Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Naxçıvanın blokadaya düşməsinin tarixi qaynaqları
07.03.2025 11:43
  • A-
  • A
  • A+

Naxçıvanın blokadaya düşməsinin tarixi qaynaqları

Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvan ərazisi coğrafi cəhətdən Azərbaycanın mərkəzi - günortacı hesab edilir, geostrateji cəhətdən əlverişli bir məkanda yerləşir. Lakin 2 əsrə yaxın müddətdə Azərbaycanın Rusiya imperiyasının işğalçılıq siyasəti nəticəsində Güney Azərbaycandan sərhəd xətti ilə ayrı salınmış Naxçıvan 1 əsrdən artıq müddətdə isə daxil olduğu Quzey Azərbaycanın əsas hissəsindən aralı düşüb.

Bu tarixi cinayəti sovet Rusiyasının himayəsi, Azərbaycan SSR rəhbərliyinin xalq və tarix qarşısında məsuliyyətsizliyi şəraitində Qafqaza gəlmə erməni toplumunun qədim türk torpaqlarında dövlət qurmağa nail olmuş “millətçi başbilənlər”i törətmişlər. Ümummilli lider Heydər Əliyev Azərbaycan müstəqilliyə qovuşandan sonra Ermənistanın ölkəmizə qarşı təcavüzkarlıq siyasətini dünyaya çatdırmaqla bağlı mübarizəsində bu tarixi gerçəyi davamlı olaraq beynəlxalq aləmin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev də son 22 ildə eyni qətiyyətlə erməni millətçilərinin Qərbi Azərbaycanda Ermənistan adlı dövlət qurduqlarını, Zəngəzurun qərbini də bu əraziyə qatmaqla Naxçıvanı Azərbaycan dövlətindən ayrı saldıqlarını dəfələrlə ən yüksək səviyyələrdə dünyaya bəyan edir. Bu günlərdə qardaş Türkiyədə işgüzar səfərdə olan dövlətimizin başçısı bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla İğdır–Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak edərkən bir daha Zəngəzur xəyanətinin tarixi nəticələrini xatırlatdı.

Naxçıvanın enerji blokadasının aradan qaldırılmasında növbəti ciddi addımın önəmini vurğulayan Azərbaycan lideri bildirdi: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən 5 ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub”.

Prezident İlham Əliyev qeyd etdi ki, 1 əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvan əhalisinin həyatını olduqca çətin duruma gətirib: “Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular”.

Ölkəmizin rəhbəri qədirbilənliklə xatırlatdı ki, Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsün inşa edilməsi olmuşdur: “Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”.

Göründüyü kimi, tarix heç nəyi unutmur, xüsusən, cinayət və xəyanətləri, xilaskarlıq əməllərini və qardaşlıq köməyini pozulmaz yaddaşa çevirir. Tarix anladır ki, ötən əsrin 20-ci illərində Zəngəzur xəyanəti baş verməsəydi, əsrin sonlarında işğalçı ermənistan Naxçıvana blokada məşəqqəti yaşada bilməyəçəkdi.

Rusiya imperiyasının Sovet imperiyasına çevrildiyi dövrdə Ararat Respublikası yaradılarkən daşnak hakimiyyəti Naxçıvan və Şəruru da bu qurumun tərkibində görmək istəmişdilər. Ona görə də hər istiqamətdə Naxçıvanın inkişafına mane olmuş, bir sıra ərazilərini işğal etmişdilər. Ötən əsrin 90-cı illərin əvvəllərində isə Ermənistanın millətçi rəhbərliyi, zehniyyəti xalqımıza qarşı düşmənçiliklə zəhərlənmiş toplum Naxçıvana gələn bütün kommunikasiyaları kəsmiş, diyarı blokadada saxlamış, Zəngəzur dəhlizinin açılmasına imkan verməmişlər.

Ermənistan adlandırılan dövlət tarixi Azərbaycan ərazilərində yaradılmışdır. Tarixin müxtəlif dövrlərində, xüsusilə XIX və XX əsrlərdə ermənilər bu ərazilərə köçürülmüşlər. Onlar bu ərazilərdə möhkəmləndikcə yerli azərbaycanlıları öz tarixi torpaqlarından çıxarmağa çalışmışlar. Ermənistan ərazisində qədim türkmənşəli tayfaların yaşaması barədə tarixi məlumatlar azərbaycanlıların orada miladdan əvvəl I minillikdə və erkən orta əsrlərdə yaşadığını göstərir. Ermənistan ərazisində olan coğrafi adların böyük əksəriyyəti azərbaycanlılara məxsusdur. Tarixi İrəvan əyalətlərinin, İrəvan xanlığının və İrəvan quberniyasının yaşayış məntəqə adlarının, demək olar, hamısının türkmənşəli olması bununla bağlıdır.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qacarlar və Osmanlı dövlətləri ilə apardığı müharibədən sonra ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülmüşdür. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.

Köçürülən ermənilər əsasən Qarabağ, Naxçıvan, İrəvan, Zəngəzur və başqa ərazilərdə yerləşdirilirdi. Bu vaxtlarda ermənilərin dövlətləri olmamışdır. Onların əsas məqsədi bu ərazilərdə erməni millətindən olan əhalinin sayını artırmaq idi. Bu işdə onlara böyük dövlətlər, xüsusilə çar Rusiyası, daha sonra isə Sovet Rusiyası kömək edirdi.

1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər yarandı. Belə dövlətlərdən biri də İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası idi. Bu respublika yaradılarkən onun sahəsi 9 min kvadratkilometr idi. Bununla kifayətlənməyən erməni daşnakları qonşu ərazilərə – Azərbaycan torpaqlarına göz dikir və bunları da Ermənistan dövlətinin tərkibində görmək istəyirdilər.

Belə ərazilərdən biri də Zəngəzur idi. Türkmənçay müqaviləsindən sonra Zəngəzura çar hökumətinin himayəsi altında Türkiyə və İrandan kütləvi surətdə ermənilərin köçürülməsinə başlanılmış, beləliklə qədim Azərbaycan torpağı olan Zəngəzurda süni surətdə erməni əhalisinin sayca çoxaldılması siyasəti yeridilmişdir.

Zəngəzur qədim və tarixi Azərbaycan ərazisidir. Ərazinin Zəngəzur adlanması da təsadüfi deyildir. “Zəngəzur” toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən “zəngi” tayfalarının adı ilə bağlıdır. Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Bu boyla bağlı Azərbaycan ərazisində Zəngilan, Zəngəran, Zəngidərə, Zəngi çayı, Zəngilər, Zəngibasar və başqa onlarla coğrafi adlar mövcuddur. Ərazinin aborigen əhalisi də Azərbaycan türkləri olmuşdur. Ümumiyyətlə, Zəngəzur ərazisində minlərlə türk mənşəli coğrafi adlar məlumdur.

Erməni daşnakları 1917-ci ilin martından Zəngəzur türk-müsəlman əhalisinə qarşı soyqırıma başlamış, yüzlərlə kənd yerlə-yeksan edilmiş, on minlərlə insan məhv edilmiş, doğma yurdlarından didərgin salınmışdır.

1917-ci ilə aid statistik məlumatlara görə Zəngəzur qəzasında azərbaycanlılar 55 faiz, ermənilər isə 44,3 faiz təşkil edirdi. 1918-ci ildə Zəngəzur qəzasında mövcud olan 222 yaşayış məntəqəsindən 116-sı azərbaycanlılara məxsus idi. Daşnaklar hakimiyyətə gəldikdən sonra azərbaycanlılara qarşı soyqırımını dövlət siyasəti səviyyəsində həyata keçirməyə başladı. Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Zəngəzura basqınları 1918-ci ildə 115 Azərbaycan kəndinin viran qoyulmasına və yandırılmasına, yüz minlərlə insanın qətlə yetirilməsinə, 40 min nəfərdən artıq dinc sakinin öz doğma yurdunu tərk etməsinə səbəb oldu.

Erməni silahlı dəstələrinin azğınlığı getdikcə daha dəhşətli xarakter alırdı. Bu özbaşınalıqlara qarşı qətiyyətli mübarizə aparmaq üçün Xalq Cümhuriyyətinin Nazirlər Şurası 15 yanvar 1919-cu il tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-qubernatorluq yaradılmasını qərara aldı. Müvəqqəti general-qubernatorluğa fövqəladə səlahiyyətlər verilməsi nəzərdə tutulmuşdu.

Nazirlər Şurasının iclasında Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təsdiq edildi.

Erməni silahlılarına cavab vermək üçün Zəngəzurun bir sıra müsəlman kəndlərində özünümüdafiə dəstələri təşkil edildi. Həmin dəstələr arasında X.Sultanovun qardaşı Sultan bəyin dəstəsi daha yüksək döyüş qabiliyyətinə malik idi. Avqust ayındakı döyüşlərdə ermənilər xeyli itki vermişdilər.

Azərbaycan hökuməti Zəngəzurda yaranmış qarışıqlığı, ermənilərin pozuculuq hərəkətlərini aradan qaldırmaq üçün müəyyən hərbi-siyasi xarakterli addımlar atmalı, bölgəyə müəyyən sayda hərbi qüvvə göndərməli oldu.

Bu zaman Azərbaycan hökuməti Qərb dövlətlərinin təklifi ilə mübahisəli məsələlərə dair konfransda iştirak etməyə razılıq verdi. Bu məsələ Dövlət Müdafiə Komitəsində də müzakirə olundu. Qəbul edilmiş qərarda silahlı qarşıdurmanın aradan qaldırılması bildirildi.

1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin sədrləri görüşdülər. ABŞ nümayəndələrinin vasitəçiliyi ilə təşkil edilmiş bu görüş başlıca olaraq ərazi məsələlərinin müzakirəsinə həsr edilmişdi. Azərbaycanla-Ermənistan arasında saziş imzalanır. Sazişi Azərbaycan tərəfdən N.Yusifbəyli, Ermənistan tərəfdən A.Xatisyan, ABŞ nümayəndəsi, müttəfiqlərin ali komissarının müavini C.Rey və Gürcüstanın xarici işlər naziri Gekoçkori imzalayırlar.

Bu saziş müvəqqəti xarakter daşıyırdı. Çünki sazişə görə dövlətlərarası mübahisəli məsələlərin bütün kompleksini yalnız qarşıdakı Ermənistan–Azərbaycan konfransı həll edə bilərdi. Sazişin nəticələrinə gəldikdə isə onlar Azərbaycan tərəfi üçün faydalı olmadı, əksinə onun siyasi və hərbi maraqlarına xələl gətirdi. Ermənilərin səmimi olmalarına inanan müttəfiqlərin müraciətlərini əsas tutan Azərbaycan hökuməti razılaşdırılmış məsələlərin həllini gözləmədən öz qoşun hissələrini Zəngəzurdan çıxartdı.

Saziş ərəfəsində və onun bağlandığı günlərdə belə Zəngəzurda hərbi əməliyyatları davam etdirən Ermənistan hökuməti bu şəraitdən faydalanaraq, dərhal bölgəyə əlavə nizami silahlı qüvvələr yeritdi. Nəticədə, Zəngəzur mahalının azərbaycanlı əhalisinə divan tutuldu. Zəngəzurun Oxçu, Şabadin, Pirdavdan, Atqız, Oxçu dərə və b. kəndlərinə amansız cəza verildi, talanlar edildi.

Vəziyyətin gərginləşməsi Azərbaycan Xalq Cümhuriyyətini və mahalın əhalisini ciddi əməli addım atmağa məcbur etdi. Qəzanın əhalisindən ibarət partizan dəstələri yaradılaraq cəbhə xəttində yerləşdirildi. Gəncə batalyonu Zəngəzura göndərildi. Bu tədbirlər sayəsində qısa müddətdə sakitlik yaransa da, bu çox çəkmədi.

1920-ci il aprelin əvvəllərində Tiflisdə keçirilən konfransda Azərbaycanın konfederasiya yaratmaq və onun sərhədlərini birgə müdafiə etmək haqqında təklifinə cavab olaraq Ermənistan nümayəndəsi A.Aqoranyan açıq şəkildə bildirdi ki, Ermənistan İrəvan qəzasından ibarət olan müstəqil Ermənistanın indiki sərhədlərilə razılaşa bilməz.

1920-ci il aprelin 28-də Bakıda dövlət çevrilişi nəticəsində bolşeviklər hakimiyyətə gəldilər. Rusiyanın ordu hissələri Bakını tutduqdan sonra Azərbaycanın Naxçıvan, Zəngəzur və b. bölgələrini də yenidən işğal etmək üçün xüsusi hərbi əməliyyatlar hazırladılar. Bu dövrdə Ermənistanın həmin bölgələrə dair ərazi iddiaları davam etdiyindən onunla Azərbaycan arasında hərbi-siyasi qarşıdurma nəinki səngimədi, əksinə, daha da qüvvətləndi.

1920-ci il aprelin 30-da Azərbaycan SSR XXİK-in müavini M.D.Hüseynov Ermənistan hökumətinə nota göndərdi. Bu notada aşağıdakı tələblər irəli sürülmüşdü: Üç gün müddətində Qarabağı və Zəngəzuru öz qoşunlarından təmizləmək; öz sərhədlərinə çəkilmək və millətlərarası qırğına və ədavətə son qoymaq.

Ermənistan İnqilab Komitəsi bu notanı aldıqdan sonra Rusiyanı məlumatlandırır, Qarabağda və Zəngəzurda erməni qoşunu olmadığını bildirir. Ermənistan həm də bu məsələdə Sovet Rusiyasının vasitəçilik etməsini istəyirdi. Ermənistan Qarabağı və Zəngəzuru özlərininki saydığından yalan məlumatlar verirdi. Onlar həm də Qarabağ və Zəngəzur mahallarının Türkiyə ilə birləşmə ehtimallarını irəli sürməklə Rusiyaya müəyyən eyhamlar çatdırırdı.

Sovet Rusiyası Ermənistanı da özünün asılılığına keçirmək üçün Sovet Azərbaycanının torpaqları hesabına onu sovetləşdirmək istəyirdi. Bunun üçün Azərbaycanın bir sıra ərazilərini mübahisəli sayırdı. Çiçerin Orçonikidzeyə ünvanlandığı teleqramda bildirirdi ki, “Bakıdakı böyük nüfuzundan istifadə edib Azərbaycan hökumətinin Şərur-Dərələyəz qəzasını deyil, Qarabağ və Zəngəzuru mübahisəli ərazi kimi etirafına nail olmağı xahiş edirik”. İyunun 19-u teleqramında bildirirdi ki, Qarabağ, Zəngəzur, Naxçıvan, Culfa nə Ermənistana, nə Azərbaycana birləşdirilməməli, yerli sovetlərin razılığı ilə Rusiya qoşunlarının işğalı altında olmalıdırlar.

N.Nərimanovun, Gürcüstan və Ermənistan rəhbərlərinin Çiçerin və Orconikidzeyə göndərdikləri məlumat maraq doğurur: “Artıq Sovet Azərbaycanının tərkibinə daxil olan, guya mübahisəli sayılan Zəngəzur və Qarabağa gəldikdə isə qətiyyətlə bildiririk ki, bu yerlər mübahisəli ərazilər deyil və bundan sonra da Azərbaycanın hüdudlarında yerləşdirilməlidirlər. Başdan-başa müsəlmanlarla məskunlaşan, bir ildən artıqdır ki, ayrı düşən və yerli əhalinin qüvvələri ilə daşnak hökumətindən müdafiə olunan Culfa və Naxçıvan rayonları həm hərbi cəhətdən, həm də Türkiyə ilə bilavasitə əlaqə məqsədilə bizim qoşunlarla tutulmalı və Azərbaycana birləşdirilməlidirlər”.

S.Orconikidze iyun teleqramında Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul etdiyi halda, Çiçerinə vurduğu iyul teleqramında Zəngəzuru mübahisəli ərazi elan edərək digər bölgələrin... Ermənistana birləşdirilməsi fikrini irəli sürmüşdü.

Zəngəzurda Sovet hakimiyyəti elan edilsə də XI Ordunun loyal mövqeyi nəticəsində Njde və Dronun silahlı qüvvələri bildiklərini edir, nəticədə ermənilər qəza inqilab komitəsi yaratdılar. Azərbaycan Gorusda Zəngəzur qəza komitəsi yaratdı və komitənin sədri Şirvani, onun müavini isə milliyyətcə erməni olan Qaragözov təyin edildilər. Ancaq təəssüf ki, Zəngəzura Sovet hakimiyyəti tərəfindən heç bir kömək və yardım göstərilmədi.

Moskvaya Zəngəzurun kimin torpağı olması o qədər də maraqlı deyildi. Ona Ermənistanda Sovet hökumətini qurmaq maraqlı idi. Sovet Rusiyası Azərbaycanda Sovet hökuməti qurulduqdan sonrakı aylarda Zəngəzuru, Qarabağ və Naxçıvanı hər bəhanə ilə Azərbaycana qaytarmağın zəruriliyini qeyd edirdisə, artıq Ermənistanda Sovet hökuməti qurulduqdan sonra Sovet rəhbərliyi başqa bir tezislə “yalnız Sovet hakimiyyəti Zəngəzuru Ermənistana birləşdirə bilər və Qarabağa muxtariyyət hüququ verə bilər” tezisi ilə çıxış etməyə başladı.

Ermənistanda Sovet hakimiyyəti qurulana qədər Stalin “Zəngəzur və Naxçıvanı Ermənistanın indiki hökumətinə vermək olmaz” deyirdisə, Ermənistanda Sovet hakimiyyəti qurulduqdan iki gün sonra – dekabrın 1-də Stalin Bakı Sovetində keçirilən iclasda N.Nərimanovu Zəngəzurun Sovet Ermənistanına verilməsi barədə bəyanatla çıxış etməyə məcbur etmişdi. Həmin bəyanatda Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ərazisi elan edilirdi.

Stalin və Orconikidze bu “bəyanatı” tamamilə bəyəndiklərini bildirmişdilər. Orconikidze bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt” kimi qiymətləndirmişdi. Stalin isə fikrini belə ifadə etmişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir. Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir”.

N.Nərimanov yanıldığını, tarixi səhvə yol verdiyini etiraf etmiş, onu millətçilikdə günahlandıranlara cavab olaraq demişdir: “Əgər Azərbaycanın müsəlman kommunistlərinin əksəriyyəti... millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı, Gürcüstana müftə neft verilməzdi”.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşmış, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bunu həyata keçirmək mümkün olmuşdu. Sovet Rusiyasının yaxından iştirakı ilə Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi – 4,5 min kvadratkilometr ərazisi Ermənistana ilhaq edilmişdi. Bu tarixi səhvin nəticəsində Zəngəzur mahalının qərb hissəsi itirildi və hətta Azərbaycanın 1921-ci ildə tərtib olunan xəritələrində belə Ermənistanın ərazisi kimi verildi.

Qərbi Zəngəzurun itirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev demişdir: “XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.

Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR 9-cu qəza olan Zəngəzur qəzasını yaratdı, Zəngəzur qəzasının tərkibində indiki Sisyan, Qafan, Gorus rayonları və Meğri (Mehri) rayonunun bir hissəsi daxil edildi. Zəngəzur bir tarixi vilayət kimi ləğv edildi.

Zəngəzurun Ermənistana verilməsi prosesi sonrakı illərdə də davam etdirildi. 1927-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Azərbaycanın Mehri–Cəbrayıl qəzasının 27 kəndi, Zəngəzur qəzasının isə 10 min desyatindən çox yaylaq ərazisi Ermənistana peşkəş edildi. 1929-cu il fevralın 18-də isə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Zəngilan rayonunun daha 3 kəndi – Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilməklə Zəngəzurda daha bir erməni rayonu – Menru rayonu təsis edildi.

Tarixi Azərbaycan torpaqları olan Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana ilhaq edilməsi ilə birgə Azərbaycana daha bir zərbə vurulmuş, Naxçıvan Azərbaycandan ayrı salınmışdı. Ermənilərin məqsədi Naxçıvanı ilhaq etmək idi. Naxçıvanın qəhrəman övladlarının sayəsində ermənilər buna nail ola bilmədilər. 1923-cü ildə Ermənistanın ilk baş naziri O.Kaçaznuni öz hesabatında bunu açıq etiraf etmişdir .

İkinci Dünya müharibəsi ərəfəsində Zəngəzur ərazisindən keçməklə Naxçıvan ərazisinə dəmir yolu çəkilmişdir və onun fəaliyyəti XX yüzilliyin 90-cı illərin əvvəlinə kimi davam etmişdir. Lakin Ermənistanın Dağlıq Qarabağı Ermənistana birləşdirmək siyasəti Azərbaycan-Ermənistan qarşıdurmasına və müharibələrinə gətirib çıxarmışdır. Bundan istifadə edən Ermənistan Naxçıvana gələn kommunikasıyaları Zəngəzur dəhlizində kəsmiş, nəticədə Naxçıvanın Azərbaycanla quru əlaqəsi pozulmuş, ərazi blokada vəziyyətinə düşmüşdür. Otuz ildir ki, Naxçıvan blokada şəraitində yaşayır.

Dağlıq Qarabağın və onun ətrafındakı rayonların azad edilməsi üçün 44 gün davam edən Vətən müharibəsi – İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Zəngəzuru bir daha gündəmə gətirdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 2020-ci il 10 noyabr bəyanatının sonuncu, 9-cu bəndində göstərilirdi ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək, Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasıyalarının inşası təmin ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində Zəngəzur dəhlizi məsələsindən bəhs edərkən demişdir: “Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik. Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq”.

Tarixi Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinə xüsusi yer verilmişdir. Bəyannamədə deyilir ki, “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.

Yaradılarkən hətta 10 min kvadrat kilometr əraziyə malik olmayan Ararat Respublikası 1920-ci ilin ortalarında dövlətin adını Ermənistan Respublikasına çevirməklə Azərbaycan torpaqlarına yiyələnmək üçün himayədarlarının köməyi ilə mərhələ-mərhələ öz məqsədlərinə nail olurdular. Təbii ki, Sovet Rusiyası, sonra isə SSRİ deyilən imperiya və onun ermənipərəst rəhbərləri bu sahədə onlara hər cür kömək və yardım göstərirdilər. Ərazinin qədim sakinləri həmin ərazilərdən deportasiya olundu, qaçqın və məcburi köçkünə çevrildi.

Lakin bu ədalətsizlikləri Azərbaycan xalqı unutmur, öz tarixi torpaqlarına qayıtmaları üçün fəaliyyət göstərirlər. İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiq etdi. Sərhədlərin delimitasiya və demarkasiyası itirilmiş torpaqlarımızın qaytarılması üçün əsas verir. Bununla da 200 ildən artıq davam edən erməni ideologiyasına son qoyulacaqdır.

İsmayıl HACIYEV, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik

“Xalq qəzeti”

  • Paylaş: