Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə hazırladığı kitabça bu elm məbədinin qısa bioqrafiyası qismində oxuculara təhvil verilib.
“Elm zirvəsinə aparan səksəninci zəfər pilləsi” kitabçasında AMEA-nın keçdiyi tarixi yol, Azərbaycan elminin inkişaf mərhələləri qısa şəkildə təsvir edilir, milli elmin gələcəyini müəyyən edən perspektivlər və ənənələr haqqında düşüncələr irəli sürülür.
Nəşrdə milli mənəviyyatımızın keşiyində duran görkəmli zəka sahiblərinin fədakar əməyi və əvəzolunmaz fəaliyyəti diqqətə çatdırılır. Müəllif xüsusilə vurğulayır ki, Azərbaycanda elm öz zirvə nöqtəsinə məhz XX əsrin ikinci yarısında çatmışdır. Bu dövrdə tanınmış elmi məktəblərin bir neçə nəslinin səyi nəticəsində əsas elmi prioritetlər formalaşmış və bir sıra mühüm məsələlər həllini tapmışdır.
“Milli müstəqillik və Azərbayca elmi”, “Planlar və düşüncələr”, “Kadrlar və elm”, “Elmlər Akademiyasının prezidentləri”, “Gələcək haqqında düşüncələr” fəsillərində başlıqlara uyğun mətləblər açıqlanır.
Akademik Akif Əlizadə nəşrin sonunda əminliklə bildirir ki, Azərbaycan daim inkişaf etməkdə olan iqtisadiyyatı, fundamental biliklər və innovasiyalar əsasında daha sürətli tərəqqiyə nail olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.