AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümünə həsr olunmuş “İstiqlalımız əbədidir!” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları kitabxananın fəaliyyəti və imkanları ilə yaxından tanış olublar.
Qonaqlara kitabxananın elmi bazası, müasir texnoloji imkanları barədə geniş məlumat verilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları MEK-in Sərgi salonundakı Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələr və ilboyu davam edən sərgilərlə tanış olublar.
AMEA-nın əsasını qoyan 15 təsisçisinin büstləri ilə tanışlıq zamanı qonaqlara onların elmi irsi barədə məlumat verilib. Daha sonra Qarabağ müharibəsi qəhrəmanları fondundakı şəhidlərə aid saxlanılan sənədlər, fotoşəkillər, onların haqqındakı kitablar və özlərinin yazdıqları əsərlərə baxış keçirilib.
Qonaqlar kitabxananın elmi və tarixi irsin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.