"Uşaqlıqda həkim olmaq arzusunda idim. İnsan böyüdükcə maraq dairəsi genişlənir, həyata baxışı da dəyişir. Macəra axtaran insanlar kimi çətin, mürəkkəb işlər məni özünə daha çox cəlb edirdi... Kimya müəllimimiz də bizimlə çox ciddi məşğul olur, həyatımızın bütün sahələrində kimyanın rolundan danışır, faktlarla fikrini əsaslandırıb, bizi sanki sirli-sehrli, rəngarəng bir dünyaya səyahətə aparırdı. Müəllimimiz danışdıqca o dünyadan ayrılmaq istəmirdim. Ali məktəbə qəbul zamanı qəti qərar verdim ki, kimyaçı olacağam. İxtisas seçimi zamanı qeyd etdiyim üç ixtisasdan biri və birincisi məhz kimya idi. Kimya yaşadığımız dünya var olandan bu günə kimi mövcud olanı araşdıran, inkişaf edən və yaranan hər bir maddə və prosesin mahiyyətini öyrənən bir elmdir. Kimyanı seçdiyim və bu sahənin mütəxəssisi olmağım məni qürurlandırır".
Həmsöhbətimiz gənc kimyaçı alim Elmir Məqsəd oğlu Babayevdir. Elmir Qarabağın qədim yaşayış məskənlərindən olan Füzuli rayonunda anadan olub. Deyir ki, erməni qəsbkarları yurdumuzu işğal edəndə üç yaşım var idi. Həyat, yaşam uğrunda mübarizə bizi Bakıya gətirdi.
Elmir 2010-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə həmin universitetin fiziki kimya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Gənc alimin dedi ki, Birinci Qarabağ savaşı, məcburi köçkün həyatı uşaqlığımı, gəncliyimi əlimdən aldı: "Hər şeyimiz olsa da, yurdumuz əsirlikdə idi. Elə bilirdim ki, Füzulidən qaçan zaman ürəyimi o torpaqlarda qoyub gəlmişəm. Amma Prezidentimizin qətiyyətinə inanırdım. Bilirdim ki, torpaqlarımız işğaldan azad ediləcək, yenidən o torpaqları yurd, Vətən edəcəyik. Məni qınamayın, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası mənə başqa bir yaradıcılıq şövqü bəxş edib. Qələbəmizin memarı olan Ali Baş Komandan İlham Əliyevə bir ömür minnətdarıq, bu Vətən üçün canını qurban verən şəhidlərimizə, qazilərimizə sonsuz minnətdarıq. Təbii ki, yenilənmiş, bütövlənmiş Azərbaycan vətəndaşı, alimi olmaq, xüsusilə beynəlxalq tədbirlərdə iştirak zamanı bizə daha məğrur və ürəklə çıxış etmək üçün imkan yaradıb".
Əmək fəaliyyətinə 2012-ci ildə Kimya Problemləri İnstitutunun Oksidləşmə proseslərinin kinetika və mexanizmi laboratoriyasında kiçik elmi işçi vəzifəsində başlayan Elmir Babayev hazırda ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Ekoloji Kataliz" laboratoriyasında aparıcı elmi işçidir. O, eyni zamanda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedoqoji fəaliyyətlə məşğul olur, kimya və ekologiya sahəsində apardığı tədqiqatlar zamanı qazandığı bilik və bacarıqlarını bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələri ilə bölüşür.
2018-ci ildə "Qaz fazada xlortoluolların heterogen katalitik oksidləşməsi reaksiyalarının kinetikası və mexanizmi" mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi işini müdafiə edən gənc alim 2019-cu ildə Almaniyanın Rostok şəhərində yerləşən "Leibniz Institute for Catalysis" İnstitutunda 4 ay müddətində posdoktoral tədqiqat keçib. 2021-ci ildə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə doktoranturasına qəbul olub. Kimyaçı alim hazırda intensiv şəkildə biokütlənin katalitik zənginləşdirilməsi prosesi üzrə elmi araşdırmalarını davam etdirir.
Elmir Babayev deyir ki, tədqiqat işi olduqca maraqlıdır və proses nəticəsində bioyanacaqların, monomer intermediatları və qida əlavələri kimi müxtəlif qiymətli məhsulların alınması mümkündür. O, elmi tədqiqatları zamanı akademik məsləhətləri ilə ona yol göstərən, ən çətin məqamlarda peşəkar müdaxiləsi ilə kömək əlini uzadan elmi rəhbəri professor Arif Əfəndiyə minnətdardır.
Dosent Elmir Babayev 50 elmi əsərin, o cümlədən 21 məqalənin, 26 konfrans materialı və tezis məruzələrin, eləcə də monoqrafiya, patent və kitabın müəllifidir. Gənc alimin məqalələri SCOPUS və WOS kimi beynəlxalq indeksləndirmə bazalarında yer alan bir sıra nüfuzlu nəşrlərdə - "Catalysis Today", "Journal of Turkish Chemical Society", "Azerbaijan Chemical Journal" və s. kimi jurnallarda dərc olunub.
İctimai işlərdə fəal iştirak edən gənc alim 2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının "Gənc Alim və Mütəxəssislər Şurası"nın sədri, "Gənc tədqiqatçı" elmi-praktiki jurnalının baş redaktorudur. Elmir Babayev deyir ki, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezidentin 28 iyul 2022-ci il tarixli fərmanına qədər Gənc Alim və Mütəxəssislər Şurası özündə 42 Elmi-Tədqiqat İnstitutu və təşkilatlarında fəaliyyət göstərən gənc alim və mütəxəssislər şuralarını koordinasiya etməklə ümumilikdə 2500-dən çox üzvü birləşdirirdi. Hazırda hüquqi baxımdan şuraya yalnız AMEA-da fəaliyyət göstərən institut və təşkilatlarda fəaliyyət göstərən gənclər tabedir. Şuranın fəaliyyətinin əsas məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin elmi potensialının artırılması, müxtəlif təşəbbüslərin stimullaşdırılması, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, gənclər tərəfindən tədqiqatlar nəticəsində edilən elmi yeniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara metodiki, informasiya yardımının göstərilməsi və həyata keçirilməsindən ibarətdir.
MAAN (Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası) Gənc Alimlər Şurası İdarə Heyətinin üzvü olan gənc alim deyir ki, bu illərdə komandamız ilə birgə bir sıra uğurlu layihələrə imza atmışıq. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Bakı və Gəncədə baş tutan və 700-dən çox gəncin iştirakı ilə keçirilmiş 4 günlük respublika konfransı, 2024-cü ildə Şuşa şəhərində İslam Ölkələrinin Gənclərinin iştirakı ilə "Şuşa Gənclər Festivalı" çərçivəsində gənc alimlərin "SİNA" beynəlxalq forumunu və bu ilin may ayında faşizm üzərində qələbənin 80 illiyinə həsr olunacaq respublika konfransları çox sayda gənclər üçün öz tədqiqatlarını təqdim edə bilməsi məqsədilə platforma rolunu oynayır.
Perspektiv planlarından danışan E.Babayevin sözlərinə görə, 2025-ci il onlar üçün uğurlu bir ildir: "Bu il, bildiyiniz kimi, "Konstitusiya və Suverenlik İli"dir. Eyni zamanda ölkəmizin elm məbədi olan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd olunacaq. Milli Elmlər Akademiyası özünün akademik heyəti və yeni elmi nəsilləri ilə birlikdə Azərbaycan elminin əsas elmi mərkəzlərindən biri kimi fəaliyyətini uğurla davam etdirməkdə, müstəqil dövlətçiliyin inkişafı ilə əlaqədar çoxcəhətli funksiyaları həyata keçirməkdədir. AMEA fundamental elmi tədqiqatların beşiyi, tətbiqi elmlərin hərəkətverici qüvvəsidir. Bu il çalışdığım Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun da 90 illik yubileyi qeyd olunacaq. İnstitutumuzda görkəmli kimyaçı alimlərin işləyib yaratdığı bu elm məbədinin ənənələri bu gün də uğurla davam edir.
Sonda onu qeyd edək ki, gənc alim Elmir Babayev 2016-cı ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun təşkil etdiyi "Murtuza Nağıyev" mükafatı, 2019-cu ildə Həmkarlar Konfederasiyası tərəfindən "İlin peşəkar gənci", 2022-ci ildə isə Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"na layiq görülmüşdür.
"Azərbaycan" qəzeti