Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alimlər Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə ediblər
28.04.2025 16:14
  • A-
  • A
  • A+

Şərqşünas alimlər Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə ediblər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçiləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayeva və filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova Türkiyənin Beyşehir şəhərində keçirilən Əl-Fərabi 14-cü Beynəlxalq Elmi Araşdırmalar və İnnovasiyalar konfransında onlayn iştirak ediblər.

Rəna Rzayeva konfransda “Azərbaycanda sufilik” mövzusunda məruzə edib. Məruzəçi Azərbaycanda İslamın yayılması və bu prosesdə sufiliyin müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, orta əsrlər Azərbaycan fəlsəfə tarixinin hələ də lazımınca öyrənilməmiş problemlərindən biri ictimai fikir tarixində İslamın rolu məsələsidir. R.Rzayeva qeyd edib ki, Azərbaycan hələ İslamın ilk dövrlərində (641–643) müsəlmanlar tərəfindən fəth edilmiş və  islamiyyət bu ərazidə yaşayanlar tərəfindən zaman keçdikcə din olaraq qəbul edilmişdir. Bu coğrafi ərazidə yaşayan xalqın müsəlman olmasına ən böyük təsir göstərənlər, şübhəsiz ki, sufilər olmuşlar. Onların xoş məramlı İslam anlayışları insanların könlünə təsir etmiş və islamın qəbulunu sürətləndirmişdi. Sufilik Azərbaycan ədəbiyyatında əsaslı surətdə iz buraxan fikir cərəyanlarından biri olmuşdur. Məruzədə bildirilib ki, Sovet dönəmində bütün dini təlimlər kölgədə qaldığı kimi, təsəvvüf də diqqətdən kənarda qalmışdır. Ancaq artıq müstəqillik dövründə təsəvvüfə xüsusi diqqət yetirilir və bu təlim dərindən öyrənilib araşdırılmağa başlanıb. Şübhəsiz ki, bu hələ görüləsi işlərin ancaq başlanğıcı adlandırıla bilər.

Aybəniz Həsənova “Gilan ostanının toponimləri” mövzusunda məruzə edib. A.Həsənova bildirib ki, İranın 31 ostanından biri olan Gilanın mərkəzi Rəşt, ən mühüm limanı Bəndər Ənzəlidir. Əhalisi mazandaranlılar, azərbaycanlılar, farslar, talışlar və tatlardan ibarət olan Gilan vilayəti 16 şəhər, 16 bəxş və 33 mahala bölünür. Məruzəçi qeyd edib ki, Azərbaycan türkləri Astara bölgəsi, Məncil, Lövşan, Həviq, Çubər, Lisar və Həştpər şəhərlərində üstünlük təşkil etməklə, geniş olaraq, ostanın başqa bölgələrində də yaşamaqdadırlar. Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə, həm də şəhərlərdə məskunlaşıblar. Nəticədə Gilanda türklərin çoxluq təşkil etdiyi məlum olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: