Bərabərhüquqluluq - Gender insan haqq və hüquqlarının cəmiyyətdə kişi və qadın üçün bərabərliyini aşkarlayır. Feminizm XIX əsrdən təşəkkül tapan qadın azadlığı, qadın hüquqları uğrunda mübarizəyə səsləyən ideoloji cərəyan, ictimai-siyasi hərəkatdır. Tarixən labüd olsa da, humanizm baxımından artıq feminizm indi insan hüquqları məsələsinə tam cavab vermir. Bərabərhüquqluluq - Gendersə həm müasirdir, həm də dövrün tələbatına, insan hüquqları fəlsəfəsinə tam cavab verən elmi istiqamətdir. Feminizm nəzəriyyəsi patriarxal sivilizasiyanın bütün əsas idrakı və praqmatik prinsiplərini tənqid edərək, həmin sivilizasiyanın gender tədqiqatlarından irəli gələn yeni prinsiplərini nümayiş etdirmişdir. Bərabərhüquqluluq - gender nəzəriyyələri isə bu mətndə son elmi istiqamətdir. Qadın hüquqları da gender bərabərliyinin tərkib hissəsidir.
Müasir Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasında, vətəndaş cəmiyyəti, hüquqi dövlət yaradılmasında cinslərin bərabərhüquqluluq məsələsi də xüsusi yer tutur. Azərbaycanda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tərəfindən İlk dəfə cinslərin bərabərlik hüququ təsbit olunmuşdur. Sonradan bu məsələ keçmiş SSRİ dövründə də ictimai-siyasi həyatın müxtəlif sahələrində istər mərkəzləşdirilmiş, planlı şəkildə, istərsə də «kvota» sistemi ilə müəyyən dərəcədə reallaşma imkanı tapmış, müəyyən dərəcədə reallaşma imkanı tapmışdır.
Bərabərlik hüququ «Azərbaycan Respublikasının Dövlət Müstəqiliyi haqqında» 18 oktyabr 1991-ci il tarixli Konstitusiya aktında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Milli Məclisi 1992-ci il avqustun 4-də BMT-nin «Qadınların siyasi hüquqları haqqında» Konvensiyasına qoşulmuş, 1995-ci il 30 iyunda isə «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvesiyanı ratifikasiya etmişdir. 1998-ci il yanvarın 14-də «Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında» Sərəncam verilmişdir. Bilavasitə respublikada bərabərhüquqluq siyasətinə dəstək olan digər bir qanun isə 2000-ci il martın 6-da imzalanmış «Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» Fərmandır. Müstəqil Azərbaycanda qəbul edilən fərman, sərəncam, qərar, qətnamələr və beynəlxalq hüquqi aktların ratifikasiyası bərəbərhüquqluluq siyasətinin hüququ təminatına əsas vermişdir.
Bu baxımdan, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya bərabərlik hüququ problemini təsbit edən maddə daxil edilmiş və beynəlxalq hüquq normalarına uyğunluğu ilə qanuniləşmişdir.
Təsadüfi deyil ki, hüquqların bərabərliyi, gender probleminin aktuallığı «Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında» Konvensiyanın üz cildində bu sözlərlə öz əksini tapmışdır: «Hər hansı bir ölkənin tam və hərtərəfli inkişafı, bəşəriyyətin rifahı və sülh siyasəti, qadınların bütün sahələrdə kişilərlə bərabər hüquqlar əsasında maksimum iştirakını tələb edir».
XX əsr bərabərhüquqluluq probleminin qoyuluşu və həllində dönüş əsri olmuşdur. Bərabərlik hüquqlarının təmini məsələsi müxtəlif ölkələrin əsas qanunlarında, bir çox digər rəsmi sənədlərin və beynəlxalq Konvensiyalarda öz əksini tapmışdır. Bütün səylər cinslərin qarşılıqlı münasibətində hüquqların köklü problemlərini tam həll edə bilməsə də, müəyyən dərəcədə öz müsbət nəticələrini verirdi.
Demokratik ölkələrdə bərabərhüquqluluq bir normadır. Cəmiyyətdə qadınların da qadir olduğu təşkilatçılıq qabiliyyətindən tam istifadə edilməməsi bir reallıq idi. Bu səbəbdən də cəmiyyətdə mövcud olan hüquq bərabərsizliyinin, ayrı-seçkiliyinin səbəblərinin araşdırılması vacibdir. Müxtəlif sosial mexanizmlərdə, qadınlar hərəkatı tarixinin öyrənilməsi, qadınların siyasətdə, istehsalatda, mədəniyyət strukturlarında, iqtisadiyyat, sahibkarlıq sahəsində, firmalar, birliklər və digər təşkilatlar yaradılmasında iştirakının elmi təhlili hər zaman tələb olunur. Kişi və qadınların birgə təcrübə mərkəzlərinin yaradılması, bu problemin intellektual dərk olunması da vacibdir. Bütün intellektual güc mərkəzləri də bərabərhüquqluluq mövzusunun, eləcə də ailənin sosial müdafiə və uşaq hüquqları sahəsində müvafiq qanunların həyata tətbiqinə dəstək olmalıdır.
Nəzərə yetirək ki, keçmiş Sovet hakimiyyəti illərində vahid kommunist ideologiyasının hakimliyi sosialist sisteminin üstünlüklərini, onun “humanist” təsirini görsətmək üçün keçmiş SSRİ-nin Əsas Qanununda qadunlara kişilərlə bərabər hüquqlar verilmişdi. Belə ki, sosializmlə rəqabətdə üstünlüyü əldən verməmək üçün Qərb də bu yönümdə tədbirlər görürdü. Bütün bunların nəticəsidir ki, XX əsrdə Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsindəki bütün dəyişikliklərdə bərabərhüquqluluq məsələsi də aktual olmuşdur.
Sonradan 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra bərabərhüquqluluq məsələsi də daim diqqətdə olmuşdur. Bu nəzərdən ilk öncə beynəlxalq qanunvericiliyə nəzər yetirək.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi - BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: «Hər bir şəxs irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqeindən və digər vəziyyətindən asılı olmayaraq, bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır».
BMT Baş Assambleyası 10 dekabr 1948-ci ildə İnsan Hüquqlarının Ümumi Bəyannaməsini təsdiq etmişdir. 25 iyul 1993-cü ildə 171 dövlətin iştirakı ilə Vyana Bəyannaməsində və Ümumdünya konfransının fəaliyyət proqramında bir daha qeyd edildi ki, bərabər hüquqlar insan hüquqlarının əsas göstəricisidir. Insan Hüquqları Bəyannaməsində cinsin birinin digərinə qarşı hər hansı zor işlədilməsi halları kəskin surətdə pislənir. Bəyannamə dövlətləri xəbərdar edir ki, ailədə və cəmiyyətdə fiziki, cinsi və psixi zərər yetirə bilincək adət, ənənə və ya amillər aradan qaldırılmalıdır. Ailənin və uşaqların hüquqlarının müdafiə mexnizmi, onların hüquqi təlim və təhsili yüksəldilməlidir.
Bərabərhüquqluluq insan hüquqları anlayışında «Human rights of Women» kollektiv hüquq anlayışına aiddir. Kollektiv hüquq elə bir hüquqdur ki, onu ayrıca bir fərd deyil, kollektiv, birlik, millət həyata keçirir. Misal olaraq insanların sülh, özünümaliyyələşdirmə, sağlam ətraf mühitdə yaşamaq, cinsi, milli və yaş nöqteyi-nəzərindən ayrı-seçkilik aktlarından azad olmaq hüquqlarını göstərmək olar. İnsanların əsas hüquq və azadlıqdarı insan hüququnun şəxsi, siyasi, sosial, iqtisadi və mədəni sahələrini əhatə edir. Müəyyən edilən bu anlayışları bir sıra Konstitusiyaların məğzini təşkil edən əsas amillərdəndir.
San-Fransiskoda 1945-ci ildə imzalanmış BMT nizamnaməsi cinsi bərabərhüquqluq birliyini fundamental insan hüquqlarından biri kimi elan edən ilk beynəlxalq sazişdir. O dövrdən başlayaraq bütün dünyada bərabərhüquqluluq statusunu yüksəltməyə yönəlmiş, strategiya standart proqram və məsələlərinin beynəlxalq aləmdə reallaşdırılmış tarixi ənənəsini yaratmağa kömək göstərmişdir. Uzun illər ərzində BMT-nın bərabərhüquqluluğun inkişaf yönümündə fəaliyyəti dörd istiqamətdə aparılmışdır: 1) hüquqi tədbirlərin həyata keçirilməsi; 2) ictimai fikrin və beynəlxalq fəaliyyətin səfərbər olunması; 3) statistik məlumatların yığılması və təhlili; 4) imkansız qruplara birbaşa köməyin göstərilməsi.
Bərabərhüquqluq vəziyyətinə nəzarət etmək və cinslərin hüquqlarının qorunmasına yardım etmək məqsədi ilə 1946-cı ildə BMT-nın “Qadınların Statusu məsələsi üzrə” Komissiyası yaradıldı. Komissiyanın işi kişi və qadınlara kişilərlə bərabər hüquqlar verilməsindən imtina edilən bütün sahələrin aşkar edilməsi idi. Uğurlu fəaliyyət üçün göstərilən bütün səylərin müxtəlif bəyannamələrin və konvensiyaların imzalanması nəticəsində hüquların tapdanmasının bütün formalarının aradan qaldırılması önəmli məsələ oldu.
Avropa Şurasının «Kişi və qadınların bərabərliyi haqqında» Bəyannaməsi (16 noyabr 1988-ci ildə) Nazirlər Kabinetinin 83-cü sessiyasında qəbul edilmişdir. Bəyannamə: “qadın və kişi bərabərliyini onun əsas insan haqlarından biri sayaraq, hər iki cinsin arzu, maraq və imkanlarına lazımi diqqətin ayrılmasından asılı olduğunu, cinsi diskriminasiyanın mövcudluğunu təsdiq edir”. Bərabərhüquqluğu bir daha qanunla təsbit edən bu Bəyannamədə deyilir: «Qanuna müvafiq olaraq kişi və qadınlara qarşı eyni münasibətlərin əldə edilməsi strategiyasını hazırlamaq, həmçinin fərdi qabiliyyətlərin və istedadların inkişafı üçün hüquq və imkanlardan istifadəyə münasibətdə bərabərliyin əldə edilməsi vacibdir» və bu strategiyaya görə cinslər arasında de fakto bərabərliyin əldə edilməsinin münasib ölçüləri: - fərdi hüquqların müdafiəsini; -cəmiyyətdə iştirakı; -təhsil hüququnu; -ailə və cəmiyyətdə zorakılığın ləğvini; -uşaqların hüququnun qorunmasını; -iqtisadi müstəqilliyin gücləndirilməsini; -informasiyaya və bütün peşə ixtisaslarına girişi təmin edir» .
Bu kontekstlərdən də mili qanunvericiliyə nəzər yetirək:
Milli qanunvernicilik Azərbaycan müstəqillik əldə etdikdən sonra bərabər hüquqların mühafizəsi, cinslərin cəmiyyətdə statusunda, siyasət və idarəetmə orqanlarında iştirakı ilə bağlı nə kimi vəziyyət müşahidə olunur...
Azərbaycan Respublikası 4 avqust 1992-ci ildə BMT-nin «Qadınların Siyasi Hüquqları Haqqında» Konvensiyasına qoşulmuşdur. Konvensiya «öz ölkəsinin idarə olunmasında hər kəsin bərabərliyi prinsipini həyata keçirməyi, kişilərin və qadınların vəziyyətinin bərabərləşməsini arzu edir».
Azərbaycan Respublikası Konstitusiyasında bərabərlik hüququ - «Azərbaycan Respublikası Konstitusiyası» 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Referen¬dumunda qəbul olunmuş, həmin il noyabrın 27-dən qüvvəyə minmişdir. «Azərbaycan Respublikasının Konsitusiyası» ən ali qüvvəyə malik qanun olmaqla etibarı ilə cinsi diskriminasiyanı qadağan edir. 1995-ci il Konstitusiyasının 25-ci maddəsinin ikinci bölümündə təsbit olunmuşdu ki: “Kişi ilə qadın eyni hüquqlara və azadlıqlara malikdir... üçüncü bölümündə isə “Dövlət irqindən, milliyətindən, dinindən, cinsindən, mənsubiyyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquq və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır” yazılmışdır.
Azərbaycanda 1995-ci ildə ilk dəfə olaraq cinslər bərabərhüquqluq - rəqabət və seçkiqabağı mühit şəraitində Milli Məclisə seçkilərdə iştirak edirdi. Bu seçkilər qadınların da cəmiyyətdə hansı rol oynadığını açıq aydın göstərdi. Burada siyasi və dövlət strukturlarında qadın nümayəndəliyinin genişlənməsini tənzimləyən, qoruyan məqsədəuyğun qanun və ölçülərin olması vacib idi. İdarəetmənin hər bir sahəsində qadındların iştirak etməsi münasib olaraq Qadınların yüksək rəhbər vəzifə tutması dinamikası ölkə Konstitusiyası ilə tənzimlənir.
2016-cı il 26 sentyabrda keçirilən Konstitusiyaya əlavə və dəyişikliklər Referendumunda “Bərabərlik hüququ” adlanan 25-ci maddəyə 3 əlavə müddəa edilərək, 6 müddəada təsbit olunmuşdur. 2016-cı ildə qəbul edilən Konstitusiyanın 25-ci maddəsinin 3-cü müddəası dəyişərək belə yazılıb: “Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Qadın hüquqları və azadlıqları Azərbaycan Respublikası Konstitusiyası «Əsas hüquqlar: azadlıqlar və vəzifələr» bölməsinin 24 - 71-ci maddələrində əks olunmuş, dövlət tərəfindən bu hüquq və azadlıqların qorunmasına təminat verilmişdir. Burada əsas məsələ həyatın bütün sahələrində qadın və kişilərin təkcə bərabər imkanlarla təmin edilməsində deyil, ən əsası qadının sosial müdafiə obyektindən aktiv hərəkətdə olan şəxsiyyətə çevriləməsində, cəmiyyətdəki mövqeyinin köklü surətdə dəyişilməsindədir. «Bu siyasət patriarxal ənənəyə qarşı qoyulmalıdır ki, cəmiyyət demokratikləşsin».
Azərbaycan Respublikasının insana dair bütün Qanunları («Cinayət Məcəlləsi», «Mülki Məcəllə», «Əmək haqqında Qanunlar Məcəlləsi», «Ailə Məcəlləsi») Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlar cinslərin bərabərlik hüquqlarını qoruyur, hətta qadınlar üçün «pozitiv diskriminasiya» hallarına da rast gəlinir. Məsələn, baxmayaraq ki, Konstitusiyada hərbi mükəlləfiyyət barədə heç bir məhdudiyyət nəzərdə tutulmayıb (maddə 76), əslində həkim tibbi personal qadınlar istisna olmaqla, qadınlar hərbi xidmətə çağırılmırlar. Və yaxud, elə cinayətlər var ki, onlara görə yalnız kişilər cəzalandırılır, halbuki bu cinayətləri (zorlama, cinsi əlaqəyə məcbur etmə, nigaha daxil olmağa məcbur etmə və ya nigaha daxil olmağa mane olma, poliqamiya, homoseksualizm və s.) qadınlar da törədə bilər. (Cinayətkara cinsə görə «güzəşt» olunmamalıdır. Digər bir misal isə, yenə qadınlara ömürlük həbs cəzasının tətbiq edilməməsi halını göstərə bilərik. Bu kimi hallar qanunvericilikdə məhz kişilərə qarşı ayrıseçkilik xarakterli məqamlar olub, “pozitiv diskrinimasiya” adlansa da, bütün hallarda gender bərabərliyi gözlənilməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə gender hüquq yanaşması - Azərbaycan Respublikası Konstitutsiyasının Əmək hüququnu təsbit edən 35-ci maddəsində deyilir: «Əmək fərdi və ictimai rifahın əsasıdır» Azərbaycan Respublikasının Əmək Məcəlləsi hər kəsin əməyə olan qa-biliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təsdiq edir.
Ailənin, qadınların, o cümlədən 16 yaşına qədər uşaqları olan çoxuşaqlı qadınların əmək hüququ və sosial müdafiəsi Azərbaycan Respublikasının Konstitusiyasında, Əmək Qanunları Məcəlləsində, «Məzuniyyətlər haqqında», «Vətəndaşların pensiya təminatı haqqında», «Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında» qanunlarda və digər qanunlarda nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi: ailə və nigah hüququ - Ailə cəmiyyətin xüsusi özəyi və əsasıdır. «Ailə» anlayışı sosioloji və hüquqi ədəbiyyatda müxtəlif cür izah edilir.
Sosioloji mənada ailə nigaha, qohumluğa, uşaqların tərbiyə üçün götürülməsinə, qarşılıqlı birgə həyat mənafeyinə əsaslanan insanların ittifaqıdır. Dövlətin inkişafında onu formalaşdıran insanlar, insanların yetişməsində isə ailə mühüm rol oynayır. Ailə münasibətlərinin tənzim edilməsi əsasən adət-ənənələr çərçivəsində mənəvi normalarla birlikdə hüquqi aktlarda da qərarlaşır. Ailədə qadın da əsas aparıcı funksiya daşıyıcısıdır. Əsrlərlə ailəyə kişi maddi, qadın mənəvi istiqamətdə dayaq durub. Lakin tədricən qadın azadlığı, qadın hüquqlarının bərabərləşdirilməsi ailədə də kişi-qadın hüquqluğunu qanuniləşdirib.
«Azərbaycan Respublikası Konsititusiyası»nın iki maddəsi ailə hüququ münasibətlərinə həsr olunub. 17-ci maddənin I müddəasında cəmiyyətin əsas özəyi olan ailənin dövlət tərəfindən müdafiəsi (hətta «xüsusi» sözü) qeyd olunub: «Cəmiyyətin əsas özəyi kimi, ailə dövlətin xüsusi himayəsindədir». Göründüyü kimi, ailə eləcə də əsas olaraq ailə başçılarından biri sayılan qadınların hüquqları konstitusion əsasla təsbit olunub. Cinslər nigaha 18 yaşında daxil ola bilərlər. «Ailə və Nigah haqqında Qanunlar Məcəlləsi»nin 3-cü maddəsi ilə kişi ilə qadının şəxsi əmlak hüquqlarına malik olması müəyyənləşdirilib. Beynəlxalq hüquq normalarına müvafiq olaraq Azərbaycan qanunvericiliyində ailədə tam bərabərlik təmin edilməlidir. Ənənəvi olaraq soyad, yaşayış yeri və s. irsi (partimonial) əsaslarla həll edilir.
«Azərbaycan Respublikasının Ailə Məcəlləsi» 7 bölmə, 20 fəsil, 156 maddədən ibarətdir. 3-cü bölmə, VI fəsil, 29 və 30-cu maddələr ər-arvadın hüquq və vəzifələrinə həsr olunmuşdur. 29-cu maddənin I bəndində göstərilir: «Azəbaycan Respublikası Konstitusiyasın»da təsbiq edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər». Analıq-atalıq, uşaqların tərbiyəsini və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvad hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir. Nigah zamanı ər-arvad tərəfindən qazanılmış, əldə edilmiş əmlak ümumi şəxsi mülkiyyət hesab olunur. Boşanma birinin və ya hər ikisinin təşəbbüsü ilə həyata keçirilə bilər, nigah yalnız məhkəmə tərəfindən pozula bilər.
Ailələrin inkişaf dinamikasına nəzər yetirdikdə məlum olur ki, nigahların illik sayı artsa da, boşanmalar çoxalır. Ailənin yükünü, məsuliyyətini daşımaq ailəni saxlamaq üçün imkanlar da əsas səbəbdir. Digər bir səbəb isə cavanların digər ölkələrə tək gedib, cüt qayıtmasıdır ki, bu da bir sıra hallarda səbəb kimi əsas gətirilir. İlk növbədə, yaşayış üçün qeydiyyata düşmək və daha sonra öz təhlükəsizliyinə yerləşdiyi ərazidə kəbinə təminat almaq da səbəblərdəndir. Buradaca çox incə bir mətləbdə təəssübkeşlik hissinin getdikcə öləziməsi, qızlarımızın taleyinə biganəlik, onların tənhalığı, ləyaqətinin əks cins tərəfindən sayılmaması kimi xarakterik halları da sadalamaq olar. Bu baxımdan belə nəticəyə gəlmək olar:
- İnsan haqlarına, demokratik prinsiplərə riayət baxımından bütün qanunlara əməl edilməsi yuxarıda deyilənləri əsas götürməklə müəyyən çıxış yollarının tətbiq edilməsi vacibliyi;
- nigah azadlıq, müstəqillikdir. Lakin, ailədə münasibətlərin, ailə vəziyyətinin tənzimlənməsi, ailə-nəsil artımında hər ölkə üçün gərəklidən gərəklidir;
- qeyri-millətdən olan gəlinlər ötən illərin təzahürüdürsə, qeyri-millət kürəkənlərin getdikcə artması halları da reallıqdır. Bunun isə həm müsbət, həm də mənfi cəhətləri vardır.
Seçki hüququ - Respublikası Konstitusiyasının 56-ci maddəsində göstərilir ki: “Azərbaycan Respublikası vətəndaşlarının, dövlət orqanılarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır”. Qadınların dövlət idarəetmə strukturlarında bərabər hüquqlarla iştirak etmək və işləmək hüququ isə «Milli Məclisə seçkilər haqqında» və «Prezident seçkiləri haqqında» Qanunlarda da nəzərdə tutulmuşdur.
ı) Təhsil hüququ - Azərbaycan Konstitusiyasının 42-ci maddəsində deyilir ki: “Hər ir vətəndaşın təhsil almaq hüququ vardır”. Bu da qadınla kişi arasında təhsil sahəsində hüquq bərabərliyi yaradır. «Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu» da bu istiqaməti təsdiqlənmişdir.
i) Sağlamlıq hüququ - «Azərbaycan Respublikası Konstitusiyası»nın 39-cu maddəsi «Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır» müddəası ilə tənzimlənmiş, 41-ci maddəsi isə «Sağlamlığın qorunması hüququ» kimi təsbit olunmuşdur. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ ilə bərabər, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ da vardır. İqtisadiyyatın, texnikanın inkişafı eyni zamanda ekologiyaya da öz təsirini göstərir. Torpaqların erroziyası, suyun çirklənməsi, meşələrin qırılması, heyvanların bəzi növlərinin yer üzündən silinməsi, flora və faunada baş verən bütün bu dəyişikliklər cəmiyyətə də təsir edir, həmçinin insanların mənəviyyatına da təsirsiz qalmır. Bütün bunlar isə müxtəlif xəstəliklər törədir, insan sağlamlığına kəskin təsir göstərir. Bu mənada, insanın sağlamlığının qorunması üçün ekoloji tarazlıq pozulmamalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə «hər kəsin öz sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır». Sağlamlıq öz hüquqlarını və istəklərini həyata keçirmək üçün mühüm vasitədir. Səhiyyə sahəsində insanların sağlamlığını tənzimləyən əsas qanunlardan biri də 1997-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının «Əhalinin sağlamlığının qorunması» haqda qanunudur.
Nəzər yetirdiyimiz suveren Azərbaycan Respublikası Konstitusiyası və milli qanunvericiliyinin gender ekspertizası haqda yekun verək:
-Azərbaycan milli qanunvericiliyi ixtisas, sənət, peşə və həyat tərzinə görə fərqləndirmədən, heç bir cinsi ayrı-seçkilik etmədən hər kəsin hüququnu qoruyur. Məhz buna görə Azərbaycan qanunvericiliyi, bütün kişi-qadın bərabərliyini tənzimləyən, beynəlxalq humanitar aktlara qoşulmuşdur.
-Belə ki, Dünya üçün ümumi xarakterik hal olan bərabərlik hüququ bütün qəbul edilən ölkə qanunlarında nəzərə alınmış, günün tələblərinə və beynəlxalq standartlara uyğun daim yenilənərək işlənilir;
-qanunların dünyanın tələblərinə uyğun gəlməsi müəyyənləşdirilməklə bahəm, öz milli xüsusiyyətləri də özündə əks etdirir. Bu məqsədlə müəyyən halların qanunvericilikdə bu və ya digər hüquqi formada əks olunması gender siyasətinə uyğunlaşdırmışdır;
- milli qanunvericilikdə qadınların sosial hüquqları, «ev qadını» deyil, cəmiyyətdə yeri olması zorlama və cinayət qarşısında onu qorxudan sərxoşluq və s. qarşı xüsusi qanunla müddəalar gündəlik ailə, məişət, hətta işdəki təhqirlərə qarşı qanunda əksini tapmışdır;
- XXI əsrdə ümumbəşəri inkişaf yolunda və cəmiyyətin tərəqqisində cinslərin bərabərlik rolu daha da artırılmışdır;
- dünyanın yeni düzəni əsasında demokratik formullar yaranır ki, məhz onlar da cəmiyyətdə və müasir dünyada qadınların rolunun artırılmasına təkan olur;
- dövlətin bərabərhüquqluluq siyasətinin əsas aspektində ciddi müzakirə olunan əxlaq və mənəviyyatda, cinslərin baxış və ənənələrində cəmiyyətin fikirlərinin onlara qarşı hörmət ruhunda formalaşması, aqressivliyə, və başqa qorxulu sosial deformasiyalara üstün gəlinməsi də qanunlarda nəzərdə tutulmalıdır;
- Milli Məclisdə müzakirə olunan qanunların daim gender ekspertizası aparılması məqsədə müvafiqdir (onlayn, offlayn, saytlarda və s.).
Bütün beynəlxalq və milli qanunvericilikdə gender aspektinin olmasına baxmayaraq, bərabərlik hüquqlarının müdafiəsi, problemin həllinin aktuallığı, dəyişən zaman yenilənmələrinə uyğun olaraq qanunlarda da yenilənməsi zəruridir.
Rəna MİRZƏZADƏ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri f.e.d., professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.