Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan folklorşünaslıq elminə ağır itki üz verib
21.03.2025 14:48
  • A-
  • A
  • A+

Azərbaycan folklorşünaslıq elminə ağır itki üz verib

Tanınmış folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli 2025-ci il martın 21-də ömrünün 79-cu ilində dünyasını dəyişib.

Elxan Məmmədli uzun illər ərzində Azərbaycan xalq yaradıcılığının, xüsusilə də aşıq sənətinin tədqiqinə dəyərli töhfələr verib, bu sahənin elmi-nəzəri əsaslarının formalaşmasında müstəsna rol oynayıb. Onun çoxsaylı elmi əsərləri, monoqrafiyaları və məqalələri aşıq poeziyasının mənşəyi, inkişaf mərhələləri, janr və sənətkarlıq xüsusiyyətlərinin təhlili baxımından əvəzsiz mənbələrdir.

Aşıq yaradıcılığının görkəmli tədqiqatçısı Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Bor­çalı maha­lının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Uni­versitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə fəhləlik­dən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məş­ğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işlə­yib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İns­titu­tu­nun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli həmin ildən bö­yük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzində əmək fəaliyyətini davam etdirib.

Qədim və zəngin aşıq sənətinin, onun müxtəlif regional məktəblərə məxsus nümayəndələrinin bioqrafiyasının, yaradıcılıqlarının tədqiqində Elxan Məmmədlinin xüsusi xidmətləri vardır. Xüsusən Azərbaycan şeir sənətinin zəngin qollarından birini təşkil edən aşıq poeziyasının poetika məsələlərinin tədqiqində o olduqca orijinal tədqiqatçılardan biri idi. 1998-ci il­də “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizəd­lik dis­sertasiyasını müdafiə edib. O, 2 monoqrafiya (“Təcnis sənətkar­lığı”. Bakı: Nafta-Press, 1998; Şair Nəbi Bor­çalı: həyatı, mühiti, sənəti. Bakı: Nur­lan, 2014), 10-dan çox toplama-tərtib kita­bını nəşr etdirib, 30-dan çox kitabın re­daktoru, rəyçisi olub.

Elxan Məmmədli peşəkar tədqiqatçı olmaqla yanaşı, həm də bütün varlığı ilə bağlı olduğu aşıq sənətinin, el şairləri və aşıqların təbliğatı sahəsində də yorulmadan fəaliyyət göstərib. O, 1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişləri­nin müəllifi və aparıcısı olub.

1999-cu ildən AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib. 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görül­üb. Haqqında “Elxan Məmmədli – 60” (Bakı: Ağrıdağ, 2006, 335 səh.) və 70 illiyi münasibəti ilə “Elxan ömrü – saz öm­rü” (Bakı: Ağrı­dağ, 2016, 336 səh.) kitablarını tərtib edilib. Bütün bunlara baxmayaraq Elxan Məmmədlinin ən böyük mükafatı onu sevənlərin qəlbindəki işıqlı xatirəsidir. O, bu işıqlı obrazı saza-sözə bağlı ömrü, məhsuldar elmi fəaliyyəti, şən, zarafatcıl və səmimi xarakteri, təmənnasızlığı, dostcanlılığı və xalq mədəniyyətinə sonsuz sevgisi ilə qazanıb.

Şərəfli və məhsuldar bir ömür yaşamış tanınmış alim, səmimi insan Elxan Məmmədlinin əziz xatirəsi, işıqlı obrazı onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Mərhumun ailəsinə, yaxınlarına, həmkarlarına və bütün elm ictimaiyyətinə dərin hüznlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: