AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynlinin “Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı” adlı kitabı çapdan çıxıb.
Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi yazıçı Mənzər Niyarlının bədii yaradıcılığı haqqında müxtəlif illərdə qələmə alınmış elmi məqalə və esselərdən ibarətdir
Məqalələr toplusu Azərbaycan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görüb. Topluda Mənzər Niyarlı haqqında otuza yaxın professor, alim və yazıçıların xanım yazarın yaradıcılığına həsr etdikləri məqalələr yer alıb.
Filologiya elmləri doktoru Salidə Şərifova toplunun “Mənzər Niyarlının bədii yaradıcılığının janr xüsusiyyətləri, problematikası, bədii obrazları” adlı “Ön söz”ündə Mənzər Niyarlının bədii yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirib və ədəbi-elmi cameənin diqqət mərkəzində olmasını vurğulayıb: “Həmin axşam”, “Yarımçıq məzuniyyət”, “Qara örpək”, “Oğuz gözəlləməsi”, “Qızıl Qaval”, “Seçilmiş əsərlər”, “Qürbətə aparan qatar” (rus dilində), “Əkizlər və onların fındıqburun bacıları”, “Vətəndən vətənə”, “Dügün gününün sabahı” (türk dilində), “Sənətin sehri” və s. kimi kitabların müəllifi Mənzər Niyarlının əsərlərində ideyalarını kamil səviyyədə çatdırmasının şahidi oluruq. Bu kamillik yazıçının əsərlərinin janrında, problematikasında, obrazlarında, həmçinin ədəbi dilində, xüsusilə də dialektlərdən, şivələrdən istifadə etməsində təsdiqini tapır. Yaradıcılığında milli kimliyi, genetik kodu və s. təbliğ edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mənzər Niyarlı qələmə aldığı bədii nümunələrlə öz imzasını Azərbaycan ədəbiyyatına həkk etdirməsi yazıçının sənətkarlığının göstəricisidir”.
Toplunun elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Tehran Əlişanoğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyevadır.