Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

25.04.2025 11:56
  • A-
  • A
  • A+

Azərbaycanda demokratik inkişafın tarixi təntənəsi

Azərbaycanda demokratik inkişafın tarixi təntənəsi

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın tarixi inkişaf yolunda mühüm mərhələdir. Prezident İlham Əliyevin bu qərarı imzalaması ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və milli dəyərlərinin qorunması istiqamətində atılan mühüm addımların davamıdır.

Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının preambulasında “Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması” başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması ölkənin suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli”elan edilməsi barədə ­Prezident sərəncamı yalnız hüquqi və siyasi mahiyyət daşımır. Bu qərar həm də milli şüurun möhkəmlənməsinə, tarixi ədalətin bərpasına və gələcək nəsillərə mental dəyərlərin ötürülməsinə xidmət edən strateji yanaşmadır.

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq Azərbaycan xalqının əsrlər boyu əsas arzusu və ali məqsədi olmuşdur. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqil dövlətçilik əzmini və suverenlik istəyini sarsıda bilməyib. Bu baxımdan hələ 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Demokratik Respublikasının yaradılması xalqımızın çoxəsrlik ictimai-siyasi fikrindən irəli gələn milli oyanışa və dirçəlişə əsaslanmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti müstəqil və suveren dövlətə xas olan təsisatlar yaratmış, müstəqil daxili və xarici siyasət yeritmişdi. 1920-ci ildə bir çox xarici dövlət tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Bütün bunlara baxmayaraq, Sovet Rusiyası 1920-ci ilin aprelində beynəlxalq hüquq normalarını pozaraq suveren respublikamızın ərazisini işğal etmişdi. Nəticədə, Xalq Cümhuriyyəti hökuməti konstitusiyanın qəbuluna və tam suverenliyin təmin edilməsinə nail ola bilməmişdi.

Azərbaycan xalqı sonrakı dövrlərdə də müstəqillik və suverenlik arzusu ilə yaşamış, öz azadlığı uğrunda əsasən gizli olaraq, bir çox hallarda açıq formada mübarizə aparmışdır. Kənar müdaxilələrə, məhrumiyyətlərə baxamayaraq, xalqımız milli kimliyini və mübarizə ruhunu mühafizə edə bilmişdir. Məhz bu mübarizə əzmi XX əsrin 80-90-cı illərində “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununun və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı”nın qəbul edilməsi və dövlət müstəqilliyinin bərpasına gətirib çıxarmışdır.

1991-ci il dekabrın 25-də 69 il mövcud olmuş SSRİ tarix səhnəsindən silindi. 1991-ci il dekabrın 29-da respublikamızda ümumxalq səsverməsi keçirildi və əhalimizin tam əksəriyyəti ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə müstəqil dövlətimizi qurmağa başlamışdı. O zaman Ulu öndərin həyata keçirdiyi genişmiqyaslı işlər, yaradılmış iqtisadi potensial gələcəkdə Azərbaycanın dövlət müstəqilliyi ideyalarının formalaşmasında və yaradılmasında çox mühüm rol oynamışdı. Fenomenal zəkalı rəhbər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, vətənpərvərliyin gücləndirilməsi istiqamətində də vacib addımlar atılmışdı. O dövrdə müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, həmçinin milli şüurun inkişaf etdirilməsi, milli ruhun yüksəldilməsi sahəsində bir çox mühüm işlər həyata keçirilmişdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın hərbi təcavüzünə məruz qalan ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin 20 faizi 30 ilə yaxın işğal altında qalsa da, 1 milyon soydaşımız qaçqın-köçkün həyatı yaşasa da, xalqımız ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə barışmadı.

Müstəqilliyin Naxçıvan təməlləri

1991-ci ilin yayından doğulub-böyüdüyü Naxçıvanda yaşamağa məcbur olmuş dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevi milli dövlətçiliyimizin taleyi çox ciddi narahat edirdi. O, artıq öz siyasi seçimini etmiş və Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli mübarizəyə başlamışdı.

Dövlət müstəqilliyinin bərpasının təməllərini Ümummilli lider Naxçıvanda yaratdı. Müstəqilliyin qorunması istiqamətində ən mühüm işlər məhz Naxçıvanda Heydər ­Əliyevin təşəbbüsü ilə başlandı. Ulu öndər Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdi. Bakıda qaldırılmalı olan üçrəngli bayrağı bu qüdrətli siyasətçi cəsarət və uzaqgörənliklə Naxçıvanda qaldırdı. Onun iradəsi ilə muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı. 20 Yanvar hadisələrinə ilk dəfə siyasi qiymət verildi.

Milli inkişaf strategiyasının təməli bu diyarda qoyuldu. Müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasının başlıca prinsipi və istiqamətlərini də Naxçıvanda Heydər Əliyev işləyib hazırladı.

Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvanda gedən demokratik proseslərə göstərdiyi siyasi biganəliyə və təhdidə baxmayaraq, Heydər Əliyevin ətrafında sıx birləşən Naxçıvan əhalisinin iradəsinə söykənən muxtar respublika Ali Məclisi ölkənin müstəqilliyini möhkəmləndirmək yolunda məqsədyönlü fəaliyyətini davam etdirdi. Bunlar isə o dövr hakimiyyətinin istəyinin əksinə olaraq, Heydər Əliyevin bir lider kimi nüfuzunu daha da artırdı.

Ulu öndər Heydər Əliyev o vaxt haqlı olaraq deyirdi: “Mən bir azərbaycanlı kimi, xalqımızın azadlığını istəyən vətəndaş kimi hesab edirəm ki, əgər Azərbaycanın rəhbərliyi respublikada demokratik qüvvələrin müstəqillik uğrunda mübarizəyə başladığı bir vaxtda xalqın rəyinə hörmətlə yanaşsaydı və xalqla bir olsaydı, Azərbaycan öz müstəqilliyinə çoxdan nail olmuşdu”.

Ulu öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi 1990–1993-cü illərdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik etdiyi dövrdə (1991–1993) həyata keçirdiyi tədbirlər, qəbul edilən qərarlar dövlət müstəqilliyi üçün çox mühüm əhəmiyyət daşımışdı. Prezident İlham Əliyev bu barədə belə demişdir: “1990-cı illərdə Heydər ­Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

Azərbaycanın milli dövlətçiliyinin təşəkkülünün əsas ideya və istiqamətləri barədə ən taleyüklü fikirlərini Heydər Əliyev 1992-ci ildə yaratdığı Yeni Azərbaycan Partiyasının siyasi platformasında əks etdirdi.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı

Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya döndü. Bu dönüş tarixin sosial sifarişi idi. Bu dönüş xalqın istəyi ilə baş tutdu. O böyük şəxsiyyət gəlişi ilə Azərbaycanın qarşılaşdığı bir çox təhlükələri dəf etdi, insanların nigarançılığına son qoydu. Ölkənin həqiqi müstəqilliyinin tarixi bu dövrdən başladı.

Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Müdrik şəxsiyyət və təcrübəli lider olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti dəqiq qiymətləndirərək, bütün Azərbaycan cəmiyyətini müstəqil dövlətin mövcudluğu baxımından həyati əhəmiyyət daşıyan məsələlərin həll edilməsinə səfərbər etdi. Onun prezidentliyi dövründə ölkə kökündən dəyişildi, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanıldı. 1993-cü ilin ortalarından başlayaraq, Azərbaycan strateji seçimini müəyyənləşdirdi –müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etməyə başladı. Milli və dövlət müstəqilliyinin qorunması istiqamətində uğurlu tədbirlər həyata keçirildi.

Hər bir dövlətin mövcudluğu konstitusiya prinsiplərinin varlığı ilə şərtləndirilir. Əsas qanun hər bir dövlətin normal, funksional fəaliyyət göstərməsi üçün vacib olan sənəddir. Çünki burada dövlətin quruluşu, idarəçilik sistemi, vətəndaş-dövlət münasibətləri, vətəndaşların hüquqları, azadlıqları, cəmiyyətin siyasi sisteminin quruluşu, idarə olunması, daxili və xarici siyasətinin əsas prinsipləri və s. əks olunur. Elə ölkələr var ki, onlar müəyyən qanunlar toplusu ilə idarə olunur və konstitusiyaları yoxdur. Amma konstitusiyası olan ölkələr dünyada daha demokratik və üstün dövlətlər sayılırlar.

Azərbaycan ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün həmişə ciddi sınaqlardan keçib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdı. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz rəsmən müstəqil dövlət statusunu bərpa etsə də, suverenliyin əsas elementlərindən olan yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991– 1993-cü illərdə hakimiyyətin suveren məfkurəyə sahib olmaması, müstəqilliyin ilk illərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda, təhdidlərin mövcud olması, suverenliyin təmin edilməsini çətinləşdirdi.

Yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış qüdrətli və qətiyyətli dövlət xadimi Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı. Cəmiyyətdə sabitlik bərpa olundu, dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Hüquqi dövlət quruculuğuna başlayan Prezident Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi ilk tədbirlərdən biri yeni Konstitusiyanın hazırlanması oldu.

Heydər Əliyev Konstitusiyası

Azərbaycan Respublikası Milli Məclisin 1995-ci il 2 iyun qərarına əsasən, yeni Konstitusiyanı hazırlamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası təşkil edildi. Komissiya Azərbaycan xalqının milli xüsusiyyətlərini nəzərə almaqla, qabaqcıl demokratik ölkələrin təcrübəsi əsasında “Azərbaycan Respublikasının Konstitusiyası” layihəsini hazırladı və 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc edildi. Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil Azərbaycan dövlətinin ilk Əsas qanunu 1995-ci il noyabr ayının 12-də referendumla qəbul olundu. Referendumda 4 milyona yaxın seçici korpusunun 86 faizi iştirak etdi. Onların 94,8 faizi Konstitusiya layihəsini bəyəndiyini bildirdi.

Azərbaycan Respublikasının yeni Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil və 158 maddə və keçid müddəalarından ibarət idi.

Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün bazis rolunu oynadı.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir və bu, Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Müstəqil dövlətin Əsas qanunu ən yeni tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil oldu.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası, ümumilikdə, ölkəmizin tarixində dördüncü Əsas qanundur. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, ölkəmizin siyasi, sosial, mədəni, iqtisadi sahələrində əsaslı dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Əsas qanunu insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi.

Müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi, demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da dövlətimizin hüquqi əsasları formalaşdırıldı, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsası qoyuldu.

Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, Prezident Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci dövründən bəhs edən ­Prezident İlham Əliyev demişdir ki, 1993–2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə müstəqil dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir.

Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilən məqsədlərdən biri dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Əsas qanuna görə, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Ermənistan dövləti yarandığı gündən Azərbaycan ərazilərinə qarşı torpaq iddiaları ilə çıxış etmiş və ərazisini 10 min kvadrat kilometrdən 29,8 min kvadrat kilometrə qədər artırmışdir. Bu ölkənin millətçi rəhbərliyi özlərinə dövlət qurduqları Qərbi Azərbaycan ərazisindən soydaşlarımızı deportasiya etmiş və soyqırıma məruz qoymuşdur.

Xəyanətkar qonşu 1989–1992-ci illərdə isə Azərbaycana qarşı hərbi təcavüz etmiş, torpaqlarımızın 20 faizini işğal etmişdir. Yaşayış məskənləri viran edilmiş, xalqımızın suveren və konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Beynəlxalq aləm Qarabağı Azərbaycan ərazisi kimi qəbul etsə də, ­ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirməmiş, BMT qətnamələrinin yerinə yetirilməsinə cəhd göstərməmiş, ikili siyasət aparmışdır. Həmsədr dövlətlər problemi uzatmaqla güman etmişlər ki, Azərbaycan xalqı, nəhayət, yorulub torpaqlarının geri qaytarılmasından əl çəkəcəkdir. Lakin xalqımızın və dövlətimizin yekdil fikri ondan ibarət idi ki, işğala son qoyulmalı, torpaqlarımız azad olunmalıdır.

İlham Əliyevin siyasəti işğala son qoydu

Ümummilli lider Heydər Əliyev və onun siyasi davamçısı İlham Əliyevin qəti mövqeləri və apardıqları danışıqlar Ermənistanın işğalçılıq siyasətinə son qoymağa yönəlmiş, ölkəmizin iqtisadi potensialını artırmış, hərbi gücümüzü qüvvətləndirmişdir. Prezident ­İlham Əliyev ilk çıxışlarının birində bəyan etmişdi: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

2003-cü ildə Prezident seçilmiş İlham Əliyevin çoxşaxəli və uğurlu fəaliyyətinin əsasında duran əsas məqsəd işğalda olan torpaqlarımızın geri qaytarılması idi. Bunun üçün Azərbaycan prezidenti tərəfindən dövlətin fəaliyyətinin bütün sahələri qələbə naminə səfərbər edilmişdir. Güclü iqtisadiyyatın yaradılması, qüdrətli ordunun qurulması, milli maraqlar əsasında aparılan xarici siyasət, dövlətin və cəmiyyətin müxtəlif sahələrində həyata keçirilən islahatların başlıca hədəfi məhz düşmən üzərində zəfərə, tarixi ədalətin və suverenliyin bərpası amallarına xidmət edirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsinin böyük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Ali Baş komandanın rəhbərliyi, Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın işğalçı ordusu məhv edildi. Düşmənin canlı qüvvəsinə və texniki təchizatına ağır zərbə vuruldu, işğalçıya və onun himayədarlarına layiq olduqları yer göstərildi. Üçtərəfli Bəyanat imzalandı, həmin bəyanatla Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürmüş oldu.

Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə götürdüyü öhdəliklərdən bir qismini yerinə yetirmədi. Keçmiş Dağlıq Qarabağ ərazisində qalmış erməni hərbi qüvvələrinin tərksilah və ləğv edilməsini həyata keçirmədi. Bununla bərabər onlar həm də Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, ərazilərə silah-sursat göndərirdi.

Bu cinayətin qarşısını almaq üçün 2023-cü il aprel ayının 23-də Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postu qoyuldu. Bununla Azərbaycanın bütün sərhəd xətti nəzarətə alındı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Qarabağ zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də cəmi bir gün ərzində ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Suverenlik dövlət müstəqilliyinin zirvəsidir

Suverenlik dövlətin “daxili işlərində və xarici münasibətlərində, xarici müdaxiləyə yol verməyən tam siyasi istiqlaliyyəti və müstəqilliyini” həyata keçirmək hüququnu nəzərdə tutur. Başqa sözlə, suverenlik ölkənin daxili həyatının bütün məsələlərinin həllində və digər dövlətlər ilə münasibətlərdə hakimiyyətin sərbəstliyi, dövlətin istiqlaliyyəti və müstəqil qərarlar qəbul etməsidir. Konstitusiya isə məhz dövlətin suverenliyini qorumaq, onu inkişaf etdirmək üçün zəruri hüquqi çərçivəni təmin edir. Konstitusiyada göstərilən prinsiplər dövlət hakimiyyətinin hər üç qolunun – qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətini tənzimləyir və onların müstəqilliyini təmin edir.

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə suveren hüquqlardan istifadə aktuallaşıb. Bunun üçün hüquqi baza məhz Konstitusiyadır. Konstitusiya həmin ərazilərdə qanunların tətbiqində, hüquqi sistemin yaradılmasında, dövlət qurumlarının fəaliyyətinin bərpa olunmasında əsas rol oynayır. Suveren hüquqların təmin olunması ilə bağlı proseslər məhz Konstitusiyanın aliliyinə əsaslanır və işğaldan azad edilmiş ərazilərdə hüquqa əsaslanan inkişafı təmin edir.

Konstitusiya və Suverenlik İli

Azərbaycan Respublikası Prezidenti ­İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Ölkə Prezidentinin 2024-cü il 28 dekabr Sərəncamı ilə 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

Vətən müharibəsi Zəfərlə başa çatdıqdan, Qarabağ Ermənistan işğalından azad edildikdən və respublikanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra ölkəmiz qarşısında geniş miqyaslı vəzifə – dağıdılmış infrastrukturun bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Qarabağın və Şərqi Zəngəzurun firavan və xoş güzəranının bərqərar olduğu mərkəzə çevrilməsi kimi mühüm vəzifələr dururdu.

Zəfərdən az müddət sonra Böyük Qayıdış başlamış, şəhər və kəndlər yenidən tikilməyə, infrastruktur layihələr reallaşmağa, istehsal müəssisələri yaradılmağa, məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşmağa başladı. 30 mindən çox insan artıq azad Qarabağ və Şərqi Zəngəzurun sakininə çevrilib. 2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması nəzərdə tutulub.

“Konstitusiya və Suverenlik İli”ndə Böyük Qayıdışla yanaşı, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında böyük uğurların davam etdirilməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanı yeni zirvələrə çatdıracaq. Azərbaycanın tarixi inkişaf yolunda “Konstitusiya və Suverenlik İli”ndə əldə ediləcək uğurlar tərəqqinin yeni mərhələsinə yüksələcək.

“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi barədə Prezident sərəncamında qeyd olunduğu kimi, “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

İsmayıl HACIYEV, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik

“Xalq qəzeti”

  • Paylaş: