Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Geobotanika şöbəsinin əməkdaşlarına aid 3 monoqrafiya çap olunub.
Şöbənin müdiri, dosent Naibə Mehdiyevanın müəllifi olduğu “Биоразнообразие лекарственных растений Азербайджана” (“Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyi”) adlı monoqrafiya Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyinin kompleks tədqiqinə həsr olunub. Əsərdə Azərbaycan florasında yayılan müxtəlif botaniki, müalicəvi, farmakoterapevtik və digər xüsusiyyətləri ilə seçilən dərman bitkilərinin istifadəsi və əlamətləri birləşdirilmişdir. Təqdim olunan kitabda daha çox tələb olunan bioloji fəal maddələrin yeni mənbələri və dərman xammalı ehtiyatlarının axtarışının perspektiv istiqamətlərinə xüsusi diqqət yetirilmişdir.
Şöbənin əməkdaşı, institutun elmi katibi Nigar Mürsəl qızının müəllifi olduğu “Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyəti və proqnostik qiymətləndirilməsi” adlı monoqrafiya Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyətinin tədqiqinə həsr edilmişdir. Monoqrafiyada klassik və müasir botaniki metodların tətbiqi ilə tədqiq olunan taksonların senopopulyasiyalarının məkan, ontogenetik, demoqrafik, morfometrik, vitalitet strukturu öyrənilmişdir. İlk dəfə olaraq bu taksonların populyasiyalarının potensial inkişafı və arealının proqnostik qiymətləndirilməsi üçün riyazi kompüter modeli yaradılmış və müvafiq proqnozlar tərtib edilmişdir.
Hər iki kitabın elmi redaktoru, professor Səyyarə İbadullayevadır.
Şöbənin aparıcı elmi işçisi, dosent Sadıq Qarayevin müəllifliyi ilə “PALID (QUERCUS L.): İntroduksiyası və iqlimləşdirilməsi" adlı monoqrafiya isə Abşeronun quru subtropik iqlim şəraitində yaşıllaşdırmada istifadəsi perspektivli olan palıd növlərinin seçilməsinə və becərilmə qaydalarının müəyyənləşdirilməsinə həsr edilib. Əsər Azərbaycan florasına aid 12 növ palıdın sistematikası, botaniki-coğrafi xüsusiyyətləri, morfogenezi, kök sistemi, böyümə və inkişaf dinamikası, fenologiyası, çiçəkləmə və meyvə verməsi, çoxaldılması, xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə üsullarının tədqiqi kimi məsələləri əhatə edir.
Monoqrafiyalar institutun maddi vəsaiti hesabına nəşr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.