Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.02.2025 18:52
  • A-
  • A
  • A+

Dilçi alimlər Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Dilçi alimlər Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə iştirak ediblər

21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Bakı Slavyan Universitetində Təhsil fakültəsinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun əməkdaşları - Türk dilləri şöbəsinin baş elmi işçisi, fil.e.d. Şəbnəm Həsənli-Qəribova və  Azərbaycan dili tarixi şöbəsinin müdiri fil.ü.f.d, dosent Xədicə Heydərova məruzə ilə çıxış ediblər.

“Rəqəmsallaşan dünyada Azərbaycan dili: problemlər və perspektivlər” mövzusunda çıxış edən fil.e.d. Ş.Həsənli-Qəribova müasir çağırışlar fonunda Azərbaycan dilinin funksionallığı və gələcək inkişafı məsələlərinə toxunmuş və vurğulamışdır ki, "Dil şüurun, real həyatın və cəmiyyətin məhsuludur. Qloballaşma mərhələsində cəmiyyətlər dinamik inkişaf edir. Anlayışlar, yeniliklər, məfhumlar sərhədləri sürətlə aşır, müxtəlif ölkələrdə və cəmiyyətlərdə həyatın bir parçası olur. Bu halda edilməli olan dilin bu proseslərə adekvat və çevik reaksiya imkanlarını artırmaqdır. Cəmiyyət dilin daşıyıcı olsa da, dilin inkişafının əsası intellektual elitanın və peşəkarların həmin dildə yaratdıqları məzmundan asılıdır”.

Azərbaycan dili tarixi şöbəsinin müdiri fil.ü.f..d, dosent Xədicə Heydərova isə “Anadilli  yazılı abidələrimiz” mövzusunda çıxış edərək Azərbaycan dilinin tarixi inkişafı məsələlərinə toxunmuş, şöbənin elmi uğurlarından hesab olunan üç cildlik “Azərbaycan dilinin arxaizmlər lüğəti”nin tərtibində istifadə olunan qaynaqlardan bəziləri barədə geniş məlumat vermişdir. Məruzəçi lüğətin tərtibi zaman abidələrdən toplanmış,  Azərbaycan dilinin zəngin tarixi irsinin bir parçası olan arxaik sözlərin təsnifi prinsiplərindən bəhs etmiş, verilən faktiki nümunələr əsasında leksik, fonetik, qrammatik arxaizmləri auditoriyanın nəzərinə çatdırmışdır. Çıxışının sonunda X.Heydərova müəllifi olduğu kitabları Təhsil fakültəsinə hədiyyə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: