AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Qurbanovanın “Mətn dilçiliyində cümləfövqü vahidlər” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada ingilis dilində cümləfövqü vahidlərin struktur-semantik xüsusiyyətləri, praqmatik aspektləri, cümləfövqü vahidlərin prosodiya elementləri və digər məsələlər ətraflı təhlil edilir, ingilis dilində və məsələnin nəzəri baxımdan daha da aydın dərk edilməsi üçün Azərbaycan dilində verilən cümləfövqü vahidlərin təhlili qeyd edilən nəzəri fikirlərlə uzlaşır. Monoqrafiyada mətni formalaşdıran cümləfövqü vahidlərin intonasiya məsələsi nəzəri baxımdan ətraflı təhlil edilmişdir. İntonasiya və cümləfövqü vahidlər monoqrafiyada qarşıya qoyulan məqsədə uyğun olaraq linqvistik təhlillə yanaşı psixolinqvistik aspektdən də təhlil edilmiş və qarşıda duran məsələlərin ikili linqvistik vəekstralinqivistik təhlili monoqrafiyanın aktuallığını şərtləndirir.
Kitab Azərbaycan dilçiliyində germanistika ilə bərabər müxtəlifsistemli dillərdə ekstralinqvistika, fonetika, dil nəzəriyəsi, praqmatika kimi geniş dilçilik sahələri barədə yazılan dissertasiya, monoqrafiya, dərs vəsaiti, dərslik və s. kimi elmi tədqiqat işiləri üçün əsaslı və geniş nəzəri bir mənbədir.
Monoqrafiyanın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorlar filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli və filologiya elmləri doktoru, professor İlham Tahirov, rəyçilər filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Cumayevadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.