akademiyasında həyata keçirilmişdir. Azərbaycanın zəngin təbii sərvətlərinə, flora və faunasına, iqtisadi inkişafına və ədəbi-mədəni irsinə həsr edilmiş tədqiqatlarla Elmlər Akademiyası ölkəmizin hərtərəfli şəkildə inkişaf etdirilməsinə xidmət göstərmişdir. Xüsusən, respublikamızda neft-kimya sənayesinin qurulması, yeni neft-qaz yataqlarının kəşfi və istismarı, Xəzər dənizinin ekologiyası və geologiyası sahəsində aparılmış elmi tədqiqatlar respublikamızın inkişafında mühüm dəyişikliklərə səbəb olmuşdur.
Keçmiş sovet rejiminin tələbləri ilə heç də həmişə səsləşməyən bir çox ciddi ictimai-siyasi mətləblər və çağırışlar da zaman-zaman Azərbaycan Elmlər Akademiyasının tanınmış alimləri tərəfindən gündəmə gətirilmişdir. Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun Azərbaycanın Çar Rusiyası ilə könüllü deyil, zorla birləşdirilməsini bəyan etməsi, AEA-nın müxbir üzvü Abbas Zamanovun Azərbaycan Respublikasının ayrılmaz üzvü tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisinin Ermənistan SSR-ə verilməsinə etiraz səsini ucaltması, erməni cəlladı Andranikə heykəl qoyulmasına yol verilməməsi üçün Sovetlər İttifaqının, Azərbaycan SSR-in rəhbər orqanlarına müracətlərin edilməsi, Nəriman Nərimanovun yalnız yazıçı kimi deyil, dövlət xadimi olaraq da qəbul edilməsi məqsədilə zəruri tədqiqatların aparılması və ictimai fikrin formalaşdırılması sahəsində də Azərbaycan Elmlər Akademiyası daim öz sözünü demişdir.
Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində də Elmlər Akademiyası bütün dövrlərdə mübariz keşikdə dayanmışdır. Təsadüfi deyildir ki, Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə Azərbaycan dilinin statusunun qorunması və daha da inkişaf etdirilməsi məsələlərini ölkəmizin tanınmış ziyalılarının iştirakı ilə Elmlər Akademiyasında müzakirəyə çıxarmışdır. Türk dövlətləri rəhbərlərinin iştirakı ilə "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinə həsr edilmiş möhtəşəm beynəlxalq tədbir də Akademiyada təşkil olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi ərəfəsində ölkədə mövcud ictimai-siyasi vəziyyət və zəruri çıxış yolları haqqında müzakirələri 21 sentyabr 1993-cü il tarixdə Azərbaycan Elmlər Akademiyasının Böyük Akt Zalında keçirmişdir. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin və milli-mənəvi dəyərlərin inkişaf etdirilməsində Elmlər Akademiyası faktoruna xüsusi önəm vermis, bu dövlət ali elmi təşkilatının fəaliyyətinə daim qayğı göstərmişdir. Elmlər Akademiyasına 2001-ci ildə Milli Elmlər Akademiyası statusunun verilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin aşağıdakı sözləri Akademiyanın keçdiyi məsuliyyətli və şərəfli inkişaf yoluna, elmimizin nailiyyətlərinə, alimlərimizin xidmətlərinə dövlət səviyyəsində bəslənilən yüksək münasibəti dərin mənası ilə birlikdə ifadə edir: "Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu Akademianı yaradanlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu Akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir... Ümumən götürdükdə, şübhəsiz ki, elmin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik" (Bax: Heydər Əliyev. Müdriklik mücəssiməsi. (Tərtib edənlər: V.Quliyev, A.Rüstəmli). Bakı, "Elm", 2023, s.383).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə yeni cəmiyyət quruculuğunda Milli Elmlər Akademiyasının və elmin roluna xüsusi önəm verir. Milli Elmlər Akademiyasının yaradılmasının 70 illik yubileyi mərasimində dövlət rəhbərimizin bəyan etdiyi aşağıdakı fikirlər bütövlükdə Azərbaycan elminin, o cümlədən də Milli Elmlər Akademiyasının xidmətlərinin qiymətləndirilməsi ilə bərabər, müasir mərhələdəki vəzifələrini də diqqət mərkəzinə çəkir: "Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmləndirilməsinə çox dəyərli töhfələr vermişdir... Bu gün Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq, ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar" (Bax: Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncağın materialları. Bakı, "Elm", 2016, s.20-21).
Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri (1945-ci il): Oturanlar (soldan sağa): Səməd Vurğun (1906–1956), İosif Yesman (1868–1955), Üzeyir Hacıbəyov (1885–1948), Ələşrəf Əlizadə (1911–1985), Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883–1958), İvan Şirokoqorov (1869–1946), Aleksandr Qrossheym (1888–1948), Mustafa Topçubaşov (1895–1981); Ayaqüstə (soldan sağa): Yusif Məmmədəliyev (1905–1961), Mirzə İbrahimov (1911–1993), Şamil Əzizbəyov (1906–1976), Heydər Hüseynov (1908–1950), Mirəli Qaşqay (1907–1977), Sadıq Dadaşov (1905–1946), Mikayıl Hüseynov (Üseynov) (1905–1992)
Səksən il ərzində Azərbaycan Milli Elmlər Akademiyası ölkədə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərlə əlaqədar olaraq, bir neçə mərhələdə inkişaf etdirilmişdir. Elmlər Akademiyasının 1945-1969-cu illəri əhatə edən birinci mərhələsində bu ali akademik qurumun elmi-təşkilati strukturunun qurulması, Akademiyanın təşkilatlanması və elmi əsaslarının yaradılması dövrüdür. Elmlər Akademiyasının elmi-təşkilati strukturunun qurulması, maddi-texniki bazasının formalaşdırılması, yüksəkixtisaslı kadr potensialının yetişdirilməsi və cəmiyyətdə gedən proseslərə inteqrasiya olunması vəzifələri həyata keçirilmişdir. Azərbaycan Elmlər Akademiyasının inkişafında xüsusi bir mərhələ olan 1969-1982-ci illər elm tariximizə o zaman Azərbaycan Sovet Respublikasına rəhbərlik etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan mərhələ kimi daxil olmuşdur. Məhz bu mərhələdə Azərbaycan Elmlər Akademiyası hərtərəfli şəkildə inkişaf etdirilərək, keçmiş SSRİ məkanında xüsusi nüfuz qazanmış, respublikamız keçmiş Sovetlər İttifaqı miqyasında və ondan kənarda mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunmuşdur. Azərbaycanda bir çox mühüm istiqamətlər üzrə elmi məktəblərin yaranması, elmin ölkəmizin iqtisadi-mədəni həyatında rolunun artması, yeni elmi istiqamətlər üzrə elmi-tədqiqat müəssisələrinin yaradılması və inkişaf etdirilməsi bu tarixi mərhələdə qazanılmış əsas nailiyyətlərdir. Bu dövrdə Elmlər Akademiyası Azərbaycançılıq mərkəzi funksiyasını həyata keçirmişdir. Bütün bunlara görə 1969-1982-ci illər respublikamızın bütün sahələrində olduğu kimi, elm sahəsində də intibah dövrü hesab olunur. Azərbaycan SSR Elmlər Akademiyasının 1975-ci ildə keçmiş SSR-nin ən yüksək təltiflərindən olan "Xalqlar dostluğu" ordeninə layiq görülməsi də həmin yüksək inkişafın göstəricisidir.
Elmlər Akademiyasının tarixində 1983-1993-cü illər tənəzzül və böhran dövrü adlandırıla bilər. Belə ki, 1983-1988-ci illərdə Elmlər Akademiyasında əvvəlki mərhələdə əldə edilmiş nailiyyətlərin tədricən aşağı enmə prosesləri yaşanmış, nəhayət, tənəzzül həddinə çatmışdır. Keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da 1988-ci ildən etibarən başlanan milli azadlıq hərəkatı dalğasının 1989-1990-cu illərdə daha da genişlənməsi və 1991-ci ildə müstəqil dövlətçiliyinin yaranması ilə nəticələndiyi mərhələdə cəmiyyət həyatının digər sahələri ilə birlikdə elmi mühitdə də ana fikir ictimai-siyasi proseslərə yönəldiyi üçün Elmlər Akademiyasının fəaliyyəti də diqqətdən kənarda qalmışdır. Bundan sonrakı 1991-1993-cü illərdə isə Azərbaycan Elmlər Akademiyasının ləğv edilməsi, bağlanması haqqında bəyanatlar səslənmiş, ölkəmizdən yaxın və uzaq xarici ölkələrə beyin axını genişlənmiş, beləliklə, elmi mühitdə böhran dövrü aşkar müşahidə edilmişdir.
Azərbaycan Respublikasında 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkilərində görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Akademiya da yenidən təşkilatlanma mərhələsinə qədəm qoymuşdur. Doğrudur, hələ Azərbaycan Respublikası Milli Məclisinin Sədri kimi Heydər Əliyevin 21 sentyabr 1993-cü il tarixdə Elmlər Akademiyasında ölkə ziyalıları ilə görüşündə cəmiyyət həyatının bütün istiqamətlərində, o cümlədən də Elmlər Akademiyasında baş vermis böhrandan çıxış yollarının müzakirə edilməsi və görkəmli dövlət xadiminin Akademiyanın xilas ediləcəyinə dair qəti bəyanatlar səsləndirməsi ilə bu akademik qurumun gələcək taleyinə işıq salınmışdır. Xüsusən, Heydər Əliyevin həmin görüşdə cəmiyyətin diqqətinə çatdırdığı aşağıdakı fikirlər Elmlər Akademiyasında yenidən canlanma prosesinin baş verəcəyinə inam yaratmışdır: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları bağlamaq istəyirlər, elm ocağına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir" (Bax: Heydər Əliyev. Müdriklik mücəssiməsi (məruzələr, çıxışlar, müsahibələr). Tərtib edənlər: V.Quliyev, A.Rüstəmli. Bakı, "Elm", 2023, s.383).
Görkəmli dövlət xadimi Heydər Əliyevin 31 yanvar 1997-ci il tarixdə Azərbaycan Elmlər Akademiyasının rəhbər heyəti, Akademiyanın həqiqi və müxbir üzvləri, görkəmli alimlərlə keçirdiyi tarixi görüş geniş mənada ölkə elminin, xüsusən də Elmlər Akademiyasının dövlət müstəqilliyi dövrünün tələblərinə doğru inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ulu öndər Heydər Əliyevin həmin tarixi görüşdə elmi ictimaiyyətin diqqətinə çatdırdığı aşağıdakı fikirlər Elmlər Akademiyasının müstəqillik dövrünün prinsipləri əsasında yenidən formalaşdırılmasının yol xəritəsi konsepsiyasıdır. "İndi Azərbaycan müstəqil dövlətdir, Azərbaycan Elmlər Akademiyası dövlət Elmlər Akademiyasıdır. Bizim Akademiyamızın gərək strategiyası olsun. Bu strategiyanı da gərək siz respublikamızın həm elmi tədqiqat sahəsindəki imkanları əsasında qurasınız, həm də elmi tədqiqat işlərinin nəticəsinə görə respublikamıza lazım olan sahələri əhatə etməyə çalışasınız.
...Şübhəsiz ki, keçmişdə olan, bu gün üçün dəyərli təcrübədən istifadə etmək lazımdır... Amma keçmiş üsul-idarəni, metodları, qanun-qaydaları əsas götürüb, onları təkrar etmək düzgün deyil. Ona görə də indi Siz elmin inkişafı üçün Akademiyanın strategiyasını müəyyən edərkən, gərək işə bax, bu prinsiplər əsasında yanaşasınız" (Bax: Heydər Əliyev. Azərbaycan elminin keşiyində. 2 cilddə, II cild, Bakı, "Turxan", 2013, s.157-158).
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 may 2001-ci il tarixli Sərəncamı ilə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası status verilməsi ilə ölkəmizdə müstəqillik dövrünün dövlət ali elmi təşkilatının formalaşdırılması işi başa çatdırılmışdır. Heydər Əliyevin 4 yanvar 2003-cü ildə Milli Elmlər Akademiyasının yeni Nizamnaməsini təsdiq etməsi ilə müstəqil Azərbaycan Respublikasında akademiya quruculuğunun əsas istiqamətləri müəyyən edilmişdir. Bütün bunlara görə 1993-2003-cü illər yenidən təşkilatlanma və dövlət müstəqilliyi dövrünün Milli Elmlər Akademiyası quruculuğu mərhələsidir.
Milli Elmlər Akademiyası 2003-2022-ci illərdə modernləşdirmə dövrünü yaşamışdır. Bu tarixi mərhələdə Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksələn xətlə inkişafı proseslərinə uyğun olaraq, yeni elmi tədqiqat institutları təsis edilmiş, Şamaxı Astrofizika Rəsədxanası modernləşdirilmiş, Akademiyada Elektron Kitabxana, Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən 13 dekabr 2014-cü il tarixdə təsdiq edilmiş Nizamnamə də Milli Elmlər Akademiyasında modernləşdirmə xəttinin, innovasiya fəaliyyətinin genişləndirilməsinə, elm sahəsində sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə hüquqi təminat verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsinin bəzi məsələləri haqqında"kı 28 iyul 2022-ci il tarixli Sərəncamı əsasında ölkəmizdə elm sahəsində yeni tarixi mərhələyə start verilmişdir. Milli Elmlər Akademiyasının inkişafında bu tarixi mərhələ yeniləşmə və islahatlar dövrü kimi xarakterizə olunur. Milli Elmlər Akademiyasının tərkibindəki dəqiq-texniki və təbiət elmlərinə dair elmi tədqiqat institutlarının yeni yaradılmış Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin tərkibində yüksək texnologiyalar əsasında yenidən qurulması və elmin təhsillə inteqrasiyasının genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunmuşdur.
Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən humanitar və ictimai elmləri əhatə edən elmi tədqiqat institutlarında isə ölkəmizin inkişaf strategiyasının və milli prioritetlərinin tələbləri işığında elmi tədqiqat fəaliyyətinin azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə, türk dünyasına daha geniş şəkildə inteqrasiya edilməsinə doğru inkişaf etdirilməsi diqqət mərkəzinə çəkilmişdir. Akademiya sistemində fəaliyyətini davam etdirən Respublika Seysmoloji Mərkəzi də bu elm sahəsi üzrə beynəlxalq əlaqələrini möhkəmləndirməklə yanaşı, region dövlətlərinin və türk dünyasının elmi qurumları ilə daha geniş əlaqələrin qurulmasına üstünlük vermişdir. Eyni zamanda, həm Elm və Təhsil Nazirliyi sistemində və həm də Milli Elmlər Akademiyasında təmsil olunan elmi tədqiqat institutlarında IV Sənaye İnqilabının və ölkəmizdə yüksək səviyyədə təşkil olunmuş COP29-un çağırışları əsasında süni intellekt və rəqəmsal inkişaf, ağıllı texnologiyalar və yaşıl transformasiyalarla əlaqədar yeni vəzifələrin həyata keçirilməsi ön mövqeyə çıxmışdır.
Bu isə öz növbəsində həm də Azərbaycan elminin dünya elminə daha geniş şəkildə inteqrasiya olunmasını meydana çıxarmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının özünün inkişafı tarixində ilk dəfə olaraq ölkələrarası ikitərəfli elmi əməkdaşlıqla paralel şəkildə beynəlxalq elmi təşkilatların üzvü olmaq istiqamətində atdığı addımlar elm sahəsində milli fəaliyyət strategiyası ilə qlobal əməkdaşlığın vəhdətinə nail olmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixdə təsdiq etdiyi Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi Akademiyada yenilənmə proseslərinin və islahatların daha da məqsədyönlü şəkildə həyata keçirilməsinə hüquqi cəhətdən təminat verir və müasir dövrün tələbləri əsasında hərtərəfli inkişaf üçün geniş perspektivlər açır.
Hazırkı mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasında dövlətimizin elm siyasətinin uğurla həyata keçirilməsi üçün yeniləşdirmə prosesləri dönmədən davam etdirilir. Milli Elmlər Akademiyasında müstəqil Azərbaycan dövlətinin müasir inkişafı ilə əlaqədar məsələlərin: sosial-mədəni mühitin yenidən qurulması, azərbaycançılıq konsepsiyasının, Qarabağa və Qərbi Azərbaycana Qayıdış siyasətinin elmi əsaslarının işlənilib hazırlanması, türk dünyası ilə inteqrasiya proseslərinin inkişaf etdirilməsi üçün məqsədyönlü tədqiqatlar aparılır, düşünülmüş tədbirlər icra olunur. Bu baxımdan Akademiyanın elmi kollektivlərində çoxcildlik "Heydər Əliyev Ensiklopediyası" və "Qərbi Azərbaycan Ensiklopediyası"nın hazırlanması istiqamətində fəaliyyətə start verilməsi Milli Elmlər Akademiyasının müstəqillik dövrünün elmi layihələri kimi mühüm əhəmiyyətə malikdir. Bundan başqa, hazırda müasir dövrün çağırışları əsasında Akademiyanın ayrı-ayrı struktur bölmələrinin yenidən formalaşdırılması üçün də zəruri islahatlar həyata keçirilir. Yeni tarixi dövrün tələblərinə uyğun olaraq bəşəri dəyərlərə və ümummilli maraqlara xidmət edən elmi istiqamətlərin müəyyən edilməsi və həyata keçirilməsi, struktur bölmələrin fəaliyyətinin yeniləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan elminin ölkəmizdə yeni cəmiyyət quruculuğundakı rolunun daha da artırılmasına xidmət edir. Son illərdə Milli Elmlər Akademiyasının müxtəlif tədqiqat institutlarında yaradılmış "Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı", "Xəzərin arxeologiyası", "Məhkəmə arxeologiyası", "Qərbi Azərbaycan tarixi", "Qərbi Azərbaycan folkloru", "Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi", "Toponimika", "Monitorinq və linqvistik təhlil", "Türk sənət tarixi və mədəni irsi", "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" və sair kimi müstəqillik dövrünün reallıqlarından doğan elmi şöbələr elmimizin, xalqımızın milli maraqlarına, ölkəmizin dövlətçilik mənafelərinə istiqamətləndirilmiş yeni tədbirlərdir.
Milli Elmlər Akademiyası Azərbaycan cəmiyyətinin siyasi-ideoloji və elmi-mədəni həyatında yaxından iştirak edir. Son illərdə aparılan islahatlar Akademiyanın simasını dəyişmiş, bu elmi qurumun məzmun və formaca yenişlədirilməsinə, Azərbaycan elminin müstəqil dövlətimizin inkişaf strategiyasına doğru istiqamətləndirilməsinə mühüm töhfələr vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyasının və Yol Xəritəsinin qəbul edilməsi isə akademik elmi yeni istiqamətlərə və hədəflərə doğru səfərbər edir.
Azərbaycan elminin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də yeni dövrün tələblərinə uyğun məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası ölkələrarası ikitərəkli əlaqələrdən beynəlxalq elmi təşkilatların bərabərhüquqlu üzvlüyü səviyyəsində fəaliyyətə doğru mühüm addımlar atmaqla dünya birliyində tanınan elmi quruma çevrilmişdir. Akademiyamızın dünyanın böyük akademik təşkilatları olan Beynəlxalq Elmi Şuranın, Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyasının, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının səsvermə statusuna malik tam hüquqlu üzvü seçilməsi ilə elmimizin beynəlxalq əlaqələrində yeni mərhələ başlanmışdır.
Milli Elmlər Akademiyasında elektron elm hərəkatının uğurla həyata keçirilməsi Azərbaycan elminin beynəlxalq elmi bazalarda özünəlayiq yer tutmasına, beynəlxalq reytinqlərdə artan səviyyə üzrə təmsil olunmasına münasib şərait yaradır. Dünya akademiyaları sferasında analoqu olmayan "Elektron Akademiya" şöbəsinin yaradılması və fəaliyyətinin genişləndirilməsi Milli Elmlər Akademiyasında süni intellekt və rəqəmsal inkişaf üzrə geniş perspektivlər açılmışdır. Akademiyanın elmi jurnallarından bir neçəsinin Türkiyə Cümhuriyyətinin Dərgi Park-Ulaqbim şəbəkəsinə daxil edilməsi, ilk dəfə olaraq Milli Elmlər Akademiyasının elmi jurnallarının ölkə üzrə Dərgi Park sisteminin yaradılması elektron hərəkat dalğasında əldə edilmiş mühüm nəticələrdəndir. Akademiyada rəqəmsal inkişafın və süni intellektin tətbiqi, ağıllı texnologiyalardan, emmetrik göstəricilərdən və yaşıl transformasiyalardan istifadə istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar elmimizin yeniləşmə yollarındakı nailiyyətlərindəndir. Milli Elmlər Akademiyasının "Elektron Akademiya" şəbəsinin əməkdaşları tərəfindən SUFİ Robot modelinin hazırlanması və elmi tədqiqat şəbəkəsinə cəlb edilməsi Milli Elmlər Akademiyasında süni intellekt və rəqəmsal inkişaf üzrə yeniləşmə proseslərinin mühüm elmi-texniki göstəricisidir.
Ölkə elminin simasını və səviyyəsini müəyyən edən Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri xalqımızın və elmimizin milli iftixarı olan görkəmli elm xadimləridirlər. Azərbaycan elminin akademik korpusu ölkə elminin qızıl fondudur. Görkəmli Azərbaycan alimləri, o cümlədən də Azərbaycan Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri Azərbaycan xalqının milli elitasının nüvəsini təşkil edən seçilmiş zəka sahibləridir. Azərbaycan xalqının milli elitasının aparıcı qüvvəsi olan elmi elita ölkəmizdə dövlətçilik təfəkkürünün, ümummilli düşüncənin və intellektual potensialın əsas daşıyıcıları və hərəkətverici qüvvəsidir. Azərbaycan xalqının beynəlxalq aləmdə tanıdılması və ölkəmizin dünyada təmsil edilməsində də Milli Elmlər Akademiyasının və elmi elitanın mühüm yeri və xidmətləri vardır. Respublikamızda 80 il ərzində meydana çıxmış əsas elmi ideyaların, ixtiraların, kəşflərin, səmərəli təkliflərin, yeni elmi konsepsiyaların və ümummilli ideyaların əsas müəllifləri sırasında Azərbaycan alimlərinin, xüsusən də Akademiyanın həqiqi və müxbir üzvlərinin mühüm xidmətləri olmuşdur. Məhz onların yorulmaz elmi fəaliyyətləri ilə Azərbaycanda elmi məktəblər yaranmış, bir neçə elmi nəsil yetişdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının simaları elmdə fədakarlıq nümunəsi, vətənin tərəqqisinə, müstəqil dövlətçiliyinin inkişafına, xalqımızın ideya-mənəvi təkamülünə xidmət örnəkləridir.
Bütün bunlar Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin, həqiqi və müxbir üzvlərinin ölkəmizin həyatında və elmin inkişafında mühüm rol oynamasını və xalqımıza böyük elmi töhfələr verməsini təmin etmişdir. Bu gün də Milli Elmlər Akademiyası özünün akademik heyəti və yeni elmi nəsilləri ilə birlikdə Azərbaycan elminin əsas elmi mərkəzlərindən biri kimi fəaliyyətini uğurla davam etdirməkdə, müstəqil dövlətçiliyin inkişafı ilə əlaqədar çoxcəhətli funksiyaları həyata keçirməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyası - ölkə elminin baş qərargahıdır.
Azərbaycan Milli Elmlər Akademiyası - dövlət ali elmi təşkilatıdır.
Milli Elmlər Akademiyası - Azərbaycanda elmi ideyaların əsas yaranma və inkişaf mərkəzidir. Milli Elmlər Akademiyası - fundamental elmi tədqiqatların beşiyi, tətbiqi elmlərin hərəkətverici qüvvəsidir.
Milli Elmlər Akademiyası - ölkəmizin əsas Azərbaycanşünaslıq mərkəzidir.
Azərbaycan Milli Elmlər Akademiyası - azərbaycançılıq ideyasının, milli-mənəvi dəyərlərin keşikçisi, ümummilli idealları qoruyub möhkəmləndirən və daha da inkişaf etdirən xalqımızın elm tutumlu milli mənlik pasportudur.
Milli Elmlər Akademiyası Azərbaycanın mötəbər milli ziyalılıq mərkəzidir.
Milli Elmlər Akademiyası - bəşəri elmi ideyaların Azərbaycandakı böyük elçisidir, dünya elminin ölkəmizdəki əsas təmsilçisidir.
Azərbaycan Milli Elmlər Akademiyası - Azərbaycan alimlərinin milli iftixar mənbəyidir.
Milli Elmlər Akademiyası Azərbaycanın elm məbədidir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri ölkə elminin əsas simalarıdır, müstəqil dövlətimizi və xalqımızı ölkəmizdə və dünyada ləyaqətlə təmsil edən görkəmli ziyalılardır.
Elmimizin akademik heyəti ölkəmizin elmi elitasının aparıcı nümayəndələridir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai elmləri, habelə Seysmologiya elmini özündə birləşdirən və özünəməxsus mühüm elmi nəticələri olan dövlət ali elm təşkilatıdır. Milli Elmlər Akademiyasında ölkəmizin dövlətçilik mənafelərinə və xalqımızın ümummilli maraqlarına və bəşəri elmi ideyaların yüksək tələblərinə cavab vermək üçün yeniləşmə proseslərinin və genişmiqyaslı islahatların həyata keçirilməsi məqsədyönlü şəkildə davam etdirilməkdədir.
Milli Elmlər Akademiyasının müxtəlif illərdə keçirilmiş 30, 60 və 70 illik yubileyləri Azərbaycan elminin, elm sahəsində qazanılmış nailiyyətlərin böyük təntənəsi olmuş, elmin inkişafına və alimlərin əməyinə verilmiş yüksək qiymətin və elmimizin sabahına dəstəyin ifadəsi kimi irəliyə doğru inkişafa işıq salmışdır. Milli Elmlər Akademiyasının 80 illik yubileyi də akademik elmin müstəqillik epoxasının yeni tarixi dövrünün hesabatıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə elmi və o cümlədən də Milli Elmlər Akademiyası müstəqillik epoxasının yeni tarixi dövrünün yüksək ideallarına şərəflə və məsuliyyətlə xidmət etmək yollarında özünün tarixi missiyasını yerinə yetirmək üçün daha böyük sabahlara doğru inamla addımlamaqdadır.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
5 fevral 2025-ci il