Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ölkədə qadın hüquqlarının qorunması və onların cəmiyyətdəki rolunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətdə fəal iştirakına böyük önəm verib və bu sahədə mühüm islahatlar həyata keçirib. Bu gün Azərbaycan qadını elm və təhsil sahəsində böyük uğurlar qazanır. Onların beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlər bir daha sübut edir ki, qadınlarımız yalnız ailə ocağının qoruyucusu deyil, həm də cəmiyyətin aparıcı qüvvələrindən biridir.
Bu fikirləri AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyeva “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, müasir Azərbaycan qadını özündə bir çox xüsusiyyətləri birləşdirən, həm milli dəyərlərə sadiq, həm də dünyəvi düşüncə tərzinə malik bir fərddir: “O, cəmiyyətin bütün sahələrində fəal iştirak etməli, elmə, təhsilə, incəsənətə, siyasətə və iqtisadiyyata töhfə verməlidir. Azərbaycan qadını tarix boyu qəhrəmanlığı, zəhmətkeşliyi, müdrikliyi və ailə dəyərlərinə bağlılığı ilə seçilib. Bu gün isə o, dünya səviyyəsində tanınan alimlər, siyasətçilər, hüquq müdafiəçiləri və sənətkarlar arasında yer alaraq ölkəmizi layiqincə təmsil etməkdədir”.
“Bugünkü Azərbaycan qadını elm və mədəniyyətin inkişafında önəmli rol oynayan, ailə və cəmiyyət arasında mükəmməl balans quran bir simadır. Müasir Azərbaycan qadını elm və təhsildə liderdir, siyasətdə və idarəçilikdə təmsil olunur, iqtisadiyyatda və biznesdə uğur qazanır, sülh və insan haqları uğrunda mübarizə aparır. Azərbaycan qadını yalnız keçmişinin mirasına sadiq qalan deyil, eyni zamanda, müasir dünyanın tələblərinə uyğun şəkildə inkişaf edən, yeniliklərə açıq və cəmiyyətin əsas güc mənbələrindən biridir. Bu səbəbdən də qadınlarımızın maariflənməsi, onların hüquqlarının qorunması və cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri Azərbaycan dövlətinin və xalqının prioritet məsələlərindən biridir. Azərbaycan qadını daim öz yüksək intellekti, mənəviyyatı və cəmiyyətə verdiyi töhfələrlə fərqlənəcək!”, - deyə Gövhər Baxşəliyeva əlavə edib.