Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2025 15:32
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının 101 illiyi ərəfəsində muxtariyyətin tarixi ilə bağlı iki əsər ictimaiyyətə təqdim olunub

Naxçıvan Muxtar Respublikasının 101 illiyi ərəfəsində muxtariyyətin tarixi ilə bağlı iki əsər ictimaiyyətə təqdim olunub

AMEA-nın Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində çap olunmuş “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyasının və “Möhtəşəm minilliklərin şanlı 100 ili” kitabının təqdimatı keçirilib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə baş tutan mərasimi giriş sözü ilə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev açıb.

Professor çıxışı zamanı akademik İsmayıl Hacıyevin elmi yaradıcılığında Naxçıvanın muxtariyyəti məsələsinin yerindən, alimin uzunmüddətli və sistemli araşdırmalar nəticəsində aşkara çıxardığı faktlardan söz açıb. Vurğulanıb ki, həmin məhsuldar, əsaslı tədqiqatlar sanballı kitab və monoqrafiyalarda əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamını xatırladan alim bildirib ki, rəhbərlik etdiyi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarının Sərəncama uyğun olaraq bir sıra əsəri çap olunmuşdur. Akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyasının və “Möhtəşəm minilliklərin şanlı 100 ili” kitabı da həmin əsərlərdəndir. Sözügedən əsərlərdə bu gün 101 yaşına hazırlaşan muxtar respublikanın keçdiyi tarixi inkişaf yolu daha geniş öyrənilmiş, elmi-monoqrafik tədqiqatların əhatə dairəsi genişləndirilmişdir. Hər iki əsər Naxçıvanın ötən yüzillik tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Vəli Baxşəliyev çıxışının sonunda müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Naxçıvan tarixinin öyrənilməsinə dəyərli töhfə”,  Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Möhtəşəm minilliklərin şanlı 100 ili” əsəri haqqında söz” başlıqlı məruzələrində hər iki əsər geniş şərh olunub.

Tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov məruzəsində “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyası haqqında ətraflı məlumat verib, əsəri əhatə etdiyi fəsillər üzrə təhlil edib. Monoqrafiyanın diqqət çəkən cəhətlərini qeyd edən məruzəçi tədqiqata cəlb olunan məsələlərin, ortaya qoyulan elmi fikirlərin tarix elmimiz üçün əhəmiyyətindən danışıb. Akademikin muxtar respublikanın tarixi və statusu ilə bağlı indiyədək nəşr olunmuş əsərlərini dinləyicilərin diqqətinə çatdırıb.

“Möhtəşəm minilliklərin şanlı 100 ili” əsəri haqqında söz” adlı məruzəsində tarix üzrə fəlsəfə doktoru Musa Quliyev kitabı Naxçıvanın muxtariyyətinin xronikası adlandırıb. Muxtariyyət statusunun bölgə üçün əhəmiyyətini nəzərə çatdıran alim İsmayıl Hacıyevin araşdırmaları nəticəsində dəqiqləşdirilən faktlardan, aşkara çıxarılan tarixi həqiqətlərdən söz açıb.

“Akademik İsmayıl Hacıyev əsərlərində hər zaman fərqli tədqiqatçılıq bacarığı ortaya qoyur. O, təkcə araşdırma aparmır, həm də hadisələri özünəxas şərh edir”, - deyən alim kitabda əksini tapmış fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tədbirdə çıxış edərək hər iki əsəri Naxçıvan tarixinin öyrənilməsinə, Naxçıvanşünaslığa töhfə kimi qiymətləndirib.

Sonda kitabların müəllifi – akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvanın muxtariyyəti məsələsi, muxtariyyət statusunun verilməsinin tarixi-hüquqi əsasları barədə danışıb. Tarixi zərurətdən doğan muxtariyyət statusunun bölgənin Azərbaycanın tərkibində qorunub saxlanılmasındakı önəmini qeyd edib. Naxçıvanın muxtariyyət statusu barədə tədqiqat aparmış alimlər, onların irəli sürdükləri elmi fikir və mülahizələri diqqətə çatdırıb.

Çıxışının sonunda İsmayıl Hacıyev tədbirin təşkilinə, əməyinə, elmi araşdırmalarına göstərilən diqqətə görə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: