AMEA-nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Şəbnəm Həsənli- Qəribovanın “XIII-XVI əsrlər türk dillərində elmi üslub” adlı yeni monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada XIII-XVI əsrlərdə türk dillərində elmi üslubun formalaşma tarixi, inkişafı, zəngin dil xüsusiyyətləri, söz yaradıcılığı prosesinin spesifik cəhətləri müqayisəli şəkildə dövrün elmi əsərləri əsasında kompleks şəkildə tədqiq olunub.
Ədəbi dilin təşəkkülü prosesində meydana çıxan müxtəlif üslubi istiqamətlər dilin funksional imkanlarının inkişaf meyarını müəyyən edir. Dilin əsas tarixi kateqoriyası olan üslublar onun inkişafı və normalaşması ilə sıx əlaqədədir. Türk dillərinin tarixi inkişafının hərtərəfli tədqiqi bütün üslubi imkanların öyrənilməsi ilə həyata keçirilə bilər.
Elmi üslubun müxtəlif mikroüslublar çərçivəsində tarixi inkişafını əks etdirən əsərdə sübut edilir ki, artıq XIII-XIV əsrlərdən türk dillərində elmi üslub funksionallıq qazanmışdır. Monoqrafiyada türk dillərinin funksional imkanlarına yeni bir baxış təqdim edilmiş, elmi üsluba aid orta əsr qaynaqları monoqrafik şəkildə tədqiq olunmuşdur. Əsərdə ilk dəfə olaraq tibbə və əczaçılığa, dilçiliyə və tarixə, eləcə də digər elm sahələrinə aid əsərlər sırf elmi üslub nümunələri kimi geniş və sistemli şəkildə araşdırılır və türkologiya üçün bir sıra mühüm və əhəmiyyətli nəticələr ortaya qoyulur.
Tədqiqatdan türkoloqlar, doktorantlar, tələbə və müəllimlər faydalana bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.