AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Nigar Sadıqova beynəlxalq layihə çərçivəsində Portuqaliyanın Lissabon şəhərində yerləşən LUSOFONA Universitetində “Nüvə təbabətinin terminoloji sistemi” adlı məruzə ilə çıxış edib.
Layihənin müvəffəqiyyətlə icra olunması Portuqaliya, Macarıstan, Polşa, Sloveniya, Ukrayna və Azərbaycandan olan yüksəkixtisaslı alim, doktorant və mühəndis heyətlərinin əməkdaşlığı ilə həyata keçirilir. Həmçinin layihənin uğurla həyata keçirilməsi üçün optoelektronika istiqamətində müasir biliklərin möhkəmləndirilməsi və müasir texnoloji yanaşma və metodların tətbiqi yolu ilə nüvə fizika, nüvə təbabəti, mühəndislik və texnologiya sahələrində əldə edilmiş təcrübə və biliklərin əlaqələndirilməsi və mübadiləsi təmin edilir.
Layihənin icra planına uyğun olaraq, cari ilin fevral ayında konsorsium üzvlərinin “DETMED mid-term meeting” adlı görüşü Portuqaliyanın LUSOFONA Universitetində keçirilib. Görüşdə konsorsiumun bütün ölkələr üzrə layihə rəhbərləri, seçilmiş doktorantları və mühəndisləri iştirak etməklə Avropa Komissiyası tərəfindən təyin olunmuş layihə ofiseri və ekspertlər də dəvət olunub.
Gənc tədqiqatçının çıxışı maraqla qarşılanıb və iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.