AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsi və Ombudsmanın Cənub Regional Mərkəzi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsinin önünə qərənfillər düzüblər.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Elmi seminarı giriş sözü ilə açan Lənkəran REM-in direktoru Mehman Əliyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə iştirakçıları tanış edib. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alan dövlət başçısının Sərəncamı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.
Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Müstəqillik və suverenlik hər bir xalqın müqəddəs arzusudur”, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı İltifat Əhmədov “Müzəffər xalq, müstəqil, suveren və qalib dövlət” və DQİDK Lənkəran Regional Bölməsinin əməkdaşı Emin Həmidlinin “Xalqın ən ali hüququ suverenlik hüququdur” mövzularında məruzələri dinlənilib.
Natiqlər qeyd ediblər ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulmuşdu. Lakin buna baxmayaraq, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranmışdır. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etmişdir. Belə ki, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Ölkənin əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə “Konstitusiya Günü” kimi qeyq edilir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Ermənistanın təxribatlarına cavab olaraq 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsindəki tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir. Bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir. Müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər yenidən qurulur. Doğma torpaqlarımıza həyat qayıdır. Yerinə yetirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı Konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanımızı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız bundan sonra da tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.
Elmi seminarı yekunlaşdıran Lənkəran REM-in direktoru Mehman Əliyev qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.