AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları - Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, dosent Fərda Əsədov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Səmədova, Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı və Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Jalə Vəli mayın 13-də Ukraynanın Kiyev şəhərində Draqomonov adına Ukrayna Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Fərda Əsədov konfransda ingilis dilində “Ərəb işğalı öncəsi və zamanında Qafqaz Albaniyasında köçərilər və əkinçilər” mövzusunda məruzə edib. Məruzə islamı qəbul etmiş türklərin, hunların və xəzərlərin, bu zamanlarda Albaniya ərazisində məskünlaşması və uzaq məsafəli beynəlxalq ticarətdə tərəfdaşlığı barədə olub.
Səbinə Səmədova konfransda “Abbasilər dövründə musiqi” adlı məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Ərəb ədəbiyyatının müxtəlif dövrləri (cahiliyyə, Sədr əl-İslam, Əməvilər, “Əsrül-İnhitat”, “Əsr ən-Nəhda”) arasında Abbasilər dövrü (750-1258) həm tarixi əhəmiyyətinə, həm də Xəlifəliyin ümumi inkişafı baxımından ən uzunmüddətli dövr olub. Təsadüfi deyil ki, tədqiqatçılar onu “əl-Əsr əz-Zəhəbi” (“Qızıl əsr”) adlandırıblar. Abbasilər hakimiyyəti dövründə musiqi sənəti ümumi mədəni çiçəklənmədən kənarda qalmayıb, əksinə, o dövrün ən əlverişli şəraiti daxilində inkişaf edib. Bu dövrdə İbrahim, İshaq, Qarun, İbn Kəna, İbn Cami kimi məşhur vokalçıların meydana çıxması ilə musiqi ifaçılığı sənəti diqqətəlayiq zirvələrə çatıb. Bu sənət sahəsində kişilərlə yanaşı qadınlar da fəal rol oynayıblar. Ən görkəmli qadın ifaçılar arasında Xəlifə əl-Məmunun cariyələri, o cümlədən Oraib, Bida və Şaciyə və başqaları var idi. Onlar ud, tənbur, kamanca, zəbur kimi musiqi alətlərində mahir idilər. Ərəblər onların melodiyalarını dinləyir, onlara şeir qatırdılar. Təsadüfi deyil ki, “Qızıl əsr” adlanan dövrdə dövrünün qabaqcıl musiqiçilərindən sayılan İbrahim əl-Mövsili xanəndə yetişdirmək üçün şəxsi məktəb yaradıb.
Gülər Qafqazlı İsmayıl bəy Qaspralının türk-müsəlman qadınlarının maariflənməsi, cəmiyyətdə daha fəal iştirak etməsi və s. kimi fikirlərini həyata keçirməsi üçün Qərb və Şərq ölkələrinə səyahəti, Polşada türklərin vəziyyəti və şəraitini öyrənməsi, onlara türk qadınları ilə evlənməyi məsləhət görməsi və bunun səbəblərinin izahı, Hindistanda iki yeni qız məktəbinin açılmasına təşəbbüsü, müəllim gətirtməsi və məktəbin açılışına nail olması, Misirə gedib qadınların vəziyyəti ilə maraqlanması, orada qadınların təhsil alması üçün cümə namazında xütbə oxuması və s. barədə məruzə etdim.
Jalə Vəli "Əli ibn Abu Talibin şəxsiyyətinin dini və teoloji kontekstində tərif və tənqidi" adlı məruzə ilə çıxış edib. Məruzə bir neçə hissədən ibarət olub. Belə ki, məruzəçi öncə Əli ibn Abu Talibin erkən islam dövründə olan məziyyətlərindən, onun haqqında mövcu hədislərdən, şücaətindən bəhs edən hədislərdən danışıb, ikinci hissədə Əli ibn Abu Talib haqqında mövcud tənqidi baxışlara toxunub, onları şərh edib, nəhayət üçüncü hissədə Əli ibn Abu Talibin mövqeyini teoloji prizmadan yanaşaraq şərh edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.