Astanada Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinə həsr olunmuş “Dil fəzilətin başlanğıcıdır: Divanü lüğat-it-türk” adlı beynəlxalq sərginin açılışı olub.
Tədbir Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi, Türk Mədəniyyəti və İrsi Fondunun, Türk Dünyası Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunda iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, mədəniyyət nazirliklərinin rəhbərləri, o cümlədən dövlət və ictimaiyyət xadimləri iştirak ediblər. Qonaqlar arasında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva və Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev də olub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova salamlama nitqi ilə çıxış edib. O, Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinə həsr olunmuş beynəlxalq sərgini əhəmiyyətli hadisə kimi dəyərləndirib. Aktoti Raimkulova beynəlxalq tədbirin türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb.
Sərgi öz işini Qazaxıstan Respublikasının Milli Muzeyində davam etdirib.
Sərgidə iştirak edənlər türk yazısı və mədəniyyətinin nadir irsi ilə tanış olmaq imkanı qazanıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.