Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Akademik Gövhər Baxşəliyeva: İstərdik ki, Azərbaycan şərqşünaslığının ənənələri yaşasın və inkişaf etsin
27.03.2025 14:55
  • A-
  • A
  • A+

Akademik Gövhər Baxşəliyeva: İstərdik ki, Azərbaycan şərqşünaslığının ənənələri yaşasın və inkişaf etsin

Azərbaycan şərqşünaslığının tarixi orta əsrlərə gedib çıxır. Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və digər mütəfəkkirlərimiz Şərq mədəniyyətini dərindən öyrənmiş, Şərq dillərində əsərlər yazıb-yaratmışlar. Eləcə də XIX əsrdə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşov şərqşünaslıq elmimiz üçün qiymətli əsərlər qoyub getmişlər. Bu sahənin sistemli inkişafı isə sovet dövründə, 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının, 1954-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu nəzdində Xarici Şərq ölkələri tarixi şöbəsinin yaradılması ilə başlayıb. Bütün bunlar 1958-ci ildə yaradılmış Şərqşünaslıq İnstitutu üçün baza rolunu oynayıb. AMEA-nın 80 illik yubileyi çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva AzərTac-a müsahibəsində bu elmin ənənələrinə, müasir dövrdə inkişaf istiqamətlərinə nəzər salıb.

“Akademik Ziya Bünyadov daim bizi yönəldirdi ki, apardığımız tədqiqatlar milli maraqlara xidmət etsin”

Şərqşünaslıq İnstitutunun çoxprofilli olduğunu bildirən direktor diqqətə çatdırıb ki, əsas tədqiqat istiqaməti Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələrinin öyrənilməsidir. “Akademik Ziya Bünyadov bu instituta rəhbərlik etdiyi dövrdə, - o zaman mən gənc mütəxəssis idim, - daim bizi yönəldirdi ki, apardığımız tədqiqatlar Azərbaycanın mənafeyinə, xalqımızın milli maraqlarına xidmət etsin. Odur ki, biz həmişə bu istiqamətə böyük önəm veririk. Sovet dövründə Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar İran, ərəb ölkələri, Türkiyə və qismən Əfqanıstan üzrə idi”, - deyə müsahibimiz qeyd edib.

Müstəqillik illərində Şərqşünaslıq İnstitutunun tədqiqat istiqamətləri genişləndirildi

Akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra şərqşünaslıq tədqiqatlarına da yenidən nəzər salındı və yeni istiqamətlərin müəyyən edilməsinə ehtiyac yarandı. Hazırda institutda Türkiyə tarixi və iqtisadiyyatı, İran tarixi və iqtisadiyyatı, Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı, Türk filologiyası, İran filologiyası, Ərəb filologiyası, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri, Din və ictimai fikir tarixi, Cənubi Azərbaycan, Şərq-Qərb, Mərkəzi Asiya ölkələri, Asiya-Sakit okean regionu şöbələri fəaliyyət göstərir. AMEA Rəyasət Heyətində yaradılmış Elektron Akademiyaya uyğun olaraq, institutda Elektron resurslar şöbəsi də fəaliyyət göstərir.

“Mövzular əsasən 1, 2, 3 illik vaxta verilir. İlin əvvəlində yenilənən mövzulara dair əməkdaşla institutun rəhbərliyi arasında müqavilə bağlanır”, - deyə direktor qeyd edib.

Şərqşünaslıq İnstitutu hər il 20-25 kitab nəşr etdirir

Həmsöhbətimiz bildirib ki, Şərqşünaslıq İnstitutu hər il 20-25 kitab nəşr etdirir. Qeyd edək ki, dosent Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, professor Məryəm Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi: həyatı və elmi irsi”, professor Elman Quliyevin “Türk halkları edebiyatı” (Türkiyə, Malatya), dosent Rafiq Abbasovun “Azərbaycan-Çin (1993-2003)” (Heydər Əliyevin 101 illiyinə həsr olunur), dosent Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr), dosent Gülər Qafqazlının və Mirzə Ənsərlinin tərtib etdikləri “Dünya müftiləri”, dosent Gülər Qafqazlının 5-ci sinif üçün “Ərəb dili” dərsliyi, gənc tədqiqatçı Samid Bağırovun “Şah İsmayılın həyatı (Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” əsərləri institutun son dövr nəşrləri sırasındadır.

Xatırladaq ki, ötən il institut “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirib. Həm konfransın tezisləri, bu il isə “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” toplusu çapdan çıxıb.

Qeyd edək ki, 1945-1946-cı illərdə Təbrizdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tərcümə və transliterasiyasını əhatə edən kitabın I hissəsi institut tərəfindən çap olunub, II hissəsi bu il nəşr ediləcək.

İnstitut, həmçinin akademik Ziya Bünyadovun külliyyatını təkmilləşdirilmiş halda nəşr etdirməyi planlaşdırır. Bu il görkəmli alimin əsərlərinin I cildi (Azərbaycan VII-IX əsrlərdə) və II cildi (Azərbaycan Atabəylər dövləti) çapa təqdim edilib. Dosent Ruhəngiz Cümşüdlünün “Məhəmməd Füzulinin ərəbcə poetik irsinin Azərbaycan dilinə tərcüməsi”, dosent İnci Qasımlının “Türk dillərinin müqayisəli tədqiqi”, habelə “Füzulinin farsca divanından seçmələr (Azərbaycan dilinə filoloji tərcümə)”, Mirzə Ənsərlinin “Rusiya imperiyası və SSRİ-də məşhur türkoloqlar” və digər əsərlər də çapa təqdim olunub.

“Elə gənclərimiz var ki, onlar sanki elm üçün yaranıblar”

Akademik Gövhər Baxşəliyeva ilə söhbətimizdə gənc kadrların bu sahəyə marağı ilə bağlı məsələlərdən də danışdıq.

“Elə gənclərimiz var ki, onlar sanki elm üçün yaranıblar. Çalışırıq ki, ali təhsil müəssisələrindən belə gəncləri burada işləməyə cəlb edək. Hazırda institutumuzda çalışan gənc kadrlar tədqiqata böyük maraq göstərən insanlardır. Əlbəttə ki, kadrları tək özüm seçmirəm. İnstitutumuzun şöbə müdirləri və digər təcrübəli mütəxəssisləri bizə müraciət edən gənclərlə görüşür, onların dil biliklərini və ümumi səviyyələrini yoxlayırlar. Təbii ki, şərqşünas təhsili vacibdir. Lakin elə olur ki, mütəxəssis tarix ixtisasını bitirib, lakin fars, yaxud ərəb dilini bilir. Onların da dil bilikləri institutumuzda yoxlanılır. Çünki mənbələri oxumağı bacarmaq lazımdır”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan Şərqşünaslıq İnstitutunda formalaşmış elmi məktəb zəngin ənənəyə malikdir: “Bu məktəbi Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Ziya Bünyadov, Aida İmanquliyeva, Böyükağa Hüseynov, Rüstəm Əliyev, Əkrəm Cəfər, Rauf Seyidov və digər görkəmli alimlərimiz formalaşdırıb. Onlar Azərbaycan şərqşünaslığının inkişafı, dünyada tanınması üçün böyük işlər görüblər, zəngin irs qoyub gediblər. Məhəmmədhüseyn Şəhriyarın şeirindən bu misraları xatırlatmaq istərdim:

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

Əlbəttə ki, bu dünyaya gələn insan bir gün bu dünyadan köçməlidir. Bu, təbiidir. Biz elə etməliyik ki, o alimlərimizin yaratmış olduğu məktəb davam etsin. Çox istərdik ki, bu ənənə yaşasın, fəaliyyət göstərsin və inkişaf etsin. Belə olarsa, həmin alimlərin də ruhları şad olar”.

Direktor görkəmli şərqşünas-alimlərin xatirəsinin həmişə anıldığını, onların elmi irsinin təbliği istiqamətində institutda elmi sessiya və konfranslar təşkil edildiyini bildirib.

“Tale elə gətirib ki, bu məktəbi yaradanları yaxından görmək, onlardan öyrənmək xoşbəxtliyi mənə də nəsib olub. Bu gün isə Şərqşünaslıq İnstitutuna rəhbərlik edirəm. Mən özümün əsas vəzifəmi onda görürəm ki, şərqşünaslıq məktəblərimiz yaşasın və gələcəkdə də etibarlı əllərdə olsun”, - deyə akademik Gövhər Baxşəliyeva fikrini yekunlaşdırıb.

  • Paylaş: