Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin 90 illiyi tədbirlərinə həsr olunmuş “Örnək” kitabı nəşr olunub.
Nəşrin müəllifi və tərtibçisi Şirməmməd Nəzərli, layihə rəhbəri AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, rəyçi akademik Əkpər Feyzullayev, redaktoru y.e.f.d Zəki Vəliyevdir.
Kitabda böyük alimin rəngarəng çalarlarla ifadə olunmuş məziyyətləri, onun elmi təşkilatçılıq məharəti, gənc alim nəslinin yetişdirilməsi üçün göstərdiyi səylərlə yanaşı, A.Əlizadənin yubileyinə həsr edilmiş müxtəlif tədbirlər fotoların müşayiətilə işıqlandırılıb.
Nəşr alimin Azərbaycan Respubulikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında dövlət başçısının Sərəncamı mətni ilə açılır. Kitabda görkəmli elm xadimlərinin A.Əlizadəyə həsr etdikləri yazılar, müsahibələr və digər materiallar yer alıb. Bu yazılarda alimin həyatı sanki Azərbaycan elminin çətin inkişaf yollarını əks etdirir.
Qeyd edək ki, fevral ayının 25-də Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin 91 yaşı tamam olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.