Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Molla Cümə yaradıcılığının mifopoetikası” monoqrafiyası işıq üzü görüb
06.03.2025 17:05
  • A-
  • A
  • A+

“Molla Cümə yaradıcılığının mifopoetikası” monoqrafiyası işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Molla Cümə yaradıcılığının mifopoetikası” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Molla Cümənin yaradıcılığı mifopoetik aspektdən tədqiq edilir.

Tədqiqatın birinci fəslində Şimal-qərb bölgəsində aşıq sənətinin təşəkkülü və inkişafı, Molla Cüməni formalaşdıran mühit məsələsi araşdırılır, həmçinin Şəki-Zaqatala aşıq məktəbinin inkişafında Molla Cümənin və onun tələbələrinin rolundan bəhs edilir. Bəllidir ki, hər bir aşıq bilavasitə yetişdiyi, formalaşdığı mühitin “övladı”dır. Aşığı formalaşdıran mühiti öyrənmədən onun yaradıcılığına da obyektiv qiymət vermək, onun auditoriyası haqqında dolğun təsəvvür yaratmaq mümkün deyildir. Tədqiqatda Molla Cümə haqqında olan müxtəlif məzmunlu rəvayətlərin də təhlilə cəlb olunmasının vacibliyi vurğulanır.

Monoqrafiyada problem səviyyəsində qaldırılan məsələlərdən biri də Molla Cümənin ustadının kimliyi məsələsidir. Cüməşünaslıqda Molla Cümənin aşıqlığa necə başlaması haqqında rəvayət xarakterli müxtəlif fikirlər səslənsə də, onun aşıq sənətinin sirlərini məhz kimdən öyrənməsi məsələsi uzun müddət tədqiqatdan kənarda qalmışdır. Məlum məsələdir ki, ustadsız aşıq olmaz. Aşıq öz repertuarını, ifa tərzini, diksiyasını böyük ölçüdə öz ustadından əxz edir. Bu mənada, Molla Cümənin ustad şəcərəsinin araşdırılması da monoqrafiyanın müsbət keyfiyyətlərindəndir.

Tədqiqatın ikinci fəslində Molla Cümənin yaradıcılığı məhz mifoloji aspektdən təhlil edilir. Aşığın yaradıcılığında rast gəlinən mifik obrazlar, şeirlərində mistik-mifoloji məkan, sayların və rənglərin mifik simvolikası kimi məsələlər araşdırılır. Həmçinin cüməşünaslıqda hələ də sirr pərdəsinə bürünüb pünhanlığını qoruyan İsmi Pünhanın kimliyi məsələsinə yenidən nəzər salınır.

Tədqiqatın üçüncü fəslində isə aşığın yaradıcılığında araşdırmaya ehtiyacı olan digər bir məsələ Molla Cümənin dastanları ilə digər dastanların tipoloji müqayisəsi məsələsidir. Bu fəsildə Molla Cümə dastançı-aşıq kimi tədqiqata cəlb olunur. Aşığın çap olunmuş və indiyədək çap olunmamış dastanları müqayisəli şəkildə təhlilə cəlb edilir.

Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya elmləri doktoru, professor Rüstəm Kamal və Molla Cümənin nəticəsi, tədqiqatçı Elman Əzizovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: