Tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın həmmüllifliyi ilə “Şahbuz rayonunun tarixi” adlı yeni kitab nəşr olunub.
Əsərin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri isə AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Vəli Baxşəliyevdir.
Kitabda Naxçıvan Muxtar Respublikasının mühüm inzibati ərazi vahidlərindən biri olan Şahbuz rayonunun tarixi qədim dövrlərdən müasir dövrə qədər elmi əsaslarla araşdırılıb. Burada rayonun yaranması və inkişaf tarixi, adının etimologiyası, coğrafi mövqeyi, əhalisi, sosial-iqtisadi inkişafı, sənaye və kənd təsərrüfatı, tikinti-quruculuq işləri, səhiyyə, təhsil, mədəniyyət, ədəbi mühit və turizm sahələrindəki nailiyyətlərə dair geniş məlumatlar yer alıb. Əsər aparılan elmi araşdırmalar, mövcud elmi ədəbiyyatlar, rayonun Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunan maddi-mədəniyyət nümunələri, dövri mətbuat və arxiv materialları əsasında ərsəyə gəlib.
Şahbuz rayonunun çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının sistemli araşdırıldığı kitab “Giriş”, üç fəsil, “Nəticə” və ədəbiyyat siyahısından ibarətdir.
İlk fəsil “Şahbuz rayonunun coğrafi mövqeyi, yaranması, inkişaf tarixi və abidələri” başlığı daşıyır. Bu fəsildə “Şahbuz” sözünün və rayonun kəndlərinin etimologiyası, ərazinin qədim və müasir tarixi, təbiəti və əhalisi haqqında ətraflı məlumat verilir. Həmçinin bölgədəki tarix və mədəniyyət abidələri də sistemli şəkildə oxuculara təqdim olunur.
İkinci fəsildə Şahbuz rayonunun sosial-iqtisadi inkişafı təhlil olunur. Kənd təsərrüfatı və sənayenin inkişafı, tikinti-quruculuq işləri, nəqliyyat və rabitə infrastrukturu, energetika, əhalinin sosial rifahı və səhiyyə sahəsində həyata keçirilmiş tədbirlər bu bölmənin əsas mövzularını təşkil edir.
Üçüncü fəsil rayonun mədəni inkişafını əhatə edir. Təhsil sisteminin inkişafı, mədəni-maarif müəssisələrinin fəaliyyəti, rayonun ədəbi mühiti və turizmin inkişafı bu fəsildə geniş şəkildə işıqlandırılır.
Kitabın yazılmasında 100-dən artıq elmi mənbədən istifadə olunub. Rayonun müasir inkişafını və tarix-memarlıq abidələrini əks etdirən fotoşəkillər kitabın sonuna əlavə edilib.
Tədqiqat əsəri regionun tarixi, sosial-mədəni irsinin öyrənilməsi və təbliği üçün maraqlı elmi mənbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.