Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2016 18:53
  • A-
  • A
  • A+

Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib

Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib

Fevralın 19-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademiyanın əsas məqsəd və vəzifəsi elmimizin inkişafı, kadr hazırlığının təminatı, Azərbaycan elminin dünya elminə inteqrasiyası olmalıdır. Bu gün AMEA-da elmi gəncliyin stimullaşdırılması ilə bağlı müxtəlif innovativ layihələr həyata keçirilir və bunlar məntiqi nəticəsini verməkdədir. Bu isə Azərbaycan elminin sabahına olan inamı artırır.

Bildirilib ki, ölkəmizdə gənclərin yaradıcı və elmi inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Qlobal dünyanın çağırışları Azərbaycanın elminin və gənc alimlərin qarşısında yeni tələblər qoyur. Hazırda AMEA-da gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinə xüsusi önəm verilir.

Akademik A.Əlizadə Gənc Alim və Mütəxəssislər Şurasının ötən müddətdə elmi-ictimai fəaliyyəti ilə AMEA-nın həyatında mühüm rol oynadığını, bu qurum tərəfindən bir sıra işlərin yerinə yetirildiyini söyləyib.

AMEA-nın rəhbəri gənc alimlərimizin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayının çoxalmasını multidissiplinar sahədə aparılan tədqiqatların nəticəsi kimi dəyərləndərib, bu sahədə elmi tədqiqat işlərinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov qurumun ötən ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, hazırda dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi elmi-ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir, müxtəlif tədbirlərin təşkilində mühüm rol oynayır. Azərbaycan gəncliyinin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün geniş imkanlar yaradılıb.

F.Salmanov qeyd edib ki, ilk dəfə AMEA-nın müvafiq institutlarında magistraturaya qəbul müsabiqəsinə hazırlıqlı gənclərin cəlb olunmasını təmin etmək üçün ali məktəblərdə yer və kimya elmləri üzrə seminarlar keçirilib. Bu da AMEA-da yeni yaradılan magistratura ixtisaslarına marağın artmasında böyük rol oynayıb.

Vurğulanıb ki, elmin təbliği məqsədilə “Elm guşə”ləri yaradılıb, AMEA-nın institut və təşkilatlarında “açıq qapı” günləri keçirilib, olimpiada və bilik yarışları təşkil edilib. 

F.Salmanov 2015-ci ildə şura tərəfindən 2 beynəlxalq, 2 ümumrespublika konfransının, o cümlədən yubiley və anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

Şura sədri hesabat ilində AMEA-nın elmi müəssisələrində çalışan və elmi tədqiqatları ilə fərqlənən gənclərin bir sıra mükafatlara layiq görüldüyünü vurğulayıb. Qeyd edib ki, 2015-cü il üzrə bir nəfər "Gənclər üçün Prezident Mükafatı"na, 2 nəfər Gənclər və İdman Nazirliyinin elan etdiyi "İlin gənci" mükafatına, 10-a yaxın gənc isə AMEA Rəyasət Heyəti və müvafiq elmi bölmələrin Fəxri Fərmanlarına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurum ilə AMEA arasındakı əməkdaşlığın inkişaf etdiyini, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, akademiyanın alimləri Bilik Fondu tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təşkil olunan tədbirlərdə daim iştirak edir, mühazirələr oxuyurlar.

Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri - kimya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Fəxriyyə Məmmədova, Famin Mustafa, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.           

Tədbirin sonunda hesabat yığıncağının qərar layihəsi oxunub və təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: