Üçüncü məqalə
Dövlət quruculuğunda ən əsas faktor qeyri-hökumət təşkilatlarına münasibət və onun real ideya mənbəsi vətəndaş cəmiyyəti məsələsidir. Bu isə mahiyyətcə dövlətin ali məqsədi - xalq-millət maraqlarının uyğunluq səviyyəsini, başqa cür desək, vəziyyətini əks etdirir və inkişafını müsbət məzmunda davam etdirən dövlətlər öz üzərinə azadlıq, plüralizm, müstəqil şəxsiyyət normalarına riayət etmək, inkişaf etdirək vəzifəsini götürürlər.
Tarixən insan cəmiyyətləri ilə eyni vaxtda yaranmış, kütlənin ən xırda tələbat ehtiyaclarından tutmuş böyük hüquqi maraqlarına kimi çox geniş bir sahəni əhatə edən vətəndaş cəmiyyəti bütün digər ictimai sahələr kimi ən yetkin halına 1-ci əsrdə çatmışdır.
İlk növbədə dövlət daxilində qeyri-dövlət, qeyri-hökumət hakimiyyəti mahiyyətini kəsb edən vətəndaş cəmiyyəti bütün maraqları şəxsiyyət, vətəndaş üzərinə cəmləyib, onun müstəqil hakimiyyət prinsiplərini irəli sürürdü.
Bu qeyri-hökumət sisteminə müxtəlif sosial qruplar, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar, habelə məktəblər, dövlət daxilində qeyri-dövlət iqtisadi sahələri, məsələn sahibkarlıq faktorları, həmçinin ənənəvi rəsmi ailədən fərqlənən ailə, müstəqil məhkəmələr, müstəqil mətbuat, azad seçki hüququ, azad dini sahələr və s. daxil olmaqla məfhumlar və onların daşıdıqları mənalardan da aydın olduğu kimi ayrıca bir dövlət, elə sadə desək cəmiyyət ideyaları düşünülür.
Vətəndaş cəmiyyətinin bütün prinsipləri dövlətə münasibətdə insanda-şəxsiyyətdə və onun dövlətdə Konstitutsiya hüququnun qorunmasını ehtiva edir. Necə dövlətin vətəndaşların rifahı, hüquqlarının müdafiəsinin tənzimlənməsi üçün qəbul etdiyi qərarlar, eləcə də vətəndaş cəmiyyəti prinsipləri, başqa cür desək hakim siyasi rəhbərlikdən tələbləri təbii hüquqların qeyd-şərtsiz tanınması, qorunması, mülkiyyət məsələləri, iqtisadi azadlıq, şəxsiyyət toxunulmazlığı, qanun qarşısında hamının bərabərliyi, hüquqi dövlət, plüralizm, danışıqlar, sülh, sosial tərəqqi üst-üstə düşməklə yenə xalq-dövlət, millət-dövlət, vətəndaş-dövlət həmrəyliyini şərtləndirir.
Təsadüfi deyil ki, dövlət və millət vəhdəti-həmrəyliyi millətin-vətəndaşın bu hüquqi-mənəvi əsaslar sistemini qoruyub yaşatması ilə ölçülürsə, dövlətin də öz vətəndaşlarına bu mirası qoruyub saxlamaq, tətbiq etmək və gələcəyə ötürmək üçün imkanlar yaratması, azadlıqlar verməsi, onu qanun kodeksləri qüvvətləndirməsi ən ümdə vəzifələrdəndir. Əgər bu dövlət-millət, vətəndaş-dövlət vəhdəti pozularsa etnomilli tərəqqidə böyük, qarşısı alınmaz uçurumlar baş verə bilər və tarixin buna çoxsayda misalları vardır.
İnsan-şəxsiyyət mənafeyini təmsil edən vətəndaş cəmiyyətlərinin bu əsas prinsiplərinin nəzərə alınmadığı, inkar və rədd edildiyi tarixi siyasi sistemlər də olmuşdur. Demokratik hüquqların taptalandığı, vicdan azadlığının vətəndaşların milli varlığını əks etdirən ana dilini, ondan az əhəmiyyət kəsb etməyən dinini, adət-ənənələrini. tarixi keçmişini, milli identikliyini- kimliyini unutduran dövrlər, dövlətlər və liderlər az olmayıb. Elə 70 il daxil olduğumuz, ateizm buxovlarının hakim olduğu Sovet quruluşunu götürək. Siyasi sistem cəmiyyətdən bütün inancların-milli etnoidentikliyin ziddinə gedərək ateizm ideyaları ilə tərbiyə olunmağı tələb edir, yaranan ədəbiyyat və sənət əsərlərində totalitar prinsiplər təbliğ və təlqin olunurdu. Həmçinin də vətəndaşın sosial-iqtisadi tələbləri, demokratik azadlıqları, bütünlükdə vətəndaş cəmiyyəti qeyri-işlək sistem halında idi. Azadlıq, ədalət, həqiqət kimi vətəndaş əxlaqı şüurunu psixoloji olaraq, yetişən nəslin şüurundan silmək təhlükəsini gücləndirir, kütləni dövlətdən asılı vəziyyətdə saxlayırdı. Buna görə də həmin siyasi quruluşun tarixə totalitar, gücün bir əldə toplandığı avtoritar, qeyri-humanist, sırf siyasi rejim xarakterində iz salması heç də təsadüfi deyil.
Belə ki, bu dövlət siyasətində xalq kütlələrinin ali vətəndaş cəmiyyəti ideal və ideyalarının, azadlıq arzuları və hisslərinin, kütləvi olaraq vətəndaş şəxsiyyətlərinin, geniş fəlsəfi anlamda əxlaqının-azadlıq, birlik maraqlarının, başqa cür desək “mən” və “mentalitet” varlıqlarının onilliklər boyu əzilib, taptalanması vətəndaş-dövlət münasibətlərini sistem şəklində zəiflətməklə, yekrəng siyasi sovet ideologiyasını içdən, daxildən dağıtmaqla onun sonu olmayan tarixini hazırladı və nəticədə məhz millətlərin, xalqların ümumi istəklərinə uyğun bir “yenidənqurma”,- hadisəsi ilə Sovet imperiyası tamamilə süquta uğradı.
Heydər Əliyev 1993-cü ilin oktyabr ayının 10-da Respublika sarayında müstəqil Azərbayan Respublikasının Prezidenti kimi Andiçmə mərasimindəki nitqində SSRİ imperiyasından yenicə qopmuş və ölkənin səriştəsiz siyasi rəhbərliyinin qeyri-hüquqi və qeyri-demokratik addımları nəticəsində vətəndaş müharibəsi həddinə gəlib çatmış milli vətəndaş cəmiyyətinin dövlət-millət, millət-dövlət əlaqələri istiqamətində qarşıda dayanan mühüm vəzifələrin dinamik idarəçilik proqram layihəsini irəli sürdü.
Bu proqram “Heydər Əliyevin Böyük Siyasət Yolu”-nun bütün xalqla pozitiv, sivil, hüquqi, demokratik mahiyyətdə münasibətini ehtiva edir, eləcə də müasir dünyanın bütün qabaqcıl ölkələrinin vətəndaş cəmiyyətlərinin rifaha, tərəqqiyə əsaslanan bütöv halda yetkin müstəqil qeyri-hökumət cəmiyyətlərinin zəncirvari surətdə bir-birini tamamlayan ideya və müddəalarından qaynaqlanırdı.
Məsələn, 1. “Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik. Bu yolla getmək həm tarixi keçmişimizə uyğundur, həm də bir müstəqil dövlət kimi dünya sivilizasiyasına daha yaxından qovuşmaq üçün lazımi şərtdir. Bunun üçün Azərbaycanda bütün imkanlar yaranıb və bundan sonra da yaranacaqdır”( Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) – Azərnəşr, Bakı, 1993, I cild, səh.201. http://lib.aliyev-heritage.org/az/66679364.html).
Heydər Əliyev tarixyüklü andiçmə mərasimində bəşərin ən ali hissi və fəlsəfi - əxlaqın ən yüksək prinsipi İnsan azadlığı, vicdan azadlığı, söz, dil azadlığını siyasi idarəetmə strategiyası olaraq önə çəkib bunlara sahib çıxacağını və deməli, “Heydər Əliyevin Böyük Siyasət Yolu”-nun milli dövlət ideyasını, həmçinin bu ali ideyanı tamamlayan Ümummilli Lider mövqeyini ifadə edirdi. Bu isə ölkədə vətəndaş cəmiyyətinin əsası kimi böyük əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin tarixi şəxsiyyəti, müstəqil respublikamızın böyük qurucusu Ulu Öndər Heydər Əliyevin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”; “Fikir müxtəlifliyi təbii hadisədir”; “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”( Heydər Əliyev. Müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/),- kimi dillər əzbəri olan fikirləri də ölkəmizdə vətəndaş cəmiyyətinə siyasi münasibəti dolğun əks etdirir, həmçinin bu fikirlərdən ucalan müdrik tarixi ideyalar ayrı-ayrılıqda elmi tədqiqatlar üçün ciddi mahiyyətində mövzularına yol açır.
Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyev “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir”( Heydər Əliyev. Müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/),- deyərkən həyati həqiqətlərdən çıxış etmiş və zaman Ulu Öndərin öz qənaətində yanılmadığını real gerçəklik faktları ilə təsdiq etmişdir.
Belə ki, Ulu Öndər o vaxtlar müstəqil qəzetlərdən birində qarşılaşdığı həqiqətə uyğun olmayan və eyni zamanda təhqir və böhtan məzmununda həm də xalqın dini inancının yüksək məmur təmsilçisi haqqında olan bir yazını kəskin tənqid etməklə əslində bütün ictimaiyyətə demokratiyanın heç də məsuliyyətsizlik, özbaşınalıq olmadığı, kimi müdrik Lider tövsiyələrini verirdi. Eyni zamanda, bu müdrik nəsihətlər hüququ mahiyyəti və yenə əsas qayə, milli-mənəvi əsaslarımıza söykənən milli dövlətçilik siyasəti- azərbaycançılıq ideyasını əsaslandırırdı. Həmin Bəyanatdan bir hissəni burada misal gətirmək yerinə düşər: “Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratiyanın əsas prinsiplərindən biri olaraq, tam bərqərar olunubdur. Ancaq təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə cox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik. Mənim özümü də, Azərbaycan Prezidentini də bəzi hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim haqqımda müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dözürəm. Dözürəm ona görə yox ki, mən bunlara qarşı qanun çərçivəsində tədbir görə bilmərəm. Ona görə ki, mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm”(Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bəyanatı.13 avqyst 2001-ci il. http:// lib. aliyevheritage. org/az/8137356.html).
Əlbəttə, vətəndaş cəmiyyəti hadisəsini əsas insan azadlıqları və müstəqillik ideyaları təşkil etdiyi üçün güc Söz azadlığı, bu istiqamətdə də mətbuat üzərinə düşürdü və Heydər Əliyev yeni qurulan müstəqil respublikamızın idarəçilik siyasətində milli mətbuatın müstəqilliyi, sərbəst fəaliyyətini dəstəkləyir və onun demokratik prinsiplər ruhunda inkişafına çalışırdı. Həmçinin də Heydər Əliyevin idarəçilik prinsipində milli mətbuatın sistemli irəliləyişi yalnız vətəndaş cəmiyyətinin tələbləri məzmununda deyil, dövlət siyasətinin üzvü bir parçası olaraq planlaşdırılırdı.
Yüksək intellektual səviyyəyə və zəngin informasiya malik dövlət xadimi olan Heydər Əliyev sözsüzdür ki, informasiya kommunikasiyalarının cəmiyyətə kütləvi təsirindən və hətta bütün dünyada yayılmış sosial kommunikasiya proseslərindən, həmçinin də mətbuatın məcazi mənada “4-cü hakimiyyət” adlanması məsələlərindən məlumatlı idi və onillər boyu KİV nümayəndələri ilə canlı ünsiyyətdə olan böyük Lider öz dövlət quruculuğu siyasətində bu sahənin sağlam ruhda, hüquqi və demokratik inkişafını tənzimləyən qərarlar qəbul edir, müvafiq konvensiyalar imzalayırdı.
“4-cü hakimiyyət” sözün özündən də aydın olduğu kimi mahiyyətcə hakimiyyətə müxalif sahə kimi dünyanın ən qabaqcıl dövlətlərində, əsas da ABŞ-da dövlət strukturlarının fəaliyyətini nəzarətə götürərək əsl müfəttiş xarakterində çıxış edən mətbuat Heydər Əliyevə görə dövlətə köməkçi nəhəng bir sosial qurum idi və Ulu Öndər bu sahəni daim diqqətdə saxlayır, jurnalistlərin qaldırdığı problemləri çap olunan qazetləri, yayınlanan verilişləri hər gün izləməklə təhlil edib vaxtında həll olunmasını reallaşdırırdı.
Heydər Əliyev vətəndaş cəmiyyətinin bu əsas sahəsini əsl azad söz meydanına çevirərək jurnalistlərin rahat işləməsi üçün geniş şərait yaradırdı. Təsadüfi deyil ki, müstəqil dövlət kimi ilk addımını atan Azərbaycan Respublikası ilk Konstitusiyasına 50-ci maddə kimi KİV-in inkişafına bağlı tarixi və həmişə əhəmyyətli olan bir qanunu daxil etdi. Bu qanun “Maddə 50. Məlumat azadlığı I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir”( Azərbaycan Respublikasının Konstitutsiyası . http://azerbaijan.az/portal/General/Constitution/doc/konstitutsiya.pdf),- Müstəqil respublikanın dövlət idarəçiliyində bir tərəfdən mətbuatın inkişafına, demokratik şüurlu jurnalist ordusunun yetişməsinə təkan verirdi, digər tərəfdən dövlət hüququnu ciddi əsaslarını şərtləndirirdi.
Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi faktı həqiqətən ölkədə vətəndaş cəmiyyətinin əsas mexanizmi olan, təcrübədə dövlətlə müxalif mövqedə dayanan 18-ci əsrdən indiyə kimi formal da olsa “4-cü hakimiyyət” adını daşıyan və kütləvi olaraq bu mahiyyətdə də qəbul edilən KİV-nin fəaliyyətini öz dövlət idarəçilik prinsipləri ilə möhkəmlətdiyini, ona meydan verdiyini, nüfuz qazandırdığını aydın surətdə təsdiqləyir.
Azərbaycan Respublikasının Konstitusiyanın II - Əsas hüquqlar. Azadlıqlar və Vəzifələr bölməsinin 25, 26, 28, 29. 36, 47, 48, 49-cu maddələri, habelə digər bölmə, fəsil və müddəaları da ölkədə vətəndaş cəmiyyətinin tam olaraq maraqlarını əhatə edidi.
Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi mülkiyyət hüququ vətəndaş cəmiyyətinin dünyanın hər bir nöqtəsində dövlət və xalq kütlələri müstəvisində hüquqi və mənəvi mahiyyətdə ən həssas probleminin həllini təsbit edir: “I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir”( Azərbaycan Respublikasının Konstitutsiyası . http://azerbaijan.az/portal/General/Constitution/doc/konstitutsiya.pdf).
Azərbaycan Respublikasının Konstitusiyanın 56-cı maddəsi də vətəndaş cəmiyyətinin seçmək və seçilmək bəşəri və dünyəvi azadlıq hüqunu müdafiə edir: “Maddə 56. Seçki hüququ I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendiumda iştirak etmək hüququ yoxdur. III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər”( Azərbaycan Respublikasının Konstitutsiyası . http://azerbaijan.az/portal/General/Constitution/doc/konstitutsiya.pdf).
Məlumdur ki, vətəndaş cəmiyyəti lap qədim sivilizasiyalarından başlayaraq konstitutsiyalı dövlət hakimiyyəti dövrünə kimi həmişə fərdi sahibkarlıqla öz mövcudluğunu təsdiq etmişdir. Bu baxımdan “Azad sahibkarlıq hüququ I. Hər kəs imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”( Azərbaycan Respublikasının Konstitutsiyası. http://azerbaijan.az/portal/General/Constitution/doc/konstitutsiya.pdf), – Maddə (59)-nin Azərbaycan Respublikasının Konstitusiyasında yer alması dövlət tərəfindən xalqa öz rifahını əldə etməsi üçün geniş imkanlar açmasının qarantı kimi diqqət cəlb edir.
Ölkənin iqtisadi həyatında bu qanunun təsdiqi özünü sahibkarlığın inkişafının geniş üfüqlərində aydın göstərdi. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabineti 1997-ci ildə “dövlət büdcəsinin “Kiçik sahibkarlığa investisiya yardımı” maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə”-ni təsdiq etdikdən sonra Sahibkarlığa Yardım Milli Fondu sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi işini həyata keçirilmişdir.
Heç də təsadüfi deyil ki, bununla həm ölkənin iqtisadi gücü artdı, həm də vətəndaş cəmiyyətinin azad fərdi fəaliyyət, müstəqil inkşaf, eyni zamanda demokratik əsasları xeyli möhkəmləndi.
Biz Azərbaycan xalqınınn Ulu Öndəri Heydər Əliyevin siyasi irsində dövlət quruculuğu məsələlərini fəlsəfi-siyasi və fəlsəfi-etik kontekstlərdən nəzərdən keçirdiyimiz bu yarımfəsildə onun vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gördüyü böyük işlərdən bəhs edərkən bu istiqamətdə çoxpartiyalılıq və siyasi partiyalar məsələsini qeyd etməyə bilmərik.
Belə ki, bir kamil şəxsiyyət kimi demokratiyanı, plüralizmi qəbul edən və bu amilləri dövlətin, eləcə də vətəndaş cəmiyyətinin sütünları olaraq gücləndirən Ulu Öndər gənc müstəqil Azərbaycan dövlətində çoxpartiyalılıq siyasətini də uğurla həyata keçirmişdir. Bu gün ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş, 2004-cü ilə kimi Sədri olduğu və sıralarında 500 mindən çox vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası da daxil olmaqla rəsmi dövlət qeydiyyata alınmış 56 siyasi partiya fəaliyyət göstərir. Bunlar arasında təbii olaraq müxalifət partiyalar da vardır .
Heydər Əliyev 1993-cü ildə andiçmə mərasimindəki nitqində həmin vaxt müxalifət yönlü siyasi partiyaların fəaliyyəti ilə bağlı narahat fikirlərini açıqlayarkən dövlət siyasətində onların yerini və rolunu labüd hesab etdiyini vurğulayaraq bəyan edirdi ki, “Siyasi partiyalar, hərəkatlar Azərbaycanda sərbəst fəaliyyət göstərə bilərlər. Lakin heç bir siyasi partiyanın və ya hərəkatın, ictimai-siyasi təşkilatın silahlı dəstələri, silahlı qüvvələri ola bilməz! Bu gün mən bunu bütün Azərbaycan vətəndaşları qarşısında tam qətiyyətlə bəyan edirəm. Vaxtilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında müsbət rol oynamış Xalq Cəbhəsinin çox mənfi təcrübəsi təəssüf ki, Azərbaycanda ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin yaranmasına və fəaliyyət göstərməsinə səbəb olmuşdur. Güman edirik ki, bütün partiyalar, hərəkatlar, ictimai-siyasi təşkilatlar öz silahlı dəstələrindən imtina edəcəklər. Cəmiyyətimizdə bir silahlı dəstə ola bilər, o da dövlətin silahlı qüvvələridir. Biz hamımız birlikdə qeyri-qanuni silahlı dəstələrin ləğv olunmasına çalışmalıyıq və bu da respublikamızda daxili ictimai-siyasi sabitlik yaranması üçün əsas şərtdir”( Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) – Azərnəşr, Bakı, 1993, I cild, səh.201. http://lib.aliyev-heritage.org/az/66679364.html).
Nəhayət, vətəndaş cəmiyyətinin daim müdafiəsinə qalxdığı vicdan azadlığı məsələsi, onun əsas meyarlarından olan din siyasəti həm Heydər Əliyevin imzalamış olduğu 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasında, həm də Ulu Öndərin bütün siyasi fəaliyyət platformasında ən mərkəzi yerdə dayanmış, ölkə vətəndaşlarının vicdan azadlığının təminatçısı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu ildə ölkəmizdəki dini konfessiyaların başçılarını qəbul edərkən vicdan azadlığı ilə bağlı təkcə fəlsəfi-əxlaq nöqteyi-nəzərindən deyil, eyni zamanda siyasi fəlsəfə baxımından dərin məzmunlu əhəmiyyətli fikirlərini bölüşmüşdür: “...bizim xalqımızın, dövlətimizin son illərdəki ən mühüm nailiyyətlərindən biri odur ki, nəinki hansısa münaqişəyə, hətta azərbaycanlılar tərəfindən digər xalqlara və ya müsəlman dini tərəfindən xristianlığa və əksinə, xristian dini, yəhudi dini tərəfindən müsəlman dininə pis yanaşılması hallarını tamamilə aradan qaldıra bilmişik. Bu, Azərbaycanın reallığıdır. Bu baxımdan, hesab edirəm, biz cəsarətlə deyə bilərik ki, Birləşmiş Millətlər Təşkilatının, YUNESKO-nun tolerantlığa nail olmaq barədə çağırışını uğurla həyata keçiririk.
...Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan islam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir. Hesab edirəm ki, bizim nəinki əldə olunmuş nailiyyətləri möhkəmləndirməyə, həm də daha çox iş görməyə və bütün dünyaya nümayiş etdirməyə imkanımız var ki, əhalisinin əksəriyyəti baxımından müsəlman ölkəsi olan Azərbaycanda həqiqətən demokratik, hüquqi, dünyəvi dövlət qurulur, burada dünyəvi cəmiyyət artıq formalaşmışdır, tolerantlıq prinsipi nəinki mövcuddur, həm də hakim mövqe tutur”( Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkəmizdəki dini konfessiyaların başçılarını qəbul edərkən söhbətindən http://scwra.gov.az/article/71/).
Ulu Öndər bu tarixi çıxışında regionda dini zəmində baş vermiş bir münaqişə ilə bağlı təəssüratını və əslində həmin görüşün təşkil olunmasının əsas səbəbini açıqlayarkən konkret olaraq vətəndaş cəmiyyətini daim düşündürən ciddi bir amili - vicdan azadlığı məsələsini önə çəkmişdir: “Siz bilirsiniz, son vaxtlar müəyyən hallar olub ki, bizim inzibati orqanlar bəzi dinlərin, o cümlədən lüteran, apostol məzhəblərinin nümayəndələrinə qarşı bəzi inzibati tədbirlər görüblər. Yəni bəziləri hesab edib ki, baptistlərin, daha hansısa sektanın ayrı-ayrı nümayəndələri Azərbaycanlıları bu dinə döndərməyə, başqa sözlə, müsəlmanı xristian, baptist, katolik, nə bilim, daha nə etməyə cəhd göstərirlər. Açıq deyirəm, bu işdə ciddi səhvlərə yol verilmişdir. Mən bunu eşidəndə, xüsusən də Amerika Birləşmiş Ştatlarının bəzi konqresmenlərindən, Azərbaycanın böyük dostu, ABŞ senatoru Braunbekdən mənə bu hallarla əlaqədar narahatlıq bildirən məktublar gələndə Təhlükəsizlik Şurasının xüsusi iclasını çağırdım. Müvafiq rəhbər işçiləri dinlədim, vəziyyətlə tanış oldum, lazımi göstərişlər verdim. Göstərişlər isə ondan ibarətdir ki, insan azaddır, insan azadlığı bütün sahələrdə azadlığın olmasını nəzərdə tutur. Biz şəxsiyyət azadlığını Azərbaycanda demokratik cəmiyyətin başlıca amili elan etmişik. Demokratikləşdirmə və demokratik dövlət quruculuğu, demokratik cəmiyyətin formalaşdırılması hər şeydən öncə şəxsiyyət azadlığını, insan azadlığını, söz azadlığını, mətbuat azadlığını, bir sözlə, bütün insan azadlıqlarını, dini etiqad azadlığını, vicdan azadlığını nəzərdə tutur. İnsan azaddır. Hansı Allaha sitayiş etmək istəyirsə, qoy ona da sitayiş etsin. İnsanı bir dindən başqa bir dinə keçməyə məcbur etmək olmaz. Əgər insan özü, daxilən bunu istəyirsə, onda bunu heç kim ona qadağan edə bilməz” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkəmizdəki dini konfessiyaların başçılarını qəbul edərkən söhbətindən http://scwra.gov.az/article/71/.).
Beləliklə,“Heydər Əliyev siyasəti və milli dövlət quruculuğu” yarımfəslinin “Konstitutsiya hüququ” bölümünü bitirərkən elmi təhlillərimizi yekunlaşdırıb XX əsrin məşhur vətən mövzulu kino-filimlərindən “Qılınc və qalxan”-da səslənən və kütləvi surətdə dövrün yetkin yaşda olan insanlarının dillər əzbəri olan “Hardan başlanır vətən” mahnısının ilk sətirlərindən ucalan ideyanı diqqətə gətirmək istəyirik.
Vətən - torpaqlarımızın üzərindəki qum dənəciklərindən, bizim çiçəklərdən, bizim çaylar, bizim bulaqlar, bizim dağlar, bizim vətən sərhədlərimiz, bizim vətən adamı-vətəndaşlardan, beləcə Vətən bizim olan hər şeydən başlayırsa əlbəttə ki, bu varlıqda dövlətimizin, xalqımızin, bizim bu günümüzün, sabahımız - gələcəyimizin qarantı Konstitutsiyamız əsas təşkil edir. Deməli, Vətən sözsüz və qeyd-şərtsiz olaraq xalqdan, dövlət və Konstitusiyadan başlayır.
Konstitusiya hər bir hüquqi, demokratik dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı, ölkənin hüquqi, siyasi, iqtisadi strategiyasının məcmusu, idarəetmə kodeksidir, eyni zamanda dövlət və millət-xalq arasında münasibət normalarını tənzimləyən ali rəsmi sənəddir.
Xüsusilə, qeyd etmək lazımdır ki, “Heydər Əliyevin Böyük Siyasət Yolu” konsepsiyasının əsl mahiyyətini dərk etmək üçün Heydər Əliyevin dövrünü və dünyagörüşünü, qüdrətli dövlət rəhbərinin zəngin siyasi irsini dərindən bilmək, diqqətlə öyrənmək lazımdır. Bunlar və “Seçilmiş” olmaq, həyatını xalqının dövlət müstəqilliyinə, milli ideyanın qorunmasına, inkişafına həsr etmiş Lider keyfiyyətlərini meydana çıxaran faktorlar “Heydər Əliyevin Böyük Siyasət Yolu” sisteminin Konstitutsiya Hüququ strategiyasının əsaslarını təşkil edir.
XX əsrin Azərbaycan dahisi, müdrik Ümummilli Lider “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi konsepsiyasının Konstitutsiya Hüququ gələcəyə İnam hissidir. Budur! Bu müdrik, uzaqgörən düşüncədən ucalan inam artıq 20-dən çox müddətdə, deməli, heç də qısa olmayan bir zaman kəsimində ölkənin bütün sahələrdə ən yüksək nəticələrdə əks olunan dinamik inkişafında öz təsdiqini tapmaqdadır və Ulu Öndərin sonsuz fədakarlıqlar bahasına qurduğu gənc Müstəqil Azərbaycan Respublikası onun inandığı, etibar etdiyi həqiqi və siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük intellektual siyasi idarəçilik gücü, xalqla həmrəylik, dünya ictimai-siyasi düşüncəsinin modern cəmiyyət standartlarına uyğun şəkildə yeritdiyi ənənəvi milli, rasional-hüquqi modern idarəçilik siyasəti ilə XXI əsrin yeni onilliklərinə doğru addımlamaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” Elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı Azərbaycanda Konstitutsiya Hüququnun dövlət tərəfindən daimi diqqət və qayğı ilə qorunduğunu və inkişaf etdirildiyini bir daha təsdiq edir.
Əminik ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” Elan edilməsi bütün sahələr kimi Elm sahəsində də xüsusi canlanmaya səbəb olacaq, yeni-yeni elmi tədqiqatlarının meydana çıxmasına təkan verəcəkdir.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.