Görkəmli ədəbiyyatşünas və mətnşünas alim, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru, dosent Paşa Kərimovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində görkəmli alimin 65 illiyinə həsr olunmuş “Paşa Kərimov - 65 (xatirələr, biblioqrafiya)” kitabının təqdimat mərasimi də baş tutub.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında keçirilmiş tədbirdə AMEA əməkdaşları, tanınmış ziyalılar, alim və mütəxəssislər iştirak ediblər.
Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli tədbirin açılışını elan edərək öncə iştirakçıları və gələn qonaqları salamlayıb. Çıxışında Paşa Kərimovu istedadlı tədqiqatçı, fədakar və zəhmətkeş ziyalı kimi xarakterizə edən akademik onun həyatını elmə, ədəbiyyatımızın dərin qatlarının araşdırılmasına, klassik mətnlərin tədqiqinə, bir sözlə, böyük sənət xəzinəmizin nadir incilərinin üzə çıxarılmasına sərf etmiş görkəmli alimlərimizdən biri olduğunu vurğulayıb. Bildirib ki, şərəfli ömür yaşamış alim Paşa Kərimovun yaradıcılığı gələcək nəsillər, xüsusilə də ədəbiyyatşünaslıq və mətnşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı üçün dəyərli bir mənbədir.
Təqdimatı keçirilən nəşrin müəllifi, Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Elnurə Babayeva giriş nitqində tərtibçisi olduğu, görkəmli filoloq, mətnşünas alim, ədəbiyyat tarixinin tədqiqatçısı filologiya elmləri doktoru, dosent Paşa Kərimovun 65 illiyinə həsr olunmuş kitabdan bəhs edib, alimin keçdiyi əmək və həyat yolu, onunla işləyən müasirlərinin xatirələri və elmə verdiyi töhfələrdən söz açıb. O, çıxışında kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib və Paşa Kərimovun xatirəsinə həsr olunmuş videoçarxı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Açılış və giriş nitqlərindən sonra söz çıxışçılara verilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin baş elmi işçisi fil.ü.f.d., dosent İsmixan Osmanlı, həmin institutun Ədəbi tənqid şöbəsinin müdiri fil.e.d., dosent Vaqif Yusifli, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, Bakı Dövlət Universitetinin professoru fil.e.d. Vaqif Sultanlı, AMEA RH aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Dövri nəşrlər sektorunun baş mütəxəssisi, “Elm və həyat” jurnalının məsul katibi Sarvan Kərimov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri – şöbə müdiri fil.e.d., professor Kamandar Şərifov, aparıcı elmi işçilər – fil.ü.f.d., dosent Aybəniz Rəhimova, fəl.ü.f.d., dosent Rübabə Şirinova, fil.ü.f.d. Əli Məmmədbağıroğlu, fil.ü.f.d. Novruz Bəkirov, böyük elmi işçilər – Hacı Rauf Şeyxzamanlı, Tahirə Əliyeva və İradə Vəzirova çıxışlarında Paşa Kərimovla bağlı xatirələrindən söz açıb, onun Azərbaycan elminə verdiyi töhfələrdən bəhs ediblər. Bildiriblər ki, xeyirxah və alicənab insan, istedadlı alim Paşa Kərimovun parlaq xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Sonda Paşa Kərimovun oğlu Əli Kərimov çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.
Tədbir çərçivəsində qonaqlar Əlyazmalar İnstitutunun Kitabxanasının təşkil etdiyi, mərhum alimimiz Paşa Kərimovun yaradıcılığını özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.