Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mina sahələrinin məsafədən idarəedilməsi” adlı dərs vəsaiti işıq üzü görüb
21.04.2025 11:00
  • A-
  • A
  • A+

“Mina sahələrinin məsafədən idarəedilməsi” adlı dərs vəsaiti işıq üzü görüb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun İnnovativ layihələr üzrə müavini Əməkdar mühəndis Fətəli Abdullayevin müəllifi olduğu “Mina sahələrinin məsafədən idarəedilməsi” adlı dərs vəsaiti işıq üzü görüb.

Dərs vəsaiti Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Elmi şurası tərəfindən çapa tövsiyə olunub.

Nəşrin elmi məsləhətçiləri Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanovdur.

Kitab Milli Müdafiə Universitetinin dosenti s.e.ü.f.d., V.M.Məmmədzadənin elmi redaktorluğu, İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi akademik Telman Əliyevin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramovun və Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutundan e.o. polkovnik M.B.Qədiməliyevin rəyi əsasında hazırlanıb.

332 səhifədən ibarət olan dərs vəsaiti mina sahələrinin məsafədən idarə edilməsinə həsr edilib. Kitabda piyada və tank əleyhinə mina sahələrinin və məsafədən partlayıcı qurğuların idarə edilməsi üzrə əsas anlayışlar təqdim olunub. Minaların təsnifatı, minaların idarə edilməsi prinsipləri, mina sahələrinin və məsafədən partlayıcı cihazların idarə edilməsi, minaların aşkaretmə üsulları, humanitar minatəmizlənmə problem, minaların aşkar edilməsinin və onlarla mübarizə edilməsinin müasir vasitələri, PUA-lardan istifadə etməklə məsafədən minaların quraşdırılması, piyada əleyhınə minaların qadağan edilməsi haqqında konvensiya, mina qurbanlarına yardımın göstərilməsi və s. məsələlərə aydınlıq gətirilir, eləcə də UMP-3 piyadalara qarşı mina sahələrinə idarəetmə dəsti və İldırım RP-10. Radiokanal vasitəsilə minaların məsafədən partladılması üçün qurğu barədə məlumat təqdim olunur.

Dərs vəsaiti əks-əlaqə idarəetmə sistemləri (robototexnika), kompüter texnologiyası, maşınqayırma və informatika sahələrində ixtisaslaşan kursant və tələbələr üçün nəzərdə tutulub. Həmçinin bu nəşr kiçik mina və minaların məsafədən idarəedilməsi sistemlərinin inkişafı sahəsində mühəndislər üçün maraqlı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: