AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə müzakirələr aparılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə dövlət başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncamda Seyid Əzim Şirvaninin yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirdiyi, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynadığı əksini tapıb.
AMEA rəhbəri vurğulayıb ki, sənəddə AR Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə böyük şairin 190 illiyinə dair Tədbirlər planını hazırlayaraq həyata keçirilməsi tapşırılıb. Natiq bildirib ki, dövlət başçısının Sərəncamı Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğ olunması zərurətini ortaya qoyur.
Rəyasət Heyəti tərəfindən Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.