Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Konstitusiya və Suverenlik İli” ilə bağlı “AMEA-nın Tədbirlər planı” təsdiq edilib
11.02.2025 11:10
  • A-
  • A
  • A+

“Konstitusiya və Suverenlik İli” ilə bağlı “AMEA-nın Tədbirlər planı” təsdiq edilib

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə bağlı “AMEA-nın Tədbirlər planı” təsdiq edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu Sərəncamın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi qələbə və 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi tarixi şəraitdə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində və yeni nəsillərin dövlətçilik və azərbaycançılıq ruhu əsasında tərbiyəsində mühüm rol oynayacağını bildirib.

Qeyd edib ki, dövlət başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən 16 yanvar 2025-ci il tarixli qərar qəbul edilib. Qərarda, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlanması üçün müvafiq təkliflərini AMEA-nın Rəyasət Heyətinə təqdim etmələri tapşırılıb. Akademik İsa Həbibbəyli təqdim olunan təkliflərin Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi tərəfindən sistemləşdirilərək “AMEA-nın Tədbirlər planı”nın layihəsinin hazırlandığını və bu gün iclasda müzakirəyə çıxarıldığını söyləyib.

Tədbirlər planında “Rəqəmsal dövrdə suverenlik: süni intellekt və kiber məkanın dövlətlərə təsiri”, “Azərbaycan incəsənətində konstitusiya və suverenlik mövzusu”, “Konstitusiya və ana dilimiz”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyası”, “Suverenlik və müstəqillik ideyalarının Azərbaycan ədəbiyyatında əksi”, “44 günlük Vətən müharibəsindən suverenliyin bərpasınadək”, “Azərbaycan dövlətçiliyi klassik əlyazma mətnlərində”, “Azərbaycan arxeologiyası Konstitusiya və Suverenlik ilində: nailiyyətlər və perspektivlər”, “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi, sosial-iqtisadi və mədəni inkişafının hüquqi əsası” və s. mövzularda elmi konfransların, seminarların, dəyirmi masaların keçirilməsi, eləcə də bir sıra monoqrafik nəşrlərin hazırlanması yer alıb.

Müzakirələrdən sonra “Konstitusiya və Suverenlik İli” ilə bağlı “AMEA-nın Tədbirlər planı” təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: