Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan elminin hamisi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Akademik Arif Həşimov çıxışında qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin yorulmaz fəaliyyəti, tükənməz səyi nəticəsində dövlətçiliyin əsasları qoyuldu, Ali Qanun, Konstitusiya qəbul edildi, milli ideologiyamız, azərbaycançılıq məfkurəsi, təfəkkürü formalaşdı. Biri-birini tamamlayan siyasi, iqtisadi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi.
Akademik Arif Həşimov görkəmli siyasətçi, ictimai-siyasi xadim kimi Ümummilli Lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra akademik Arif Həşimov çıxışında Ümummilli Lider Heydər Əliyev dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir elm xadimi və Azərbaycan elminin inkişafındakı xidmətlərinin misilsiz olduğunu qeyd edib. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. Ulu Öndər bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov, Yeni Azərbaycan Partiyasının üzvü, elmi işçi Bayram Xudayarov, fizika üzrə fəlsəfə doktoru Pakizə İsmayılova çıxış ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatına həsr olunan videoçarx nümayiş etdirilib.
Qeyd edək kiŞ, Fizika İnstitutunda, eyni zamanda Elmi şuranın növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırılıb.
Gündəlikdə duran bütün məsələlər ətraflı müzakirə olunub və müvafiq qərarlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.