M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyasının Böyük Pyotr Botanika Bağının təşkilatçılığı ilə “Şəhərin yaşıl əraziləri: idarəetmə məsələləri və davamlı inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Tədbirdə ETN Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova “Şəhər landşaftlarında dekorativ bitkilərin rolu” adlı məruzə ilə çıxış edib.
Məruzədə laboratoriya tərəfindən aparılan elmi-tədqiqat işləri öz əksini tapıb. 2019-2024-cü illərdə Abşeronun Dənizkənarı Milli Parkı, Filarmoniya Bağı, Səməd Vurğun Bağı, Xaqani Parkı, Güllər Bağı, Sahil Bağı, Sabir Bağı, Nizami Bağı və Abşeronun Xətai rayonu Heydər Parkına laboratoriya tərəfindən ekspedisiyalar təşkil edilmiş, park və bağlarda müşahidələr aparılmış, dekorativ ağac, kol və ot bitkilərinin taksonomik tərkibi, mənşəyi, kompozisiyaların müntəzəm üslubda (həndəsi formalı) və landşaft və ya mənzərəli üslubda (orijinal formalı) tərtibatı, bitkilərin kompozisiyalarda bioloji və dekorativ əlamətlərinə görə qruplaşdırılması, kiçik memarlıq formalarının istifadə qaydaları, ağac və kolların budanması, dekorativ bitkilərin müxtəlif əkinlərdə istifadə perspektivliyi, ağac, kol və ot bitkilərinin növ miqdarı öyrənilmişdir. Elmi-tədqiqat işinin aparılması nəticəsində məlum olmuşdur ki, Abşeronun park və bağlarında öyrənilən dekorativ ağac, kol və ot bitkiləri Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və şəhərin landşaft dizaynında, müxtəlif formalı kompozisiyaların tərtibatında istifadəsi məqsədə uyğundur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.