Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geoloq alim Zakir Abdullayev vəfat edib
27.02.2025 12:20
  • A-
  • A
  • A+

Geoloq alim Zakir Abdullayev vəfat edib

AR ETN Geologiya və Geofizika İnstitutunun Filiz-maqmatik sistemləri və minerageniya şöbəsinin Minerologiya və geokimya sektorunun rəhbəri Zakir Abdullayev 88 yaşında vəfat edib.

Abdullayev Zakir Bünyat oğlu 1937-ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində doğulub. 1959-cu ildə  mühəndis geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-coğrafiya fakültəsini bitirib. 1968-ci ildə “Kiçik Qafqazın ultraəsas süxurlarında dəmir fəsiləsi elementlərinin geokimyası” mövzusunda namizədlik, 1992-ci ildə “Kiçik Qafqazın ofiolit assosiasiyasının bazit-hiperbazit (petrokimya, geokimya və filizliliyin geokimyəvi kriteriləri) kompleksi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Z.Abdullayevin elmi maraqları ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin petroloji-geokimyəvi xüsusiyyətləri və filizliliyi ilə sıx əlaqədar olub. Son illər onun rəhbərliyi altında ölkəmizdə tükənməz ehtiyata malik  serpentinit və perlit qarışıqlarından hidrotermal sintez vasitəsilə seolitəbənzər absorbentlər və odadavamlı materiallar almaq üzərində eksperimentlər aparılıb.

Alim onlarla beynəlxalq və yerli konfrans və simpoziumda iştirak edib, 130-dan çox elmi əsəri respublikamızda, həmçinin  elmi ictimaiyyətin tanıdığı bir çox xarici ölkə jurnallarında da dərc edilib. O, bir monoqrafiyanın müəllifi, üç elmi əsərin həmmüəllifi idi. Eyni zamanda ixtisas fənlərindən dərslik və dərs vəsaiti nəşr etdirib. Elmi nailiyyətlərinə görə, Milli Elmlər Akademiyasının “Fəxri fərmanı” və Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.

Görkəmli alim Zakir Abdullayevin xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: