AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “Sosial psixologiyanın predmeti şəxsiyyət problemi kontekstində” adlı məqaləsi Tacikistan Millli Elmlər Akademiyasının A.Baxovaddinov adına Tacikistan Milli Elmər Akademiyasinin Fəlsəfə, Siyasət və Hüquq İnstitutunun impakt faktorlu elmi əsərlər toplusunda nəşr olunub.
Məqalədə gənc alim sosial psixologiyada şəxsiyyət probleminə toxunaraq, şəxsiyyət və onun psixologiyasının dərin köklərə malik olduğunu bildirib. Qeyd edib ki, müasir şəraitdə insan amili və şəxsiyyət məfhumu xüsusilə aktuallaşıb. Demək olar ki, humanitar elmlərin əksəriyyəti şəxsiyyət problemini diqqət mərkəzində saxlayır.
Günel Məlikli liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu vurğulayıb. Liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurmasından, müxtəlif dövrlərdə alimlərin liderlik problemini və onun sosial rolunun müəyyən edilməsini tədqiq etməsindən danışıb. XIX əsrin sonlarında sosial psixologiya elmində “milli şüur” (özünüdərk) və “liderlik” kimi anlayışların öz yerini formalaşdırdığını, problemlərin öyrənilməsinin tez bir zamanda əsasən Amerika və Avropa psixologiyasında sosial psixoloji tədqiqatın əsas məzmununa çevrildiyini bildirib. “Liderlik probleminin öyrənilməsinin vacib aspektinə müraciət etmək və psixoloji və fəlsəfi kateqoriyalar sistemində liderliyin yerini müəyyənləşdirmək son dərəcə vacib amildir”, - deyə Günel Məlikli məqalədə bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.