Naxçıvan Dövət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin “Naxçıvanda mətbuat tarixi (“Şərq qapısı” qəzetinin materialları əsasında)” adlı əsəri ProQuest (Clarivate) tərəfindən nəşr olunub. Əsər Web Of Science tərəfindən indeksləşdirilib və WOS platformasına inteqrasiya olunub. Beynəlxalq elmi bazaya yerləşdirilən əsər nəşr olunaraq çap formatında da müəllifə göndərilib.
Clarivate şirkəti ProQuest, Ex Libris, Innovative, Web of Science və digər aparıcı elmi-tədqiqat, təhsil və biblioqrafik məlumat bazalarını birləşdirən və indeksləşdirən dünyanın tanınmış iki elmi bazasından biridir.
Clarivate şirkətinin bir qolu olan ProQuest- Dissertasiyalar və Tezislərə Sitat İndeksi (PQDT) dünyanın minlərlə universitetinin dissertasiya və tezislərini, o cümlədən 5,5 milyondan çox mənbəni əks etdirən dünyanın ən əhatəli dissertasiya və tezislər toplusudur.
1600-cü illərin əvvəllərindən bu günə qədər uzanan elmi mənbələrə istinad edən PQDT-nin əhatə dairəsi multidissiplinardır və təbiət, riyaziyyat, kompüter, mühəndislik, sosial və humanitar elmlərdə təməl tədqiqatları əhatə edir.
ProQuest 1938-ci ildə Eugene Power tərəfindən Universitet Mikrofilmləri kimi əsası qoyulmuş Miçiqanda yerləşən qlobal informasiya-məzmun və texnologiya şirkətidir.
ProQuest öz proqramları və kitabxanalar üçün məlumat xidmətləri ilə tanınır, platforma dissertasiyalara, tezislərə, elektron kitablara, tarixi kolleksiyalara, hökumət arxivlərinə, mədəniyyət arxivlərinə və digər ümumiləşdirilmiş verilənlər bazalarına çıxışı təmin edir. Bu məzmunun təxminən 125 milyard rəqəmsal səhifəsi olduğu təxmin edilir. 2021-ci ildə Clarivate şirkəti tərəfindən alınıb.
13 iyul 2023-cü ildə ProQuest platforması Web of Science-ə inteqrasiyasını elan etdi. Bu inteqrasiya tədqiqatçılara 5,5 milyondan çox qlobal dissertasiya və tezislərin geniş multidissiplinar kolleksiyasına tez və asan giriş əldə etməyə imkan verdi. Clarivate 60-dan çox ölkədən 4100-dən çox ProQuest Dissertasiyaları və Tezislərini Web of Science ilə birləşdirdi. Bu inteqrasiya ilə Web of Science jurnal məqalələri, tədqiqat məlumatları, patentlər və preprintlərlə yanaşı, milyonlarla dissertasiya və tezislərin aşkar edilməsini təmin etmək üçün zənginləşdirildi. Tədqiqatçılar öz Web of Science Tədqiqatçı Profilində dissertasiya və ya tezislərini əlavə edərək, öz elmi nailiyyətlərini nümayiş etdirə bilərlər.
Hazırda ProQuest- Dissertasiyalar və Tezislərə Sitat İndeksi platforması daxilində jurnallar, preprintlər və digər elmi mənbələrlə hərtərəfli tədqiqat təcrübəsi təklif edir. Artıq çox sayda verilənlər bazasında axtarış aparmaq ehtiyacı aradan qalxıb ki, bu da tələbələr və tədqiqatçılar üçün sadələşdirilmiş iş prosesi təmin edərək, onların akademik uğurlarını asanlaşdırır və elmi fəaliyyətlərində irəliləyişlərinə təkan verir.
Qeyd edək ki, bugünədək ProQuest platformasında Azərbaycandan 326 elmi əsər yerləşdirilib, Surə Seyidin əsəri isə 2025-ci ildə Azərbaycandan bazaya yerləşdirilmiş və indeksləşmiş ilk elmi əsərdir. Bu nəşr Azərbaycan Milli Mətbuatının 150 və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə Elm günündə edilmiş ən böyük töhfədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.