Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir Azərbaycanda nəşriyyat işi” adlı monoqrafiya çapdan çıxıb
05.03.2025 14:43
  • A-
  • A
  • A+

“Müasir Azərbaycanda nəşriyyat işi” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Leyla Məmmədovanın “Müasir Azərbaycanda nəşriyyat işi” adlı monoqrafiyası çap olunub.

Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 16 may 2024-cü il tarixli 3 saylı qərarı ilə nəşr edilib.

Monoqrafiyanın “Ön söz”ün müəllifi və elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçilər filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevadır.

Kitab Giriş, hər biri iki yarımfəsildən ibarət olmaqla “Müasir dövrdə Azərbaycanda nəşriyyat işi və onun xüsusiyyətləri”, “Nəşriyyatlarda redaktə işi və onun mərhələləri”, “Nəşriyyat və marketinq məsələləri” fəsillərindən və nəticədən ibarətdir.

Monoqrafiyada XX əsrin əvvəllərində Azərbaycanda nəşriyyat işinin yaranması və onun keçdiyi tarixi inkişaf prosesi, ölkəmizdə fəaliyyət göstərən nəşriyyat evləri və onların iş prinsipləri, dövlət və özəl nəşriyyatlar, çap və elektron nəşrlər arasındakı fərq, elektron nəşrlərin müsbət və mənfi cəhətləri, redaktorluq sənəti, redaktə problemləri və onların həlli, redaktor və müəllif münasibətlərinin nəşr prosesinə təsiri, kitab marketinqi, Azərbaycanda fəaliyyət göstərən nəşriyyat evlərinin marketinq strategiyası, bazar xidmətinin reallaşdırma yolları, marketinq planının əsas elementləri kimi məsələlər elmi cəhətdən araşdırılıb, müqayisəli təhlillər aparılıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabdan nəşriyyat işi ilə maraqlanan tədqiqatçılar, bakalavr, magistr və doktorantlar, geniş oxucu auditoriyası faydalana bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: