AMEA-da 2024-cü ilin elmi hesabatları. 2025-ci ilin yanvarında Azərbaycam Milli Elmlər Akademiyasında (AMEA) elmi istiqamətlər üzrə ötən ilin yekunları vuruldu. AMEA-nın və müxtəlif dövlət qurumlarının strukturunda fəaliyyət göstərən elmi tədqiqat institutlarının məlumatları göstərdi ki, arxada qalan il bütövlükdə Azərbaycan elmi, 80 illik yubileyi ərəfəsində olan AMEA, onun elmi bölmələri, o cümlədən Yer Elmləri Bölməsi (YEB) üçün uğurlu il olub.
Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin 34 üzvündən 31 nəfərinin AMEA-nın həqiqi və müxbir üzvləri arasından seçilməsi ölkə başçısının Azərbaycan elminə verdiyi böyük önəmin nümunəsidir. AMEA Yer Elmləri Bölməsinin üç üzvünün – Elm və Təhsil Nazirliyinin (ETN) Geologiya və Geofizika İnstitutunun (GGİ) baş direktoru akademik Akif Əlizadənin və AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin ensiklopediyanın Redaksiya heyəti sədrinin müavinləri təyin olunması, ETN Neft və Qaz İnstitutunun (NQİ) baş direktoru akademik Fəxrəddin Qədirovun Ensiklopediyanın Redaksiya Heyətinə daxil edilməsi bölmənin alimləri üzərinə böyük məsuliyyət qoymuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə elmi qarşısında qoyduğu vəzifələr, ölkənin ehtiyacları və müasir dünya elminin çağırışları əsasında yeniləşən Akademiyada bu gün rəqabətə davamlı və yaradıcı elmi mühitin yaradılmasına, yeni elmi ideyaların gerçəkləşməsinə, yeni elmi nəslin formalaşdırılmasına yönəlmiş davamlı islahatlar həyata keçirilir. AMEA elmi nəşrlərinin elektron bazalarının yaradılması, onların Türkiyənin TÜBİTAK ULAKBİM Dergi Parkına daxil edilməsi və “Google Scholar”a inteqrasiyası, AMEA rəqəmsal obyekt identifikatorunun (DOI) təsis edilməsi və elmi məqalələrə verilməsi, Elektron sənəd dövriyyəsi sisteminin uğurlu tətbiqi, İnsan resursları və Elmmetrik məlumatlar Bazalarının (AMEA İREMB), Rəqəmsal Elmi İnformasiya Resursları Sisteminin (AMEA REİRS) işlənilməsi Azərbaycan elmini dünya elmi ilə ayaqlaşıb rəqabət apara biləcək bir səviyyəyə qaldırmaq məqsədi güdən əhəmiyyətli tədbirlərdir. AMEA-nın tarixində ilk dəfə Beynəlxalq Akademiyalararası Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası və bu kimi digər beynəlxalq elmi qurumlara üzv qəbul olunması, akademya daxilində elmi müəssisə və təşkilatlarda daxili imkanlar hesabına onlarla yeni strukturun yaradılması və s. perspektivə hesablanmış, nəticələri birdən-birə yox, tədricən, hər elementi öz yerini tutduqca tam görünən rəngarəng mozaikaya bənzər islahatların elementləridirlər. Hazırda üzərində intensiv iş gedən “AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi” bu islahatların mühüm tərkib hissəsi kimi 80 illik yubileyinə hazırlaşan Elmlər Akademiyasının gələcək fəaliyyətində əhəmiyyətli rol oynayacaqdır.
Azərbaycan Yer elmlərinin beynəlxalq reytinqi. Azərbaycan Yer elmləri üçün 2024-cü il ilk növbədə bölmənin üzvlərinin uğurlu elmi nəticələri, onların Google Scholar, Web of Science və Scopus elmi bazalarındakı yüksək elmmetrik göstəriciləri ilə yadda qalmışdır. Beynəlxalq SCİMAGO elmi reytinqində son göstəricilərə əsasən Azərbaycanın geofizika elmi 200-ə yaxın ölkə arasında 41-ci, geomühəndislik elmi – 46-cı, geologiya elmi – 52-ci mövqedədirlər. Azərbaycanın daxil olduğu Şərqi Avropa ölkələrinin reytinq siyasında bu göstəricilər daha yüksəkdir. (Bax: cədvəl 1.) 90 yaşını yenicə qeyd etdiyimiz akademik Akif Əlizadənin rəhbərlik etdiyi Azərbaycan Yer elmlərinin flaqmanı GGİ-nin 2024-cü ildə SCİMAGO elmi təşkilatların beynəlxalq reytinq siyahısına ayrıca reytinqlə daxil olması, bu institutun Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) akkreditasiyadan keçmiş ilk elmi müəssisə kimi 001 nömrəli Akkreditasiya Sertifikatı alması, GGİ-nin şöbə müdiri, yer elmləri üzrə e.d. Qulam Babayevin Avropa Seysmoloji Komissiyasının Azərbaycan üzrə üzvü təmsilçisi seçilməsi, alimlərimizin elmi nəticələrinin nəşr olunduğu aparıcı jurnal olan ingilisdilli “ANAS Transactions. Earth Sciences” (AMEA tədqiqatları. Yer Elmləri) jurnalının Scopus beynəlxalq indeksləmə sistemində kvartil (Q) şkalasında Q3 mövqeyinə, jurnalın h-indeks vahidinin isə 3-dən 6-ya yüksəlməsi və s. ötən ilin fərəhli hadisələrindəndir.
Cədvəl 1. Azərbaycan Respublikasının 2019-2023-cü illərdə Yer elmləri üzrə beynəlxalq mövqeləri. (Scimago Journal & Country Rank illik göstəriciləri əsasında)
|
2019 |
2020 |
2021 |
2022 |
2023 |
||||||
|
D |
ŞA |
D |
ŞA |
D |
ŞA |
D |
ŞA |
D |
ŞA |
|
GEOFİZİKA |
64 |
12 |
53 |
8 |
52 |
9 |
41 |
4 |
41 |
4 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
GEOLOGİYA |
61 |
12 |
61 |
13 |
60 |
11 |
53 |
9 |
60 |
11 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
GEOMÜHƏNDİSLİK |
64 |
13 |
56 |
8 |
56 |
9 |
52 |
7 |
46 |
6 |
|
(D-Dünya üzrə, ŞA-Şərqi Avropa regionu üzrə)
Azərbaycanda Yer elmlərinin dünya elmi ilə ayaqlaşmasına imkan verən indiki səviyyəsi və mövqeləri, bu sahədə böyük elmi məktəblər yaratmış görkəmli Azərbaycan alimlərinin səyi və zəhməti hesabına təmin olunmuşdur. Bu səviyyəni qorumaq isə, nə qədər çətin olsa da, alimlərin gənc nəslinin vəzifəsidir. Yer elmləri sahəsində ötən ilin ümumi nəticələri bu mövqelərin 2025-ci ildə də qorunub saxlanılacağına ümid verir. Bunu demək kifayətdir ki, hesabat ilində Yer Elmləri Bölməsinin elmi əhatə dairəsinə daxil olan akademik elmi müəssisələrdə 52 monoqrafiya və kitab (13-ü xaricdə), 22 dərslik, 509 məqalə və tezis (226-ı xaricdə) nəşr edilmiş, nəşr edilmiş məqalələrdən 93-ü Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görmüş, xarici alim və mütəxəssislər alimlərimizin məqalələrinə 2975 dəfə istinad etmişlər.
Beynəlxalq elmi əlaqələr. Azərbaycan Yer elmlərinin uğurlarında onun beynəlxalq əlaqələrinin əhəmiyyəti böyükdür. Vaxtilə Azərbaycan geoloqları Hindistan, Meksika, Vyetnam və onlarla digər ölkədə neft kəşfiyyatı aparmış, onların aşkar etdiyi neft yartaqları, faktiki olaraq həmin ölkələrin enerji müstəqilliyini təmin etmişdir. Elmimizin dünya elminə inteqrasiyasına yol açan, onun nüfuzunu artırmağa xidmət edən beynəlxalq əlaqələr indi daha geniş vüsət alıb və Azərbaycan alimləri hazırda dünyanın onlarla ölkəsinin aparıcı elmi mərkəzləri ilə bərabərhüquqlu elmi əməkdaşlıq edirlər. Nəticədə 2024-cü il ərzində elmi müəssisələrimizin dünya elminə inteqrasiyası prosesi davam etmiş, ABŞ-nin Massaçusets Texnologiyalar İnstitutu, Miçiqan və Missouri Universitetləri, İngiltərənın Oksford Universiteti, İtaliyanın Milli Tədqiqat Şurası (CNR) və Milan-Bicocca Universiteti, Fransanın Montpellier Universiteti və Milli Tədqiqat Şurası (CNRS), Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, Rusiya Elmlər Akademiyası Yer Fizikası, Geologiya, Coğrafiya İnstitutları, Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, Türkiyənin İstanbul Texnik, 9 Eylul, Kocaeli Universiteti, Almaniyanın Bremen və Karlsruhe Universitetləri, Potsdam Geofizika Mərkəzi və İsrail Elmlər və Humanitar Elmlər Akademiyası, Tel-Əviv Universiteti və digər elm mərkəzləri ilə beynəlxalq əlaqələri genişlənmişdir.
Bölmənin akademik elmi müəssisələrində 2024-cü ildə dörd beynəlxalq tədqiqat laboratoriyası - GGİ və ABŞ Massaçusets Texnologiyalar İnstitutunun “Yer səthinin müasir geodinamikası və geoloji təhlükələr” (akademik Fəxrəddin Qədirov, prof. R.Reilinger), GGİ və İtaliya CNR-in “Zəlzələnin məkan-zaman təhlili və təhlükə” (Dr.Qulam Babayev və prof. Luçano Teleska), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və ABŞ Missuri Universitetinin “Seysmotomoqrafiya” və NQİ ilə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Azərbaycan-Rusiya elmi-tədqiqat laboratoriyası” fəaliyyət göstərmişdir.
RSXM 30-dan çox beynəlxalq seysmoloji və geofiziki qurumun, o cümlədən EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika Geofiziklər Birliyi) kimi beynalxalq təşkilatların üzvüdür. 2024-cü ildə onun elmi əməkdaşlıq etdiyi çoxsaylı elmi müəssisələr siyahısına Özbəkistan Respublikasının FHN Respublika Seysmoproqnoz Monitorinq Mərkəzi, Qırğızıstan Respublikasının Seysmologiya İnstitutu, Qazaxstan Respublikasının Milli Nüvvə Mərkəzinin Geofiziki Tədqiqatlar İnstitutu əlavə olunmuşdur.
Beynəlxalq əlaqələr yüksək səviyyəli elmi kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır. Məsələn, 2024-cü ilin iyununda NQİ əməkdaşı Bəhruz Əhədov ABŞ-nin dünyanın müxtəlif ölkələrindən olan alimlərə və tədqiqatçılara elmi fəaliyyətlərini inkişaf etdirmək və beynəlxalq əlaqələr qurmaq imkanı yaradan “2024-2025 Fulbright Visiting Scholar” proqramının qalibi kimi hazırda ABŞ-də “InSAR Analysis of the Interplay Between Earthquakes and Mud Volcanoes in Azerbaijan” (Azərbaycanda zəlzələlər və palçıq vulkanları arasında qarşılıqlı əlaqənin InSAR texnologiyası ilə təhlili) mövzusu üzrə tədqiqatlarını davam etdirir. ETN Akademik Həsən Əliyev ad. Coğrafiya İnstitutunun (Cİ) kiçik elmi işçisi B.Hüseynova Almaniya Federativ Respublikasında təcrübə mübadiləsi proqramı çərçivəsində Yustus Libix Universitetində 3 aylıq təcrübə keçmiş, tədqiqat işləri aparmışdır. Cİ əməkdaşı, t.e.ü.f.d. İsmayıl Zeynalov ABŞ-nin Hyuston şəhərində Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) təşkil etdiyi “NASA Yer müşahidələrindən istifadə edərək karbon qazının ölçmələrinin iqlim dəyişmələrinə təsiri” adlı məlumatların toplanması və təhlili üzrə təlimlərdə iştirak etmişdir.
Bölmə alimlərinin COP29-da iştirakı. Ölkəmizdə Yaşıl dünya naminə həmrəylik ili elan edilmiş 2024-cü ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 keçirildi. Təbiidir ki, ötən ildə elmi müəssisələrimizin əsas diqqəti məhz COP29 gündəliyinə, bu istiqamətdəki tədqiqatlara yönəlmişdi. COP29 çərçivəsində müzakirələr və tədbirin yekunları Yer Elmləri üzrə ixtisaslaşmış elmi müəssisələrin tədqiqat predmetlərinin dünya elminin ən aktual istiqamətləri və mövzuları ilə səsləşdiyini, qloballaşan dünyanın və ölkəmizin taleyüklü problemləri ilə sıx bağlılığını göstərdi.
AMEA-da təşkil olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda toplantıda YEB-i təmsil edən alimlər - GGİ şöbə müdiri, g.m.e.d. Abdulvahab Muxtarov “Yer qabığında yüksək dəqiq temperatur müşahidələri”, H.Əliyev ad. Coğrafiya İnstitunun (Cİ) şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov “Süni intellektin yaşıl enerji sahəsində tətbiqi perspektivləri”, NQİ şöbə müdiri prof. Fəxrəddin Kərimov “Atmosferə atılan karbon qazının tutulması, yığılması və metanol / karbamid istehsalında istifadə edilməsi Layihəsi”nin idarə olunması və süni intellekt” barədə məruzə etmişlər.
YEB alimləri COP29 çərçivəsində “Uzunmüddətli istixana qazı emissiyalarının təsirlərin inkişaf strategiyaları vasitəsilə yumşaldılması və uyğunlaşması” panel iclasında, “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində, “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda görüşdə, “Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması” mövzusunda tədbirlərdə fəal iştirak etmişlər. “QHT-lər Xəzər dənizinin ekologiyasını qorumaq üçün” beynəlxalq forumunda GGİ-nin tədqiqatçı-alimi c.e.d. Vaqif Məmmədov “Xəzər dənizi problemlərinin yaranma səbəbləri” mövzusunda, Cİ-nin baş elmi işçisi Elnur Səfərov COP 29 Amerika Mərkəzində təşkil edilmiş “İqlim çatı: ABŞ səfiri Mark Libbi Xəzər və Cənubi Qafqaz su yollarının təmizlənməsi üzrə yerli ekspertlərlə” adlı paneldə çıxış etmiş, həmin institutun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin müdiri Səid Səfərovun “Xəzəryanı ölkələrin vətəndaş cəmiyyətinin regional əməkdaşlığı: texnologiya və innovasiyalar” adlı panel iclasının moderatoru olmuşdur.
2024-cü ilin iyulunda bölmənin alinləri tərəfindən hazırlanmış üç elmi-populyar kitab - akademik İbrahim Quliyevin, akademik Əkbər Feyzullayevin və g.m.e.d. A.Əliyevin “Palçıq vulkanları haqqında nə bilirik?”, həmin müəlliflərin və g.m.e.d. M.Əfəndiyevanın “Neft haqqında nə bilirik?”, g.m.e.d. Tələt Kəngərli və g.m.e.d. Ş.Babayevin “Azərbaycanın geoloji irsi” kitabları GGİ tərəfindən Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatda nəşr edilmiş və COP29 tədbirlərinin iştirakçılarına təqdim edilmişdir.
Karbon emissiyasının azaldılması. Məlum olduğu kimi, texnogen mənbələrdən havaya atılaraq iqlim dəyişmələrinə böyük mənfi təsir göstərən qazların inventarlaşdırılması, tutulması, yığılması və saxlanılması məsələləri COP29-un mərkəzi mövzularından olmuşdur. “Uzunmüddətli istixana qazı emissiyalarının təsirlərin inkişaf strategiyaları vasitəsilə yumşaldılması və uyğunlaşması” mövzusu 2024-cü il noyabrın 15-də COP29 iqlim konfransı çərçivəsində keçirilən və AMEA YEB üzvlərinin iştirak etdiyi panel iclasında müzakirə edilmişdir.
NQİ-də “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsində prof. Fəxrəddin Kərimovun rəhbərliyi ilə həyata keçirilən “Azərbaycanda iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması, saxlanılması, metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə istifadə edilməsinin elmi-texniki, iqtisadi əsaslarının işlənməsi və təkliflərin hazılanması layihəsi” çərçivəsində karbon qazının əsas tullantı mənbələri və miqdarı təyin edilmiş, qazların invertarizasiyası aparılmış, elektrik stansiyalarından il ərzində havaya atılan qazların həcmi müəyyən edilmişdir. Layihə çərçivəsində qazların filtrlər vasitəsilə tutulması imkanları, tullantı mənbələrinə yaxın geoloji formasiyaların qaz tutumu həcmləri araşdırılmış, yığılacaq CO2-nin təyinat yerinə nəqli variantları araşdırılmış və konkret istifadə sahəsindən asılı olaraq sxemlər işlənilmiş, metanol və karbamid istehsalında istifadə olunan texnoloji qazın (sintez-qazın) alınması yolları öyrənilmişdir. Sübut olunmuşdur ki, Səngəcal (579 min t/il), Sumqayıt (1.486 min t/il) və Şimal DRESS (989 min t/il) elektrik stansiyalarından il ərzində havaya atılan 3 milyon tondan çox karbon qazının tutulub istifadə edilməsi, aşkar ekoloji effekti ilə yanaşı, həm də ölkəmizə hər il xarici bazarlara çıxarıla biləcək azı 300-350 milyon m3 metan qazına qənaətə imkan verə bilər. Layihənin bir üstünlüyü də onun nəticələrindən, yəni laylarda yığılıb saxlanılmış qazlardan ehtiyatları tükənmiş layların neftveriminin artırılması üçün istifadə edilə bilməsidir.
Layihə ilə bağlı təkliflərin ölkənin müvafiq qurumlarında görüşlərin və təqdimatların keçirilməsi, COP29-un gedişində "Azərenerji" ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında müxtəlif fəaliyyət və əməkdaşlıq istiqamətləri, o cümlədən dekarbonizasiya və karbontutma sahələrini əhatə edən memorandumun imzalanması NQİ-nin sözügedən layihəsi üzrə işlərin praktik müstəvidə davam etdirilməsinə ciddi zəmin yaratmışdır.
Bərpa olunan enerji mənbələrinin inkişafı. Karbon emissiyasının azaldılması ilə yanaşı, ölkəmizdə bərpa olunan enerji növlərindən istifadənin genişləndirilməsi imkanlarının öyrənilməsi, Xəzər dənizinin akvatoriyasında Günəş, külək və dalğa enerji potensialının məkan və zaman çərçivəsində paylanmasının tədqiqi və bu enerji növlərinin istifadə texnologiyalarının araşdırılması Yer elmlərinin öyrənməkdə olduğu əsas mövzulardandır. Azərbaycanda son illərdə bərpa olunan enerji sahələrinin dövlətin dəstəyi ilə sürətli inkişafı, belə mənbələrdən alınan elektrik enerjisinin xeyli artımı müşahidə edilir. Prezident İlham Əliyev 2024-cü il noyabrında COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizdə bərpaolunan enerjidə texniki potensialımızın quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil etdiyini qeyd etmişdir. Azərbaycan 2030-cu ilədək elektrik enerjisi istehsalıbda bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını hədəfləyir.
Bu istiqamətdə həyata keçirilən elmi tədqiqatların səmərəsini yüksəltmək və əlqələndirilməsini yaxşılaşdırmaq məqsədilə 2024-cü ildə GGİ və Cİ tərəfindən “Bərpa olunan enerji mənbələri” institutlararası müştərək laboratoriya yaradılmışdır və hazırda burada “Azərbaycan Respublikası ərazisində bərpa olunan (Günəş, külək, geotermal və dalğa) enerji mənbələri potensialının paylanmasının qiymətləndirmə metodunun işlənilməsi və onlardan rasional istifadənin fundamental və tətbiqi əsasları” mövzusunda tədqiqatlar aparılır.
GGİ şöbə müdiri, g.m.e.d. Abdulvahab Muxtarovun Yer qabığında yüksək dəqiq temperatur müşahidələri ilə bağlı tədqiqatları, Azərbaycan ərazisində temperatur və horizontal qradiyentlərin paylanmasına dair tərtib edilmiş xəritələr göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində gücü 4000-5000 m3/gün, temperaturu 30-74°C olan geotermal mənbələrin potensialından istilik təminatı və balneoloji məqsədlər üçün səmərəli istifadə edilə bilər. Gənc tədqiqatçısı P.Məmmədov tərəfindən Abşeron yarımadası və bitişik ərazilərdə Pliosen çöküntülərinin geotermal enerji resursların paylanma xəritəsinin tərtib edilməsi və onların tətbiqinin iqtisadi baxımdan əsaslandırılması həmin institutun 2024-cü ildəki mühüm elmi nəticələrindən biri hesab edilmişdir. COP29 çərçivəsində ARDNŞ-in “SOCAR Green” qurumu ilə ABŞ-nin "Schlumberger" şirkəti arasında ölkəmizdə geotermal enerji potensialının birgə öyrənilməsi üçün əməkdaşlıq barədə Anlaşma Memorandumunun imzalanması GGİ-də bu sahədə yaradılmış geotermik məlumat bazasının və aparılmış tədqiqatların əhəmiyyətini artırır.
Cİ-də “Xəzər dənizinin akvatoriyasında günəş radiasiyasının və külək gücünün paylanması” (AMEA-nın müxbir üzvü Rauf Qardaşov) mövzusunda tədqiqatın nəticəsi kimi Xəzər dənizi üzərində günəş radiasiyasının və külək sürətinin paylanmasının məlumat bazaları yaradılmış, küləyin güc parametri hesablanmış və müvafiq xəritələr hazırlanmışdır. İnstitutun əməkdaşı Nicat İmamverdiyev “Azərbaycanda GİS nəticələrinin çoxmeyarli təhlili metodu ilə külək-energetik potensiallı ərazilərinin müəyyənləşdirilməsi” mövzusunda tədqiqatını başa çatdırmış və elmi mətbuatda çıxışlar etmişdir.
Azərkosmosun Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda "Peyk təsvirləri əsasında Azərbaycan ərazisi üçün Qlobal Günəş Radiasiyasının paylanmasının elektron xəritəsinin yaradılması" mövzusunda (mövzu rəhbəri: Elnurə Fətiyeva) tədqiqat işi çərçivəsində peyk təsvirləri və məkan məlumatları əsasında Gunəş radiasiyasının modelləşdirilməsi həyata keçirilmiş, Azərbaycanda Günəş radiasiyasının 2014-2024-ci illər ərzində illik orta paylanmasının elektron xəritəsi tərtib olunmuşdur.
Neft-qaz tədqiqatları. Prezident İlham Əliyev 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının açılış mərasimindəki nitqində vurğulamışdı ki, “COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq”. Reallıq isə ondan ibarətdir ki, məhz milli sərvətimiz olan neft-qazdan əldə olunan gəlirlər ölkəmizin inkişafı ilə bağlı perspektiv layihələrin, o cümlədən Yaşıl enerjiyə keçidin maliyyələşməsinə imkan verir. Bu isə nəinki ənənəvi energetika sahəsində elmi tədqiqatların davam etdirilməsini, hətta onların yeni, daha yüksək səviyyəyə qaldırılmasını şərtləndirir, Xəzər dənizi akvatoriyasında yeni karbohidrogen resurslarının qiymətləndirilməsini, axtarış-kəşfiyyat işlərinin yeni prioritet istiqamətlərinin müəyyənləşdirilməsini zəruri edir.
GGİ-də aparılmış “Yeni geofiziki məlumatlar əsasında Cənubi Xəzər meqahövzəsinin dərinlik tektonikası və təkamül modelləri”, NQİ-də “Cənubi Xəzər meqaçökəkliyinin geodinamik rejimi, struktur-tektonik xüsusiyyatləri və kollektorların petrofiziki parametrləri əsasında neftqazlılığın qiymətləndirilməsi”, “Cənubi Xəzər hövzəsinin Azərbaycan sektorunun çöküntü qatının dərinlik quruluşunun və karbohidrogen yataqlarının yaranma prosesinin tədqiqi” və “Cənubi Xəzər hövzəsinin təhlili və modelləşdirilməsi əsasında karbohidrogen potensialının qiymətləndirilməsi” mövzusunda tədqiqatlar məhz Xəzərin Azərbaycan sektorunda, xüsusən də bu zonanın böyük dərinliklərində neft-qaz yataqlarının axtarışının elmi-nəzəri əsaslarının müəyyən olunmasına yönəlmişlər.
2024-cü ildə NQİ-də Xəzər dənizi akvatoriyasında karbohidrogen resurslarının qiymətləndirilməsi ilə bağlı SOCAR-ın Elm Fondu tərəfindən dəstəklənən iki layihə icra edilmişdir. “Azərbaycan ərazisi və Cənubi Xəzər akvatoriyasında Yer qabığının böyük dərinliklərində müasir elmi üsulların tətbiqi ilə karbohidrogen yataqlarının kəşfiyyatı və ehtiyatların qiymətləndirilməsi” qrant layihəsi (rəhbər: prof. Vaqif Qurbanov) çərçivəsində böyük dərinliklərdə karbohidrogenlərin axtarışı və kəşfiyyatı üçün çöküntü örtüyünün dərinliklərində yatan fasiyaların xəritələşdirilməsi, təzyiqlərin və mürəkkəb formalı tələlərin proqnozlaşdırılmasının təkmilləşdirilmiş üsulları təklif edilmişdir. “Tamhəcmli seysmik interpretasiya nəticələrinə əsasən qeyri-struktur neft-qaz tələlərinin axtarışı və xəritələşdirilməsi metodikasının işlənib hazırlanması” (rəhbər: prof. Vaqif Kərimov) qrant layihəsi çərçivəsində isə hövzə təhlili və ədədi modelləşdirmə texnologiyalarının tətbiqi nəticəsində çöküntü örtüyünün əmələ gəlməsi şəraiti rekonstruksiya edilmiş, Cənubi Xəzər hövzəsinin klinoform laylarının pazlaşması və yayılma zonaları üzrə proqnoz verilmişdir. İnstitutun Elmi şurasının iclasında (06.04.2024) g.-m.e.ü.f.d. Ülviyyə Mövsümova “Cənubi Xəzər hövzəsinin qərb (Azərbaycan) və cənub-şərq (Türkmənistan, İran) hissələrində süxurların karbohidrogen potensialı: müqayisəli təhlil” mövzusunda elmi məruzəsində müxtəlif stratiqrafik süxurlarda və palçıq vulkanlarının tullantılarında üzvi maddələrin kəmiyyət və keyfiyyət xassələrinin müqayisəli təhlili əsasında süxurların karbohidrogen potensialını təhlil etmişdir.
NQİ-nin Neft-qaz geofizika şöbəsinin müdiri, g.-m.e.d. Namaz Yusubovun Cənubi Xəzər hövzəsinin dərinlik geoloji quruluşunun müasir seysmoloji məlumatlar struktur interpretasiyası əsasında tədqiqatı nəticəsində Cənubi Xəzər çökəkliyindəki 15-ə qədər antiklinallardan paleozoy yaşlı qalıq hesab edilən Atatürk valının 100 km qədər uzunluğa, 6-7 km enə və 10 km-ə çatan hündürlüyə malik nəhəng palçıq vulkanının eruptiv kanalı olması müəyyən edilmişdir ki, bu da yeni və nəhəng karbohidrogen yatağının tapılması kimi təsvir edilir.
Həmin institutun Moskva Geoloji Kəşfiyyat Universiteti ilə birlikdə yerinə yetirdiyi “Cənubi Xəzər hövzəsində yayılan karbohidrogen sistemlərinin modelləri” layihəsinə yekun vurulmuş (08 yanvar 2024), hazırlanmış riyazi modellərin əsasında neft və qaz axtarış kəşfiyyat işlərinin prioritet istiqamətləri müəyyən edilmişdir.
2024-cü ilin iyununda Almaniyanın “Springer” nəşriyyatında ingilis dilində çapdan çıxımış AMEA-nın həqiqi üzvləri Akif Əlizadə, İbrahim Quliyev, Pərviz Məmmədov, Əkbər Feyzullayevin, AMEA-nın müxbir üzvü Elmira Əliyeva və Dadaş Hüseynovun, həmçinin Tel-Əviv Universitetinin professoru Lev Epelbaumun daxil olduğu müəlliflər qrupu tərəfindən hazırlanmış və Cənubi Xəzər hövzəsinin neft və qaz yataqlarının formalaşmasının tektonodinamik modelin qurulması və hövzənin ehtiyatlarının işlənmə strategiyasının hazırlaması məsələlərinə həsr olunmuş “Azərbaycanın Pliosen Dövrü Karbohidrogen Çöküntüləri” (“Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan”) adlı monoqrafiya ötən ilin ən mühüm elmi nəşrlərindən biridir.
2024-cü ilin dekabrında NQİ-nin təşkilatçılığı, SOCAR və BP şirkətlərinin sponsorluğu ilə görkəmli neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunmuş və 11 ölkədən 200-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi “Xəzər regionunun neftqazlılığı və geoekoloji problemləri” mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi konfransında “Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, hövzə analizi və karbohidrogen sistemlərinin modelləşdirilməsi”, “Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və geomexanika”, “Yer təkinin geofiziki üsullarla tədqiqi və neft və qazın axtarışı və kəşfiyyatının müasir texnologiyaları” və “COP29-un ətraf mühitə təsirlərin azaldılması strategiyası və Xəzər dənizinin geoekoloji problemləri” adlı elmi sessiyalarda neft-qaz axtarışı, neft və qaz yataqlarının istismarında qarşıda duran texnoloji və ekoloji problemləri, yeni elmi metod və texnologiyaların tətbiqi məsələləri diqqət mərkəzində olmuşdur.
2024-cü ildə SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən neft-qaz axtarış-kəşfiyyat və istehsal proseslərinin təkmilləşdirilməsi ilə bağlı aparılan elmi tədqiqatlarda da maraqlı nəticələr əldə edilmişdir. BANM Neft-qaz mühəndisliyi kafedrasında aparılmış “Neftçıxarmada hidravlik sistemlərdəki reofizik proseslərin elektrokinetik tənzimlənməsi” mövzusunda elmi-tədqiqat işi (İcraçı: Aidə Soltanova, Elmi rəhbər: prof. Fuad Vəliyev) üzrə əldə edilmiş elmi nəticələr ABŞ, Yaponiya, Belarus, Rusiyanın aparıcı elmi jurnallarında, ADNSU-nun “Neftin, qazın nəqli və saxlanması” kafedrasında təklif olunmuş “Anomal xassəli neftlərin nəqlə hazırlamasında yaranan mürəkkəbləşmələrə qarşı çoxfunksiyalı yeni kompozisiya” (icraçı: professor Hüseyn Qurbanov) Web of Science və Scopusda indeksləşən dörd xarici elmi jurnalda nəşr olunmuş məqalədə əksini tapmışdır.
Faydalı qazıntılar axtarışında. Yerin təkinin öyrənilməsi, yeni faydalı qazıntı yataqlarının axtarışının elmi əsaslarının müəyyən edilməsi həmişə GGİ alimlərinin diqqət mərkəzində olmuş mövzulardandır. Alimlərin çoxillik tədqiqatların elmi nəticələri əsasında beş il əvvəl nəşr edilmiş “Azərbaycanın filiz yataqları atlası”nda ölkəmizin 110 filiz yatağının hərtərəfli geoloji, struktur-morfoloji, mineraloji, geokimyəvi və digər xüsusiyyətləri əksini tapmışdır. Yerin təkinin öyrənilməsində aparıcı mövqelərdə olan GGİ-də AMEA-nın müxbir üzvü Tələt Kəngərli və g.m.e.d. Ramiz Məmmədov tərəfindən Azərbaycan Respublikası iqtisadi rayonlarının geoloji, hidrogeoloji, mühəndisi geoloji və faydalı qazıntılar xəritələri komleksinin (42 xəritədən ibarət) işlənib hazırlanması bu instititutun 2024-cü ilin mühüm elmi nəticələrindən hesab edilmişdir və ölkəmizin faydalı qazıntılarının işlənməsi istiqamətində irəliyə əhəmiyyətli addımdır. 2025-ci ilin yanvarında Yer Elmləri Bölməsinin AMEA Rəyasət Heyətində 2024-cü ilin yekunlarına dair hesabat iclasında çıxış edən “AzerGold” QSC-nin müşaviri g.m.e.d. Şahbəddin Musayev sənaye ehtiyatları 300 milyon ton həcmində qiymətləndirilən Daşkəsən dəmir filizi yatağı və dünyanın ən iri polimetal yataqlarından biri - əlvan filiz ehtiyatlarının miqdarı100 milyon tondan çox qiymətləndirilmiş “Filizçay” polimetal yatağı üzrə layihələrindən şirkətin GGİ ilə məhsuldar əməkdaşlıq nümunəsi kimi bəhs etmişdi.
Göstərilənlər son illərin xarakterik trendinin davam etməsini – cəmiyyətdə tətbiqi xarakterli araşdırma və tədqiqatlara tələbatın artmasını, iqtisadiyyatda elmi işlərin nəticələrindən daha geniş istifadə olunmasını, bu amillərin Yer elmlərinin tədqiqat mövzularına birbaşa təsir göstərməsini qeyd etməyə imkan verir. Məhz bu tendensiyanın inkişafını dəstəkləmək məqsədilə AMEA Yer Elmləri Bölməsində 2024-cü ilin dekabrında “2025-2030-cu illər üçün Azərbaycan Respublikasında Yer elmləri sahəsində elmi tədqiqatların prioritet istiqamətləri” layihəsi hazırlamış, Bölmənin üzvləri ilə müzakirə olunmuş və təsdiq edilmişdir. Həqiqətən də, öz-özlüyündə elmi müəssisələrin, alimlərin zəhmətinin obyektiv göstəricisi olan müxtəlif indeks və rəqəmlər yalnız onların tədqiqatların aktuallığı, məzmunu, elmi keyfiyyəti, ən başlıcası, ölkənin, elmin inkişafı tələblərinə nə dərəcədə cavab vermələri ilə əhəmiyyətlidir.
Geodinamik proseslərin öyrənilməsi.Yer elmləri ahəsində çalışan alimlərin əsas fəaliyyət istiqamətlərindən biri də aktiv geodinamik proseslərin öyrənilməsidir. Məlumdur ki, Azərbaycan ərazisinin 13%-i, yəni 10 min km2-dən çoxu təhlükəli geodinamik proseslər zonasında, 1300 km2 isə sel prosesləri zonasındadır. AR Fövqəladə Hallar Nazirliyinin məlumatlarına görə, Azərbaycanda hər il 15 mindən çox təbii və texnogen xarakterli hadisə baş verir və belə halların sayı ilbəil artır. 2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycan ərazisində qeydə alınmış 12183 təbii və texnogen xarakterli hadisə nəticədə 68 nəfər həyatını itirmiş, iqtisadiyyata milyon manatlarla zərər dəymişdir. Bunlar ölkə ərazisində aktiv geodinamik proseslərin öyrənilməsini, təbii fəlakət risklərinin davamlı və sistemli monitorinqinin aparılmasını tələb edir.
Məhz belə tədqiatların nəticəsi olaraq GGİ-də y.e.d. Qulam Babayev və doktorant T.Babayev tərəfindən “Zəlzələnin məkan-zaman təhlili və təhlükə” beynəlxalq laboratoriyasında İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun professoru Luçiano Teleskanın iştirakı ilə aparılmış tədqiqat nəticəsində zəlzələ epimərkəzlərin koordinatlarını təyin etmək məqsədilə seysmoqramların müasir proqram təminatının köməyi ilə analiz metodikasının işlənib hazırlanması da insitutun 2024-cü ildəki mühüm elmi nəticələrindən biridir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən ölkə ərazisindəki 84 seysmik stansiya və 24 GPS stansiyası, o cümlədən dünyanın ən dərin (8324 m.) on quyusundan biri olan Saatlı rayonundakı unikal dərin quyuda yerləşdirilmiş GPS stansiyası vasitəsi ilə seysmik məlumatlar fasiləsiz tolpanılır və təhlil edilir.
Məlumdur ki, Yer kürəsində məlum olan palçıq vulkanlarından 344-ü Azərbaycan ərazisində yerləşir. CNN Travel TV kanalının dünyanın 50 möcüzəsindən biri adlandırdığı Azərbaycan palçıq vulkanları Yerin səthindən dərinliklərinə uzanan təbii kanal kimi geoloji-geofiziki tədqiqatlar üçün unikal imkanlar açır. Buna görə məhz Azərbaycanda dünyada ilk dəfə palçıq vulkanlarının ətrafında quraşdırılmış 12 seysmik stansiya vasitəsi ilə palçıq vulkanlarının dinamikası fasiləsiz izlənilir. GGİ-də İtaliyanın d'Annunzio Universitetinin Beynəlxalq Tədqiqat Planet Elmləri Məktəbinin (professor Goro Komatsu) mütəxəssisləri ilə çoxillik elmi əməkdaşlıq çərçivəsində aparılan tədqiqatlarda Azərbaycanda palçıq vulkanlarının məsafədən zondlama və çöl müşahidələrinin kompleks analizi əsasında müstəqil iri palçıq vulkanlarının ümumi morfoloji xüsusiyyətləri öyrənilmişdir.
RSXM-də illər boyu aparılmış tədqiqatların məntiqi nəticəsi kimi, 2024-cü ildə burada Kanadanın Viktoriya Universiteti, ABŞ-ın Livermor Milli Laboratoriyası (Lawrence Livermore National Laboratory), Miçiqan Universiteti, Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi və digərləri ilə birgə “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” tərtib olunmuşdur.
Aktiv geodinamik proseslərin öyrənilməsi baxımından RSXM ilə Böyük Britaniyanın Oksford Universitetinin birgə seysmoloji və paleoseysmoloji tədqiqatları olduqca əhəmiyyətlidir. Professoru Riçard Voalker 2024-cü ilin yanvarında Azərbaycana səfəri zamanı Oksford Universiteti və RSXM əməkdaşlarının Salyan və Göyçay rayonlarında birgə apardıqları tədqiqatlar zamanı götürülmüş nümunələr əsasında alınmış paleoseysmoloji nəticələr barədə məlumat vermiş, birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmişdir. 2024-cü ilin aprelində isə Oksford Universitetinin Yer Elmləri Departamentinin dəvəti ilə Azərbaycan seysmoloqlarından ibarət nümayəndə heyətinin Böyük Britaniyaya səfərinin gedişində əməkdaşlığın nəticələri və potensialı, zəlzələ təhlükəsi ilə bağlı birgə tədqiqatların gələcək istiqamətləri müzakirə edilmiş, Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri haqqında məruzələr dinlənilmişdir.
RSXM-in intensiv beynəlxalq əməkdaşlığının nəticəsi olaraq yaradılmış və 16 963 zəlzələnin parametrlərinin əks olunduğu “Qafqazda 1900-2019-cu illər ərzində baş vermiş 3,7 və daha yuxarı maqnitudalı zəlzələlərin analoq və rəqəmsal məlumatlar əsasında vahid kompleks regional zəlzələ kataloqu” bu sahədə tərtib edilmiş ən təkmil kataloqlardan biridir və 2024-cü ildə əldə edilmiş mühüm elmi nəticələrdəndir. RSXM direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin həmin kataloqdan bəhs edən məqaləsi Amerika Seysmoloji Cəmiyyətinin “Seysmoloji Tədqiqatlar” jurnalında (2024.03.13.) dərc olunmuşdur.
SOCAR-ın Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi kafedrasında g.m.e.d. Rauf Nadirovun və y.e.f.d. Oqtay Rzayevin müəllifliyi ilə hazırlanmış “Metsamor Atom Elektrik Stansiyasının Seysmik Həssaslığının Qiymətləndirilməsi: Qafqaz Regionunda Potensial Risk” (“Assessing the Seismic Vulnerability of Metsamor Nuclear Power Plant: A Potential Risk in the Caucasus Region”) adlı məqalə yüksək qiymətləndirilmiş və “BP International”-da nəşr edilən “Geography, Earth Science and Environment: Research Highlights” (Coğrafiya, Yer Elmləri və Ətraf Mühit: Tədqiqatların diqqətəlayiq məqamları) adlı kitaba daxil edilmişdir.
Elmi tədqiqatlarda peyk müşahidələri. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının nəticəsi olaraq son illərdə Yer elmləri sahəsində elmi tədqiqatlarda peyk görüntülərindən, kosmik müşahidə materiallarından, dron müşahidələrindən, Arc GİS proqram təminatı və digər müasir texnologiyalardan istifadə olunması əhəmiyyətli dərəcədə artmış, bu istiqamətdə mütəxəssis hazırlığı genişlənmişdir. Faktiki olaraq GGİ-də Xəzər problemləri, Yerin təkinin öyrənilməsi və s. aktual mövzular ətrafında heç bir tədqiqat bu texnologiyalardan istifadəsiz həyata keçirilmir. Cİ-də müxtəlif xəritələrin işlənməsində kosmik təsvirlərdən istifadə edilməsi işlərin keyfiyyətinə müsbət təsir etmişdir. Burada “Azərbaycan Respublikası ərazisinin 1:100 000 miqyaslı rəqəmsal xəritə-informasiya bazasının yaradılması” layihəsi çərçivəsində müxtəlif peyk sistemləri məlumatlarının vahid sistemdə birləşdirilməsi yolu ilə tərtib edilmiş topoqrafik xəritələr ölkə ərazisinin yüksək dəqiqliyə malik kartoqrafik modelləşdirilməsində, fövqəladə halların idarə olunmasında, şəhərsalma və infrastrukturun planlaşdırılmasında, nəqliyyat sisteminin optimallaşdırılmasında, iqlim dəyişikliklərinin monitorinqində və s. istifadə üçün nəzərdə tutulmuşdur. Tədqiqatlarda kosmik peyk məlumatlarından istifadə baxımından Azərkosmosun Təbii Ehtiyatların Kosmik Tədqiqi institutunda "Kosmik məlumatlar əsasında Quba-Xagmaz iqtisadi rayonunun ərazisində landşaft komponentlərinin tədqiqində süni intellekt texnologiyalarının tətbiqi” (mövzu rəhbəri – t.ü.f.d. lsmayıl lsmayılov), Azərkosmosun Ekologiya institutunda “Peyk məlumatları əsasında Gəncə-Qazax regionunun hava hövzəsinin ekoloji vəziyyətinin tədqiqi" (mövzu rəhbəri – t.ü.f.d. Fazil lsmayrlov), "Peyk təsvirlərindən istifadə etməklə sel va daşqın təhlükəli çaylarda baş verən proseslərin_tədqiqi və rəqəmsal xəritələrin işlənib hazırlanması” (mövzu rəhbəri – Teymur Hacıyev), “Həkəri çayı hövzəsinin ətraf meşə örtilyünün ekoloji vəziyyətinə təsirinin kosmik təsvirlər əsasında qiymətləndirilməsi" (mövzu rəhbəri – c.ü.f.d. Validə Məmmədəliyeva) mövzularında aparılmış tədqiqatlar öz praktik əhəmiyyəti ilə maraq doğururlar. 2024-cü ildə təqdim edilmiş, “Azərkosmos”un peyk təsvirləri əsasında qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı ərazilərini və atmosferin dəyişməsini əhatə edən “İqlim dəyişikliyinə kosmosdan baxış” xüsusi rəqəmsal elektron platforması monitorinq məlumatlarının elmi tədqiqatlar üçün əlçatanlığının təmin edilməsində mühüm rol oynaya bilər.
Xəzər dənizinin səviyyə dəyişmələri və sahil dinamikası. Uzun illərdir ki, ölkə ictimaiyyətin, alimlərimizin diqqət mərkəzində olan ən ciddi iqtisadi, sosial və ekoloji problemlərdən biri də Xəzər dənizinin səviyyəsinin və sahil xəttinin dəyişməsi problemidir. 1996-2023-cü illərdə Xəzər dənizinin səviyyəsi 2 metr enmişdir və bu proses hazırda davam etməkdədir. Dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycan Respublikasıdır, belə ki, ölkənin əhalisinin yarıdan çoxu, sənaye potensialının 80 faizə qədəri hazırda Xəzərsahili ərazidə yerləşir və dənizinin səviyyəsi hazırkı durumundan daha 1.5 metr aşağı düşərsə, sahil boyu ərazilərdə, xüsusən Nabran-Şabran sahili və Abşeron yarımadası ərazilərində, Bakı buxtasında ciddi ekoloji problemlər yarana bilər. Hələ ki, nə bizim, nə də digər dövlətlərin alimləri Xəzərdəki bu proseslərin səbəbləri, qarşısının alınması yolları, nə qədər davam edəcəyi barədə hamı tərəfindən qəbul edilən birmənalı elmi rəy verə bilmirlər. Lakin son illərdə bu istiqamətdə aparılan elmi tədqiqatlar - GGİ-də “Xəzər dənizi səviyyəsinin dəyişməsi ilə əlaqədar delta sistemlərinin təkamülünün riyazi modelləri (Kür çayı deltasının timsalında)” mövzusu, “Şərqi Qafqaz və yanaşı Xəzər akvatoriyası struktur -maddi komplekslərinin dərinlik tektonikası və geodinamik təkamülü modelləri”, “Xəzər dənizi səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqre modeli” mövzularında, Cİ-də Xəzər dənizi ekosisteminin kompleks tədqiqi problemi çərçivəsində “Azersky” və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsirinin tədqiqi” adlı və digər tədqiqatlar bizi addım-addım bu cavabları tapmağa yaxınlaşdırırlar.
Təbiidir ki, beş ölkənin sahillərini yuyan və regional iqlimin formalaşmasına birbaşa təsir göstərən Xəzərin problemlərinin öyrənilməsi beynəlxalq əməkdaşlığın genişləndirilməsini, qüvvələrin cəmləşməsini tələb edir. Müxtəlif ölkələrin Xəzər tədqiqatları ilə məşğul olan alimlərinin səylərinin birləşdirilməsində on səkkiz ölkənin altmışa yaxın tədqiqiat mərkəzində və universitetlərində çalışan tədqiqatçıları əhatə edən Caspian İntegrated Scientific Network - CASPİSNET (Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi) əhəmiyyətli rol oynayır. Şəbəkənin 2024-cü ilin iyununda Bakıda keçirilmiş «Xəzər keçid mərhələsində” adlı son konfransında zəngin və dinamik Xəzər dənizi hövzəsində georesurslarının kəşfiyyatı və istismarı, Xəzərdə geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması, iqlim dəyişikliyinin Xəzərə təsirləri, təbii və antropogen sistemlərin qlobal dəyişikliklərə davamlılığı kimi problemlər diqqət mərkəzində olmuşdur. Gənc tədqiqatçı, CASPİSNET-in Azərbaycan üzrə koordinatoru, c.ü.f.d Elnur Səfərovun 2024-cü ildə çap olunmuş və spektral analiz metodlarından olan Veyvlet çevrilmələrindən istifadə etməklə ilk dəfə olaraq Xəzər dənizinin qeyri-stasionar səviyyə dəyişmələrinin period-amplitud-zaman asılılığı və onun qlobal iqlim indeksinin El Nino fazası ilə mümkün əlaqəsinin araşdırıldığı “Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası Xəzər problematikası ilə məşğul olan elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Cİ-nun “Xəzər dənizinin hidrometeorologiyası” şöbəsində yerinə yetirilmiş “Xəzər dənizində külək və dalğalanma rejimi və onun müasir dəyişmələri” mövzusunda tədqiqatda (c.e.d. Səid Səfərov) 1980-2023-cü illər dövründə Cənubi Xəzər akvatoriyası üzrə küləyin sürətində və istiqamətində ciddi artımın Xəzər dənizinin səthindən buxarlanmanın intensivliyinə təsiri araşdırılmış və bu amil dənizin səviyyəsində baş verən kəskin azalmanın əsas səbəblərindən biri kimi qiymətləndirilmişdir. Həmin institutdakı bir-neçə illik tədqiqatların nəticəsi olaraq hazırlanmış “Volqa çayının hidroloji rejimində baş verən dəyişikliklər və onların Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsiri” (“Changes in the Hydrological Regime of the Volga River and Their Influence on Caspian Sea Level Fluctuations”) adlı məqalə ( c.e.d. Səid Səfərov, c.ü.f.d. Elnur Səfərov və c.ü.f.d.Emil Bayramov) yüksək reytinqli Water jurnalında (2024,16(12),1744) dərc olunmuşdur.
Xəzər tədqiqatları arasında böyük maraq kəsb edən daha bir elmi araşdırma 2014-2024-cü illərdə on il ərzində akademik Fəxrəddin Qədirovun elmi rəhbərliyi ilə GGİ ilə NQİ-nin ABŞ-nin Kaliforniya Texnologiyalar İnstitutunun NASA Jet Propulsion Laboratoriyası ilə çoxsensorlu peyk məlumatlarından istifadə etməklə Qızıl-Ağac Dövlət Qoruğunun sahil transformasiyalarının timsalında Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil xəttinin dinamikası istiqamətində aparılmış elmi tədqiqatdır.
Azərkosmosun Ekologiya İnstitunda həyata keçirilmiş "Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir edən amillərin müəyyənləşdirilməsi va baş verə biləcək fəsadların proqnozlaşdlrılması” mövzusunda tədqiqatda (c.e.f.d. Akif Mirzəyev) Xəzər dənizinin sahil xəttinin dəyişmələrinə tektonik proseslərin, iqlim şəraitinin, su balansının təsiri öyrənilmişdir.
Qarabağ ərazisində geoloji-geofiziki elmi tədqiqatlar. 2024-cü ildə alimlərimizin Qarabağ ərazisində geoloji-geofiziki elmi tədqiqat işləri davam etmişdir. Bu işlər arasında GGİ-nin, ETN Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Azərbaycan Respublikasının Kosmik Agentliyinin “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” mövzusunda birgə kompleks tədqiqatı xüsusi yer tutur. Tədqiqatın gedişində GGİ-nin əməkdaşları işğaldan azad edilmiş Qubadlı, Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında çöl-tədqiqat işləri aparmış, hər rayon üçün atmosfer radiasiyası, parlaqlıq temperaturu, Yer səthinin emissiyası, torpaq səthinin temperatur dəyərləri hesablanaraq qapalı və açıq məkanlarda, su mənbələrində radon qazının həcm aktivliyi müəyyənləşdirilmiş, ərazidə qamma şüalanmanın yayılmasının elektron xəritələri tərtib edilmişdir.
GGİ-də beynəlxalq elmi əməkdaşlıq çərçivəsində akademik F.Qədirovun rəhbərliyi altında Tәl-Әviv Universitetinin (İsrail) Yer Elmlәri Departamentinin alimləri (prof. Lev Eppelbaum) ilə birgə apardıqları elmi tədqiqatlar davam etdirilmiş, Kiçik Qafqazın şәrq hissәsinin onun cәnub-qәrb sәrhәdindәki ofiolit qurşağından kәskin şәkildә ayrılması, Azәrbaycanın Qarabağ bölgәsinin qarışıq son tәbaşir faunasının struktur vә geodinamik unikallığı hәrtәrәfli әsaslandırılmış vә tәsdiqlәnmiş, ilk dәfә olaraq mantiya strukturunun sәthә yaxın tektono-struktur elementlәrә tәsirinin başlanğıcı ilә bağlı qiymәtlәndirmә aparılmışdır.
Cİ-də hazırda “Qarabağ bölgəsinin relyefində təbii-antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirilməsi”, “Qarabağın torpaq örtüyünün hərbi-texnogen təsir nəticəsində deqradasiyasının qiymətləndirilməsi və səmərəli istifadəsi yolları” mövzularında tədqiqatlar davam etmişdir. İnstitutda “Qarabağ və Şərqi Zəngəzur regionlarının müasir təbii ekosistemlərinin inkişaf dinamikası, antropogen transformasiyası və təbii ehtiyat potensialının qiymətləndirilməsi” mövzusunda aparılmış tədqiqatın gedişində Qarabağ və Şərqi Zəngəzur regionlarının ilk böyük miqyaslı (1:100 000) rəqəmsal landşaft-ekoloji şəbəkə xəritəsinin tərtib edilməsi mühüm elmi nəticə kimi qiymətləndirilmişdir (İcraçı: c.ü.f.d., Mirnuh İsmayılov; c.ü.f.d., Səidə Zeynalova; c.ü.f.d. Gülnar Haciyeva). Bununla yanaşı, Cİ-də . “Şərqi Zəngəzur iqtisadi rayonunun turizm xəritəsi” tərtib edilmiş (İcraçı: c.ü.f.d. Zaur İmrani), müəllif Fransa, İtaliya və Beynəlxalq Coğrafiya İttifaqının təşkil etdiyi GeoNight Beynəlxalq tədbirində “Qarabağ turizminin coğrafi aspektlərinin dəyərləndirilməsinin meyarlarını, istiqamətlərini və müasir metodiki yanaşmaları” mövzusunda çıxış etmişdir.
2024-cü il AMEA nəzdində RSXM-də “Azərbaycan ərazisinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin seysmikliyinin və seysmotektonikasının tədqiqi” mövzusunda tədqiqat işinin nəticələri təqdim olunmuş, AEF-nun qrantı ilə “Qarabağ ərazisində seysmikliyin səciyyəvi xüsusiyyətləri və potensial güclü zəlzələ ocaqlarının məkan vəziyyətinin müəyyənləşdirilməsi” adlı tədqiqat başlamışdır.
Ölkənin su ehtiyatlarının səmərəli istifadəsi. YEB alimləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il oktyabrın 10-da təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həm texniki tapşırığının, həm də layihəsinin hazırlanmasında fəal iştirak etmiş, həmin sənədlərlə bağlı ETSN-ə su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, su təsərrüfatının elektronlaşdırılması, sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi, su ehtiyatlarının yaradılması, infrastruktur layihələrinin səmərəliliyin artırılması üzrə 30-dan çox qeyd və təklif vermişlər.
Cİ-də 2024-cü ildə “Azərbaycanın su ehtiyyatlarının müasir vəziyyəti, dağ çaylarının sülb axımının tədqiqi və hesablama metodikasının işlənməsi” mövzusunda (Elmi rəhbər: c.e.d., prof. Rza Mahmudov) tədqiqat davam etdirilmiş, tədqiq olunan ərazi çaylarının hidroqrqfik şəbəkə sxemi hazırlanmış, iqlim dəyişmələrinin təsirindən çayların orta illik və maksimal su sərflərinin azalması müəyyən edimişdir. İnstitutda Kiçik Qafqazın şimal-şərq yamacı çaylarının su ehtiyatları qiymətləndirilmiş, Qarabağ ərazisinin hidroqrafik və sel axım xəritələri hazırlanmışdır. “Qarabağ və Şərqi Zəngəzurun ekosistemlərinin dinamikası, antropogen transformasiyası və təbii ehtiyat potensialının qiymətləndirilməsi” (Elmi rəhbər: c.ü.f.d. Mirnuh İsmayılov) mövzusunda davam edən elmi tədqiqatın gedişində ilk dəfə olaraq beş rayonun (Kəlbəcər, Laçın, Qubadlı, Zəngəzur, Cəbrayıl) mineral və termal bulaqlarının kəndlər üzrə yerləşməsi öyrənilmiş və sistemləşdirilmiş, 300 kənddə ümumi gündəlik gücü 9613 m3 olan 751 bulaq qeydə alınmışdır.
GGİ-də GeoEngineering AAC ilə bağlanmış müqavilə əsasında Laçın rayonunda “Həkəriçay” su anbarının yaradılması layihəsi çərçivəsində sahənin mühəndisi-geofiziki şəraitinin tədqiq edilməsi ilə bağlı geofiziki tədqiqat işləri aparılmışdır. Hazırda institutda hazırda maraqlı bir elmi əsərin – “Qarabağ və Şərqi Zəngəzur Dinar-Zond geodinamik sisteminin strukturunda. Geologiya, tektonika, mineral resurslar”ın (AMEA müxbir üzvü T.N.Kəngərli və s.) hazırlanması üzrə işlər davam edir.
Azərbaycan Milli Aviasiya Akademiyasının “Aviasiya Meteorologiyası” kafedrasında Cİ əməkdaşı c.e.d.,prof. Rza Mahmudov tərəfindən Azərbaycan Elm Fondunun qrantı ilə həyata keçirilən “Qarabağ iqtisadi rayonunun hidrometeoroloji şəraitinin və su ehtiyatlarının təhlili” layihəsi (layihənin rəhbəri: tex.e.d., prof. N.Hüseynov), “Hidroloji MMC”-nin qrantı ilə c.e.d. Səid Səfərov və c.ü.f.d. Elnur Səfərov tərəfindən icra olunan “Xəzər dənizinin suyunun duzsuzlaşdırmaqla Abşeron yarımadasında su təchizatında istifadə olunması” layihəsi (layihənin rəhbəri: tex.e.d. Ə.Məmmədov) alternativ su mənbələrindən istifadəsinin genişləndirilməsi baxımından praktik əhəmiyyət kədb edirlər.
AR Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Emi Tədqiqat İnstitutunda “Qlobal iqlim dəyişmələrinin Azərbaycanın su təsərrüfatına təsirinin qiymətləndirilməsi və onun fəsadlarının minimumlaşdırılması təkliflərinin işlənib hazırlanması” (İcraçılar: t.ü.f.d. P.Abdullayev, t.ü.f.d., dosent Q.Cəfərov), “Azərbaycan Respublikasının yeni iqtisadi rayonları üzrə su təsərrüffatı balanslarının işlənib hazırlanması” (İcraçılar: c.ü.f.d., dosent R.A.İsmayılov və b.), “Qarabağ iqtisadi zonasının yeraltı suları haqqında məlumatların toplanılması və istifadəsi məqsədilə kompleks tədbirlərin işlənilməsi” (İcraçılar: y.e.ü.f.d., dosent Ç.C.Gülməmmədov, t.ü.f.d., dosent R.İ.Mehtiyeva və b.) ölkədə su ehtiyatları ilə bağlı dərinləşən problemlərin həllinə yönəlmişlər.
Azərkosmosun Ekologiya İnstitutunda ölkədə sel axınının maksimal sərfinin müəyyən olunması üçün riyazi model qurulmuş, peyk məlumatları əsasında selli və daşqınlı çay hövzələrinin morfometrik təhlili aparılmış, geomorfoloji xüsusiyyətlər qiymətləndirilmiş, sahil eroziyası və məcranın dayanaqlılığı tədqiq olunmuş, sel və daşqınların rayonlaşdırılması aparılmış və elektron xəritə hazırlanmışdır. (İcraçı: Teymur Hacıyev)
Elmi maarifçilik ocağı - Təbiət Tarixi Muzeyi. Məlum olduğu kimi, elmin əsas funksiyalarından biri də maarifçilikdir, öz nailiyyətlərini insanlara çatdırmaq, onlarda elmi dünyagörüşünün formalaşmasına kömək etməkdir. Bütün elmi müəssisələr bu sahədə mütəmadi olaraq hansısa işlər görür, görüşlər keçirir, alimlər elmi-populyar kitab və məqalələr yazır, intervyular verir, teleradio verilişlərində iştirak edirlər. Lakin elmi maarifçilik YEB əhatə dairəsinə daxil olan bir müəssisənin – Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin məramı, məqsədi və əsas funksiyasıdır. Bu müzeydə Binəqədi dördüncü dövr flora və fauna tapıntı yerində bitum gölündə aşkar edilmiş unikal eksponatlar - 190.000 il yaşı olan və son Pleystosen dövründə yaşamış quşlar və heyvanlar nümayiş olunur.
Əsas funksiyası təhsil və maarifçilik olsa da, Təbiət Tarixi Muzeyi eyni zamanda qədim canlıların qalıqları əsasında geoloji keçmişi öyrənən paleontologiya, qazıntı halında tapılan qalıqlardan DNT-nin alınması metodları ilə canlıların təkamül baxımından təhlili ilə məşğul olan paleogenetika, Xəzərin təmizlik indikatoru sayılan suitilərinin ekologiyası, geoloji proseslərin insanın təkamülünə təsirini oyrənən yeni elm sahəsi - arxegeologiya kimi fəaliyyət istiqamətlərində olduqca səmərəli işlər görür. Hazırda Muzeydə AR Prezidenti yanında Elmin inkişafı fondunun qrantı ilə hazırlanan “Azərbaycanın paleontoloji atlası” üzərində iş başa çatmaqdadır. Sahəsi çox kiçik olduğundan hazırda ildə yalnız 8-9 min qonaq qəbul edə bilən muzeyin yaxın vaxtlarda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın köməyi ilə yeni sahədə fəaliyyətə başlayacağı xəbəri bu unikal elmi mərkəzin Bakı sakinləri, şəhərimizin xarici qonaqları arasında populyar turizm məkanına çevriləcəyinə ümid yaradır.
Muzeyin Aveydağda, Damcılı mağarasında Tokiyo Universiteti ilə birgə apardığı tədqiqatların böyük maraq doğuran nəticələri 2024-cü ildə Böyük Britaniyada, Oksfordda nəşr olunmuş birgə monoqrafiyada əksini tapmışdır. (Y.Nişiaki, A.Zeynalov, Y.Məmmədov. Damjili Cave. Investigating the Late Pleistocene to Holocene human history in the Southern Caucasus (Damcılı mağarası.Cənubi Qafqazda son pleystosendən holosenədək insan tarixinin tədqiqi. Oxford.2024)
İrəli baxanda. Əlbəttə, bir məqalədə ayrıca elm sahəsi, onun istiqamətləri üzrə yüzlərlə alim və mütəxəssisin apardığı elmi tədqiqatların gedişi və nəticələri barədə danışmaq çətin olsa da, biz buna çalışdıq. Lakin onu da qeyd etməliyik ki, bəhs etdiyimiz elmi nəticələr ölkəmizdə Yer elmlərinin inkişafı ilə bağlı mövcud problemləri gizlədə bilməz. Haqqında söhbər açdığımız elmi hesabatlar göstərdi ki, görülən tədbirlərə baxmayaraq, qarşıdakı illərdə cəmiyyət üçün ciddi sınağa çevriləcək qlobal iqlim dəyişmələri, regionumuz üçün taleyüklü məsələyə olan Xəzərin səviyyə tərəddüdləri, ölkəmizin içməli və suvarma suyu ilə təminatı və s. məsələlərin öyrənilməsi istiqamətlərində problemlər az deyil, elmi tədqiqatların zəif maliyyələşməsi, elmi kadr qıtlığı, tədqiqatların zəruri elmi avadanlıq və cihazlarla təminatı sahəsində problemlər qalmaqdadır.
Elmin prioritet inkişaf istiqamətlərinin ölkənin ehtiyaclarına və dünya elminin əsas inkişaf trendlərinə uyğun müəyyən edilməsi, elmin təhsillə və real iqtisadiyyatla inteqrasiyasının gücləndirilməsi, nəticəyönümlü elmi tədqiqatların təşviqi, elmi müəssisələr və dövlət orqanları arasında əlaqələrin intensivləşməsi, elmi müəssisələrin özlərinin fəaliyyətinin koordinasiyası bir sıra əməli addımların atılmasını tələb edir.
Müasir texnologiyalardan, o cümlədən süni intellektdən və kosmik peyk təsvirlərindən istifadə edilməklə yeni elmi məhsulların yaradılmasını nəzərdə tutan tədqiqatların dəstəklənməsi, alimlərinin beynəlxalq elmi qrantlarda, layihə və müsabiqələrdə fəal iştirakının qaydaya çevrilməsi, Azərbaycan dilində elmi terminologiyanın inkişafı və zənginləşməsi ilə bağlı həllini gözləyən məsələlər də gündəlikdədir.
Türk dövlətləri birliyi çərçivəsində elmi əməkdaşlığın genişləndirilməsi, seysmologiya sahəsində Azərbaycanın Türkiyə ilə zəngin işgüzar təcrübəsindən istifadə etməklə Türk Dövlətləri Təşkilatı üzvlərinin bu formalaşmış əməkdaşlığa cəlb olunması və Türk dövlətləri birliyi ölkələrinin böyük bir ərazini əhatə edən vahid seysmik müşahidə şəbəkəsinin yaradılması ilə bağlı müvafiq təşəbbüsün hazırlanması da AMEA Yer Elmləri Bölməsinin, alimlərimizin qarşısında duran vəzifələrdəndir.
Azərbaycanın öz alimlərindən gözləntiləri çoxdur!
Sadıx NƏBİYEV, AMEA Yer Elmləri Bölməsinin elmi katibi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.