Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.04.2025 15:52
  • A-
  • A
  • A+

“Elm” nəşriyyatının direktoru ADU-nun “İlin ən yaxşı məqaləsi” müsabiqəsinin qalibi olub

“Elm” nəşriyyatının direktoru ADU-nun “İlin ən yaxşı məqaləsi” müsabiqəsinin qalibi olub

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Azərbaycan Dillər Universitetində (ADU) Elm Günü münasibətilə keçirilən “İlin ən yaxşı məqaləsi” adlı müsabiqənin qalibi olub.

ADU-da müsabiqənin nəticələri və qaliblərə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbiri Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamına əsasən, hər il martın 27-sinin ölkəmizdə “Elm günü” kimi qeyd olunduğunu deyən H.Əliyeva bildirib ki, bu, dövlət başçısının elm adamlarına və bütövlükdə elmi ictimaiyyətə göstərdiyi diqqətin bariz nümunəsidir.

Elm şöbəsinin müdiri, dosent Sevda İmanova çıxışında “Elm günü”nə həsr olunmuş “İlin ən yaxşı məqaləsi” müsabiqəsinin şərtləri haqqında məlumat verib. O, bildirib ki, bu kimi tədbirlərin keçirilməsi ilk növbədə universitetdə aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin stimullaşdırılması məqsədi daşıyır.

Tədbirdə “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov çıxış edərək ADU-nun Elmi Xəbərləri (Humanitar və ictimai elmlər) jurnalında çap olunmuş “Klassik ədəbiyyatda azərbaycançılıq ideyaları və milli məfkurənin yaranmasında rolu” mövzusunda qalib məqaləsi haqqında məlumat verib. Azərbaycançılığın milli məfkurəmizə çevrilənə qədər uzun bir yol keçdiyini deyən alim bildirib ki, azərbaycançılığın kökləri xalqımızın çoxəsrlik tarixi yaddaşına, mədəniyyətinə, dilinə və milli kimliyinə söykənir. S.Qəhrəmanov məqalədə əsas məqsədin klassik Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyasının yalnız XIX-XX əsrlərlə məhdudlaşmadığını, əksinə, daha erkən dövrlərdən – xüsusilə də Nizami, Nəsimi, Füzuli kimi böyük söz ustadlarının yaradıcılığından başlayaraq formalaşdığını göstərmək olduğunu vurğulayıb. O, tədqiqatda azərbaycançılıq ideyasını dil, vətən, mənəvi dəyərlər kontekstində araşdıraraq milli şüurun formalaşmasında ədəbi-bədii irsimizin rolu ön plana çıxardığını da qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: