Fevralın 26-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Xocalı qətliamı - XX əsrdə xalqımıza qarşı bəşəri cinayət” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbiri AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva giriş sözü ilə açaraq 33 il öncə xalqımız üçün çox ağrılı olan 26 fevral günündə Xocalıda erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılara qarşı kütləvi qətliam və insanlığa qarşı zəmanəmizin ən dəhşətli cinayətlərindən birinin həyata keçirildiyini deyib. Xocalı soyqırımının ağır nəticələri barədə danışan akademik G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, uzun illər işğal altında qalmış Xocalının bu gün artıq azad olduğunu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının ucaldıldığını deyərək, fevralın 25-də Prezident İlham Əliyevin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzaladığını qeyd edib.
Tədbirdə çıxış edən institutun Şərq-Qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı Xocalı faciəsinin ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri silsilə cinayətlərin ən dəhşətlisi olduğunu deyib. M.Babaşlı Xocalı soyqırımının təşkilatçılarının Ermənistan rəhbərliyi, birbaşa icraçılarının Ermənistan silahlı qüvvələrinin bölmələri, Qarabağdakı erməni terror dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləri olduğunu vurğulayıb. Şərqşünas alim Xocalı soyqırımı haqqında həqiqətlərin sistemli və məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edib.
İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva 33 il öncə fevralın 26-da Xocalının yerli əhalisi olan azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirildiyini deyərək, faciə zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar olmaqla 613 nəfərin amansızcasına qətlə yetirildiyini qeyd edib. S.Nuriyeva Xocalı soyqırımının tanıdılmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu bildirərək, indiyədək onu tanıyan ölkələr və ABŞ-ın ştatları barədə məlumat verib.
İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə erməni daşnak dəstələrinin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər haqqında ətraflı danışaraq, erməni silahlı dəstələrinin bu hərəkətlərinin Cenevrə konvensiyasının, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrini kobud qaydada pozduğunu deyib. L.Mikayılzadə 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xocalı şəhərinin azad olunmasından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını fəxrlə ucaltmasından da bəhs edib.
Daha sonra institut əməkdaşlarından baş elmi işçi, siyasi elmlər doktoru, dosent Adil Mirabdullayev, elmi işçi Orxan Nəcəfov çıxış edərək, Xocalı soyqırımının bəşəriyyətin ən qanlı faciələrindən biri olduğunu deyib, bu soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu dəhşətli faciəni törədənlərin ədalət məhkəməsinə çəkilməli olduğunu bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.