Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim İraqda keçirilən beynəlxalq konfransda məruzə edib
27.02.2025 13:48
  • A-
  • A
  • A+

Şərqşünas alim İraqda keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasının (EIDA) həmtəşkilatçılığı ilə İraqın Tel-Afər və Kərbəla şəhərlərində Azərbaycan və İraq türkmanlarının ortaq mədəniyyət və dövlətçilik tarixinə, Azərbaycan dövlətçilik tarixində İraq türkmanlarının roluna həsr olunmuş konfransda iştirak edib.

Şərqşünas alim konfransda “Azərbaycan və İraq türkmanları arasında tarixi-siyasi və ictimai-mədəni əlaqələr” mövzusunda məruzə ilə çıxış edib.

Elnur Mustafayev məruzə zamanı qeyd edib ki, Azərbaycan və İraq türkmanları arasında tarixi və mədəni əlaqələr çox zəngin və çoxşaxəlidir. Bu əlaqələrin kökləri qədim zamanlara gedib çıxır və müxtəlif dövrlərdə bir neçə mühüm amillərə əsaslanıb.

Məruzəçi bildirib ki, dil, ədəbiyyat, musiqi, incəsənət, təhsil və media sahələrində əməkdaşlıq getdikcə genişlənir. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etməsi üçün qarşılıqlı tədbirlər və layihələrin artırılması zəruridir.

Məruzə zamanı Azərbaycan dövlətinin və xalqının türkman qardaşlarının yanında olduğu, onların bütün problemlərini öz problemi kimi hiss etdiyi, müxtəlif mötəbər beynəlxalq təşkilatlarda İraq türkmanlarına humanitar və mədəni dəstək göstərdiyi və hər bir zaman dəstəyə hazır olduğu konfrans iştirakçılarının diqqətinə çatdırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: