Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

05.03.2025 09:45
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində elm tarixçisi Zemfira Hacıyeva ilə görüş

AMEA Rəyasət Heyətində elm tarixçisi Zemfira Hacıyeva ilə görüş

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva ilə görüşüb, 70 illik yubileyi münasibətilə alimi təbrik edib.

Görüşdə AMEA-nın vitse-prezidentləri - akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi akademik Arif Həşimov və AMEA Rəyasət Heyəti aparatının Həmkarlar təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud iştirak ediblər.

Akademik İsa Həbibbəyli tarix elmləri doktoru Zemfira Hacıyevanın elm tarixinə dair araşdırmaları, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə və akademiyanin sonrakı inkişaf dövrlərinə, prezidentlərinə və institutlarına dair sanballı tədqiqatları ilə tanındığını deyib. Ötən il Zemfira Hacıyevanın müəllifi olduğu “AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabının təqdimatının Akademiyanın 80 illik yubileyinə həsr olunmuş birinci tədbir olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, alimin sanballı tədqiqat əsərləri onun elmşünaslıq, elm tarixi üzrə bacarıqlı mütəxəssis olduğunu təsdiqləyir.

AMEA rəhbəri bildirib ki, Zemfira Hacıyevanın səmərəli fəaliyyəti ilə bu gün Akademiyanın elmi irsi klassik arxiv modelinin ən gözəl nümunəsi kimi diqqət çəkir. Eyni zamanda, onun rəhbərlik etdiyi Elmi irs şöbəsi AMEA-nın elektron hərəkatının bir istiqamətini təşkil edən elektron arxivləşmə sahəsində də fəaliyyətini uğurla davam etdirir.

Görüşdə çıxış edən akademik İradə Hüseynova Zemfira Hacıyevanın uzun illər boyu apardığı elmi araşdırmaları və elmin inkişafına verdiyi töhfələrlə böyük nüfuz qazandığını vurğulayıb. Onun yalnız alim kimi deyil, eyni zamanda, yüksək insani keyfiyyətləri ilə seçilən, yeniliyə meyilli bir əməkdaş kimi tanındığını, gərgin əməyinin və fədakar fəaliyyətinin gənc tədqiqatçılar üçün örnək olduğunu qeyd edib.

Akademik Dilqəm Tağıyev alimin yüksək məsuliyyətindən, arxiv materiallarına göstərdiyi həssas münasibətindən söz açıb, onun elmi irsə, sənəd mübadiləsinə və tədqiqatçılara yüksək diqqət və qayğı ilə yanaşdığını bildirib.  Zemfira Hacıyevanın elmi etikasını yüksək qiymətləndirərək, onun bu sahədə peşəkarlığını və qüsursuz əməyini xüsusi vurğulayıb.

Sonra çıxış edən akademik Arif Həşimov Zemfira Hacıyevanın elmi irsin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə verdiyi töhfələrin bu irsin davamlılığının təmin edilməsində mühüm rol oynadığını deyib.

Filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud yubilyarın ömrünün böyük bir hissəsini elmə həsr etdiyini qeyd edib, eləcə də onun rəhbərlik etdiyi şöbənin püxtələşmiş bir kollektivə çevrildiyini vurğulayıb.

Daha sonra tarix elmləri doktoru Zemfira Hacıyeva çıxış edərək elmi fəaliyyətinə və əməyinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Bu diqqət və qayğının hər bir alim üçün böyük stimul olduğunu vurğulayaraq, bu etimadı doğrultmaq üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Sonda yubilyara gül dəstəsi təqdim olunub, AMEA-nın 80 illik yubileyi ərəfəsində çap olunan, akademiyanın tarixini və inkişafını əks etdirən bir sıra elmi nəşrlər hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: