Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərəfli xidmət nümunəsi
07.03.2025 10:25
  • A-
  • A
  • A+

Şərəfli xidmət nümunəsi

8 mart 2025-ci il tarixdə görkəmli ictimai xadim, yaradıcı və fədakar alim, bitki mühafizəsi üzrə keçmiş SSRİ məkanında tanınmış entomoloq, kamil pedaqoq, Əməkdar elm xadimi, akademik Siddiqə Rza qızı Məmmədovanın anadan olmasının 100 illiyi tamam olur. Siddiqə xanımın bütün həyatı zərifliyi və mənəvi keyfiyyətləri ilə yanaşı, elmi biliklərə, zəhmətə bağlılığı, xalqına, Vətəninə sədaqəti ilə seçilən istedadlı Azərbaycan qadınının nələrə qadir olduğunu göstərən bir uğur hekayəsi, elmə, təhsilə və dövlətə şərəfli xidmət nümunəsidir.

Siddiqə Məmmədova təkrarolunmaz, zəngin və ibrətamiz bir həyat yolu keçmiş, xoşbəxt və uğurlu qadın və insan taleyi yaşamışdır. Dünyanın əksər ölkələrinin, tərəqqipərvər bəşəriyyətin hər il təntənə ilə qeyd etdiyi 8 Mart Beynəlxalq Qadınlar Günündə onun dünyaya göz açmasına simvolik məna vermək olar. Mart həmçinin ölkəmiz üçün əziz aylardandır, çünki xalqımızın qədim tarixə malik milli bayramı - Novruz da bu aya təsadüf edir. 

Böyük Vətən müharibəsi ərəfəsində, 1940-cı ildə Siddiqə xanım Şəhriyar kəndində natamam orta məktəbi əla qiymətlərlə bitirir. Təbii ki, o, təhsilini davam etdirərək xalqına gərəkli bir insan, əsl mütəxəssis olmağı arzulayırdı. Dövrün mürəkkəb mühiti, çətinlikləri, SSRİ-nin alman faşistləri ilə müharibə vəziyyətində olması da onu dayandıra bilmir, Naxçıvandan ayrılaraq 1940-cı ildə Kirovabad (indi Gəncə) Kənd Təsərrüfatı Texnikumuna qəbul olunur və 1943-cü ildə oranı yüksək qiymətlərlə bitirir. 

Siddiqə Məmmədova bununla da kifayətlənmək niyyətində deyildi. 1943-cü ildə bu istək, bu arzu onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə gətirir. O, istedadı və əməksevərliyi ilə ali məktəb rəhbərliyinin diqqətini özünə cəlb edir, Stalin təqaüdünə layiq görülür, 1948-ci ildə fərqlənmə diplomu ilə məzun olur. 

İnstitutu bitirdikdən sonra rəhbərlik Siddiqə xanımı istehsalata buraxmır və  o, əmək fəaliyyətinə təhsil aldığı ali təhsil müəssisəsinin Entomologiya və fitopatologiya kafedrasının baş laborantı kimi başlayır. Öz vəzifəsinə yüksək məsuliyyətlə yanaşan gənc məzun yenə də dayanmır, institutda da, ölkədə də bilik xəzinəsi, elm fədailəri adlandırılan Əliqulu Nərimanov, Bala Ağayev, Validə Tutayuq kimi tanınmış alimlərdən dərs alır, onların köməyi ilə elmin əsaslarına dərindən yiyələnir. Alim 1952-ci ildə "Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri" mövzusunda namizədlik dissertasiyasını qonşu Gürcüstanın Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunda müdafiə edir və SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini alır.

Siddiqə Məmmədova geniş profilli entomoloq idi. Onun elmi əsərləri bitki mühafizəsinin ən müxtəlif sahələrini əhatə edirdi. Siddiqə xanımın hələ o zaman kənd təsərrüfatı yönümlü ali və orta ixtisas məktəblərinin tələbələri üçün yazdığı irihəcmli tədris vəsaitləri, entomologiya, Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəlikləri ilə bağlı dərc etdirdiyi elmi əsərləri, sorğu kitabları ona bir alim kimi bütün ittifaqda şöhrət qazandırmışdı. Bütün bunlara görə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən 1956-cı ildə dosent elmi adını alması təsadüfi olmamışdır. 

Əməksevərliyi və elmə bağlılığı ilə seçilən Siddiqə Məmmədova 1963-cü ilə qədər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda assistent, dosent vəzifələrində çalışır. 

Siddiqə Məmmədova 1963-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutuna direktor təyin edilir və ömrünün sonuna kimi bu vəzifədə şərəflə çalışır. Siddiqə xanım cəmi 4 illik tarixi olan instituta rəhbərlik etməyə başladığı ilk gündən öz işinə ciddi münasibəti, fəallığı ilə fərqlənir, özünə və əməkdaşlarına qarşı tələbkarlıq göstərir, elmi nailiyyətlər axtarışında ətrafına savadlı kadrlar toplayır, onların qarşısına dövr üçün aktual problemlər qoyurdu. Alim respublikada bitki mühafizəsi ilə bağlı dövlət əhəmiyyətli bütün tədbirlərdə iştirak edir, çıxışları və məruzələri ilə diqqəti cəlb edirdi. Qısa müddətdə əldə etdiyi uğurlara görə Siddiqə xanım 1966-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilir.

Akademik Siddiqə Məmmədovanın həyatının bütün dövrlərində apardığı elmi tədqiqatlarının əsasını çoxillik otların, meyvə, subtropik və meşə ağaclarının zərərvericilərinin növ tərkibinin aşkar olunması, zərərli canlıların biosenozunun formalaşması, zoocoğrafi paylanması qanunauyğunluqlarının müəyyənləşdirilməsi təşkil etmişdir. Alimin elmi tədqiqat işlərində bitki ilə qidalanan gənələr, çılpaq ilbizlər də geniş yer almışdır. Apardığı genişhəcmli tədqiqatlardan əldə etdiyi mühüm nəticələr Siddiqə xanımın doktorluq dissertasiyasında əks olunur. 1971-ci ildə Siddiqə Məmmədova Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) "Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən biologiya elmləri doktoru elmi dərəcəsini alır. Elə həmin il SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilir. Tanınmış alimin rəhbərlik etdiyi müəssisə də nailiyyətlər qazanmaqda davam edir, institut SSRİ Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində III dərəcəli attestata layiq görülür. 

1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsindən dərhal sonra kənd təsərrüfatının, xüsusən, pambıqçılıq, üzümçülük, tərəvəzçilik və digər sahələrin intensiv inkişaf etdirilməsi, respublikada aqrar sahənin elmi əsaslarla yenidən qurulmasının prioritet elan olunması ilə başlayan strateji əhəmiyyətli fəaliyyətlərdə Siddiqə Məmmədova və onun rəhbərlik etdiyi Elmi-Tədqiqat Bitki Mühafizə İnsitutu da yaxından iştirak edir. Bu dövrdə pambığın sovkadan, üzümün və bütövlükdə kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə aparılan elmi tədqiqat işləri daha da sürətləndirilir. 

1970-ci illərdə Siddiqə Məmmədovanın elmi fəaliyyəti daha da şaxələnir. Onun rəhbərliyi ilə institutun 6 şöbəsi, Abşeron və Xaçmaz stansiyaları, Ucar və Saatlı dayaq məntəqələri fəaliyyətə başlayır. Azərbaycanda becərilən müxtəlif kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı ətraf mühit üçün az təhlükəli olan inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması üzrə çoxşaxəli dəyərli tədqiqat işləri aparılır. 

Böyük təşkilatçılıq qabiliyyətinə malik olan Siddiqə Məmmədovanın rəhbərliyi ilə institutda 120-yə yaxın mühafizə tədbiri hazırlanmışdır. Bunların çoxu böyük nəzəri və praktiki əhəmiyyətə malikdir. Elmi əsaslı tədbirlərin böyük əksəriyyəti bu gün də kənd təsərrüfatında uğurla tətbiq edilməkdədir. 

Əlbəttə, çəkilən zəhmət, görülən işlər bəhrəsiz qalmır. Siddiqə Məmədova 1972-1988-ci illərdə Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının Zaqafqaziya Bölməsinin Rəyasət Heyətinin üzvü və Bitki mühafizəsi seksiyasının sədri seçilir. Aparılan işlər, tədqiqatlar, bu sahə üzrə yazılan kitablar, dərsliklər, dərs vəsaitləri öz məntiqi davamını tapır. Siddiqə xanıma 1973-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilir. Tanınmış alim 1975-ci ildə Zərərverici, xəstəlik və alaq otlarından mühafizə üzrə Problem şurasının sədri təyin olunur, həmin il Moskvada keçirilən bitki mühafizəsi üzrə konqresin "Böyük medal"ına layiq görülür. 

Uğurlu illər bir-birini əvəz edir, institutun bütün ittifaqda hörməti artır, rəhbərin yorulmaz fəaliyyəti isə yüksək səviyyədə qiymətləndirilməklə əlavə stimul yaradır. Siddiqə xanım 1976-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdə igidliyə görə" medalı ilə təltif edilir.

Bu o dövr idi ki, Azərbaycan kənd təsərrüfatının ən müxtəlif sahələrində durğunluq dövründən çıxaraq, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanılırdı. Respublikada pambıq, üzüm, meyvə, tərəvəz və digər məhsulların istehsalı yüksəlir, heyvandarlıqda xırda və iribuynuzlu mal-qaranın sayı artır, quşçuluqda irəliləyiş müşahidə olunurdu. 

Siddiqə Məmmədova və onun rəhbərlik etdiyi Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu da kənd təsərrüfatı istehsalının artmasında, respublikada bitki mühafizəsi işlərinin dövrün tələblərinə uyğun qurulmasında fəal iştirak edir, bioloji üsulların tətbiqinin genişləndirilməsi hesabına insan və heyvanlar, ətraf mühit üçün təhlükəli hesab edilən pestisidlərin tətbiqi azaldılır, davamlı, torpaqda uzun müddət qeyri-toksiki məhsullara parçalanmayan pestisidlərin istifadəsi tamamilə məhdudlaşdırılırdı. Bütün bu fəaliyyətlərə görə Siddiqə Məmmədova 1978-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 2-ci dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilir. 

Ulu Öndər respublikanın kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyan institutun fəaliyyətini, burada aparılan işləri daim diqqət mərkəzində saxlayırdı və təbii ki, bütün təltiflər Moskvaya, mərkəzi hökumətə məhz bu böyük şəxsiyyətin təqdimatı ilə gedirdi. Siddiqə xanım tərəfindən dövlət qarşısında göstərilən xidmətlər, aparılan elmi tədqiqatların nəticələri, respublikada bitki mühafizəsi sahəsində yerinə yetirilən praktiki fəaliyyətlər də öz həqiqi qiymətini alırdı. 1981-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Siddiqə Məmmədovaya "Əməkdar elm xadimi" fəxri adı verilir, 1982-ci ildə isə müvafiq fərmanla "Əmək veteranı" medalı ilə təltif edilir. 

1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi, 2001-ci ildə isə həqiqi üzvü seçilir.

Dünya miqyasında uzaqgörən siyasi və dövlət xadimləri, böyük mütəfəkkirlər, maarifçilər öz fəaliyyətlərində elmi yanaşmalara böyük önəm vermişlər. Ulu Öndər Heydər Əliyev də siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə elm amilindən, həqiqi elmin dəstəyindən geniş və yaradıcı şəkildə faydalanmışdır. Böyük azərbaycanlı ilk növbədə elmin inkişaf etdirilməsinə ardıcıl surətdə qayğı göstərmiş, alimləri cəmiyyət həyatının diqqət mərkəzinə çəkmiş, fəaliyyətlərini yüksək dəyərləndirmişdir. Azərbaycan xalqının Ümummilli Liderinin bu siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilmişdir. Akademik Siddiqə Rza qızı Məmmədova həm də ona görə xoşbəxt alim idi ki, hər iki böyük dövlət xadiminin diqqətinə layiq görülmüşdür. Bu diqqət görkəmli alimin aldığı dövlət mükafatlarında da öz əksini tapmışdır. Akademik Siddiqə Məmmədovanın 2000-ci ildə "Şöhrət", 2010-cu ildə "Şərəf" ordenləri ilə təltif edilməsi, daha sonra "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülməsi qeyd olunanların əyani sübutudur.

Akademik Siddiqə Məmmədova bitki mühafizəsi, o cümlədən entomologiya sahəsində 220-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 3 monoqrafiyanın, 7 ixtira və 2 pestisidlər kataloqunun müəllifi olmuşdur. 

Siddiqə xanımın bitki mühafizəsi üzrə yüksəkixtisaslı milli kadrların hazırlanmasında xidmətləri də danılmazdır. Onun ümumi rəhbərliyi ilə institutda 5 elmlər doktoru, 70-dən çox elmlər namizədi hazırlanmışdır. Həmçinin alimin uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində İxtisaslaşmış Dissertasiya Müdafiəsi Şurasının sədri kimi fəaliyyəti xüsusi qeyd edilməlidir. 

Akademik Siddiqə xanım görkəmli alim, böyük ictimai xadim olmaqla yanaşı, həyatı boyu mətin, qürurlu, sözübütöv və yenilməz olmuşdur. 1990-cı illərin əvvəllərində respublikada hərc-mərclik hökm sürəndə, dərəbəylik dövründə bir sıra alimlərə qarşı edilən ədalətsizliklər ona qarşı da çevrilmişdi, iş kabinetinin qapısını mismarlamışdılar ki, işdən getsin, lakin heç bir təhdid bu qorxmaz və mərd qadını yolundan döndərə bilməmişdi. 

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə hər şey dəyişdi. Siddiqə xanıma qarşı ədalətsiz münasibətdə olanlar onun özü tərəfindən sonralar bağışlandı. Bir ana, bir akademik qadın ürəyi sərt qərarlar qəbul etməyə imkan vermədi. Akademik Siddiqə Məmmədova bütün bunlarla yanaşı, işdə çox tələbkar, adi həyatda səmimi, qayğıkeş və mehriban bir insan, xalqına və dövlətinə bağlı, vətənini sevən, sədaqətli, əsl vətəndaş idi. Məhz bu keyfiyyətlərinə görə də hamının gözündə ucalmış, adı dillər əzbəri olmuş, ürəklərdə əbədi iz qoymuş, əziz xatirəyə çevrilmişdir.

Akademik Siddiqə Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində Bakı şəhərində vəfat etmiş və Gəncədə dəfn olunmuşdur. 

İradə HÜSEYNOVA, akademik

İbrahim CƏFƏROV, AMEA-nın müxbir üzvü

“Azərbaycan” qəzeti

  • Paylaş: